AMİP İctimai Palataya qayıda bilər

Əli Orucov: «İctimai Palata ilə əməkdaşlıq reallıq və mövcud şərtlərə uyğundur»

“AMIP elə partiyalarla əməkdaşlığa üstünlük verməlidir ki, həmin təşkilatlar həm ictimai-siyasi proseslərə, həm də ictimai rəyə təsir edə bilsin”. Bu sözləri qəzetimizə açıqlamasında AMIP-in mətbuat və təbliğat katibi Əli Orucov deyib. Bəzi müxalifət partiyalarının iyulun 9-da keçirdiyi görüşü əməkdaşlıq istiqamətində göstərilən cəhd kimi dəyərləndirən Ə.Orucov vurğulayıb ki, AMIP hər zaman müxalifət düşərgəsində inteqrasiya yönündə atılan addımları təqdir edib.
Amma AMIP elə partiyalarla əməkdaşlığa üstünlük verməlidir ki, həmin təşkilatlar həm ictimai-siyasi proseslərə, həm də ictimai rəyə təsir edə bilsin. Eyni zamanda həmin siyasi qüvvələrin ölkədə demokratiya və hüquqi cəmiyyət uğrunda davamlı mübarizə aparmağa, milli və dövlətçilik maraqlarından çıxış etməyə gücü, potensialı, həvəsi, hətta, inadkarlığı olsun”.
Iyulun 9-da keçirilən tədbirdə qonaq qismində iştirak etdiklərini deyən Ə.Orucov vurğuladı ki, partiyanın müvafiq strukturları AMIP-in müxalifət düşərgəsindəki növbəti fəaliyyəti ilə bağlı bir sıra qərarlara yenidən baxa bilər: “Bu, mənim şəxsi fikrimdir. Düşünürəm ki, AMIP Ictimai Palatadakı fəaliyyətinin bərpasına yenidən baxsa, yaxşı olar. Partiyanın Siyasi Şurası bu barədə qərar çıxara bilər. Partiyamız Azərbaycanda demokratik cəmiyyətin qurulmasında mübarizə aparan qüvvələrlə əməkdaşlıqda maraqlı olub… Belə əməkdaşlıq zəruridir. Ona görə də Ictimai Palata ilə əməkdaşlıq reallıq və mövcud şərtlərə uyğundur”.
Bundan başqa, AMIP-in müxalifət düşərgəsində bir müddət əvvəl bir sıra ideoloji prinsiplər əsasında əməkdaşlıq modelinə də baxmasını real görən Ə.Orucov söylədi ki