kiv-df

Başından qızıl tökülən ölkə…

Hər qarışında sərvət yatır

Azərbaycan ərazisi faydalı qazıntı yataqları ilə zəngindir. Ölkəmiz qara, əlvan, nadir və nəcib (qızıl) metallar, həmçinin qeyri-filiz faydalı qazıntıları ilə də zəngindir. Hazırda ölkə ərazisində 3 dəmir filizi yatağının ehtiyatları təsdiq edilib. Bunlar Daşkəsən rayonunda yerləşən “Daşkəsən”, “Cənubi Daşkəsən” və “Dəmir” yataqlarıdır. Xromit filizi təzahürləri isə Kəlbəcər (Göydərə qrupu) və Laçın rayonu (Ipək qrupu) ərazisində yerləşir. Göydərə xromit təzahürləri 350 m-dən çox məsafədə yayılıb.

Böyük və Kiçik Qafqazın Azərbaycan ərazilərinə düşən hissəsində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılıb. Mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmlənib. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan “Filizçay” kolçedan-polimetal yatağının (Balakən rayonu) dəqiq kəşfiyyatı başa çatdırılıb və sənaye ehtiyatları təsdiq edilib. Yataq 95 milyon ton filiz ehtiyatına malikdir. Hesablamalara görə, “Filizçay” yatağının ehtiyatları dağ-mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər.

Azərbaycanda həmçinin zəngin qızıl ehtiyatları var. Bəlli olduğu kimi, 2009-cu ilin iyulunda Azərbaycan qızılın sənaye hasilatına başlayıb. 2010-cu ildə qızıl hasilatının həcmi 1,9 ton təşkil edib və bu həcm emala göndərilib. Bundan əlavə, 2010-cu ilin noyabrında gümüş hasilatına başlanılıb. Noyabr-dekabr aylarında gümüş hasilatı 1,5 ton təşkil edib.ÿStatistik məlumatlara görə, 2009-cu ildə 333 kq qızıl hasil edilib.Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə məşğul olan “Azerbaijan International Mining Company” (AMIC) 2009-cu ilin mayında Gədəbəydə qızıl emalı zavodunu istismara verib.ÿAMIC-i “Gədəbəy” yatağı da daxil olmaqla, Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatoru olan “Anglo-Asian Mining PLC” şirkəti yaradıb.

Yeraltı sərvətlərin istismarında yeni mərhələ

Qeyd edək ki, ölkəmizdəki qızıl yataqlarının işlənməsi ilə bir neçə ildir ki, “R.V.Investment Group Services, LL USA” şirkəti məşğuldur. 1997-ci ildə bu şirkətlə “Azərqızıl” Dövlət Şirkəti arasında “Gədəbəy, Qoşa, Ordubad qrupu (”Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli” qızıl-filiz yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqında” saziş imzalanıb. Bu saziş 430 ton qızıl, 2,5 min ton gümüş və 1,5 milyon ton mis ehtiyatının hasilatını nəzərdə tutur. 2009-cu ildə “Gədəbəy” yatağının istismarı nəticəsində əmtəəlik qızıl əldə edilib və bu qızıl “Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilir. Onu da bildirək ki, “R.V.Investment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir.

Bir unsiya qızıl 31 qramdır. Layihəyə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti (ABMƏŞ) rəhbərlik edir. Hazırda dövlət balansında kəşfiyyatı aparılan və sənaye ehtiyatları təsdiq edilən üç qızıl yatağı – “Qızılbulaq”, “Vejnəli” və “Zod” (Söyüdlü) yataqları qeydə alınıb. Bundan başqa, “Filizçay”, “Katex” və “Kasdağ” polimetal, həmçinin “Qaradağ” mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi qızıl ehtiyatları mövcuddur. Bunlardan əlavə, “Qoşa”, “Ağyurd”, “Piyazbaşı”, “Dağkəsəmən”, “Gədəbəy” və “Ağduzdağ” yataqlarında da qızıl ehtiyatları var. Hazırda böyük ehtiyatları olan qızıl yataqlarından – “Zod”, “Qızılbulaq” və “Vejnəli” ermənilərin işğal etdikləri ərazilərdə yerləşir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan etməyə başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar başlayıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb.

Hazırda ən perspektivli Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatı olduğu güman edilir. Əgər gümüş və misi nəzərə almasaq, Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Bir unsiya gümüş 17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan əlavə olaraq 360 milyon dollar gəlirin əldə ediləcəyi proqnozlaşdırılır.

Qızılımız xarici ölkələrdə

Ötən il Azərbaycanın “Gədəbəy” qızıl yatağından 67267 unsiya qızıl istehsal edilib. Bu, proqnozda nəzərdə tutulandan 7267 unsiya çox olub. “Anglo Asian Mining” şirkətinin məlumatına görə, istehsal edilmiş qızılın 57398 unsiyası 1241 ABŞ dolları qiymətinə dünya bazarında satılıb. 2010-cu ildə Azərbaycanda qızıl hasilatı 1,9 ton təşkil edib. Şirkətdən bildirilib ki, “Gədəbəy”də 821 176 ton quru filiz emal olunub və hər 1 ton filizdən 4,33 qram qızıl əldə edilib. Bundan başqa, yataqdan 182,5 ton mis, 1460 kq gümüş əldə olunub. Yataqdan hasil edilmiş mis 2011-ci ildə satışa çıxarılacaq.

“Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, 2010-cu il rəhbərlik etdiyi şirkət üçün transformasiya ili olub. Eyni zamanda, qızılın qiymətinin dünya bazarlarında bahalaşması da şirkətin fəaliyyətini stimullaşdırıb. Vəziri 2011-ci ildə Ordubad və “Qoşa” müqavilə sahələri üzrə də müsbət nəticələr əldə edəcəklərinə ümidvar olduqlarını söyləyib.

Hazırda ölkəmizdə onlarla qızıl yatağı işlənməkdədir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti də Gədəbəyin qızıl yataqlarında istehsalı getdikcə artırır. Qızıl zavodunda emal olunan xammal sonradan Isveçə göndərilir və orada təkrar emalla külçə formasına salınaraq Avropa bazarlarına satışa çıxarılır. Hazırda dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Mis dağı adlanan ərazidə istismar işləri aparan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Azərbaycan hökuməti ilə Tovuz və Ordubad ərazilərində qazıntı işlərini aparmağı da razılaşdırıb. Artıq həmin ərazilərdə ilkin kəşfiyyat işlərinə başlamağa hazırlaşan ABŞ-ın Beynəlxalq Mədən Əməliyyat Şirkəti müqaviləyə əsasən Gədəbəy ərazisində 30 il qızıl emalı ilə məşğul olacaq. Hazırda bir qızıl zavodu ilə fəaliyyət göstərən şirkətin ərazisində yeni mis zavodunun da istifadəyə verilməsi gözlənilir. Daşkəsən rayonu ərazisində (Kiçik Qafqaz dağ silsiləsi) yerləşən “Çovdar” qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır.

“Çovdar” qızıl yatağını AIMROC şirkəti istismar edəcək. Qeyd edildiyi kimi, AIMROC həmçinin “Qarabağ”, “Göydağ”, “Dağ Kəsəmən” yataqları, habelə “Köhnə mədən” sahəsi və “Kürəkçay” hövzəsinin istismarına dair Azərbaycan hökuməti ilə 2006-cı ilin dekabrın 30-da 30 illik müqavilə imzalayıb. Göygöl rayonunda “Göygöl” adlanan daha bir perspektivli qızıl yatağının aşkara çıxarıldığı da məlum olub.

Məlumata görə, son 7-8 ildə geoloqlar 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağı aşkarlayaraq istehsalçılara təhvil verib. Hazırda geoloqlar tək Kiçik Qafqazda deyil, Böyük Qafqaz və Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır, kəşfiyyat işlərini davam etdirirlər.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir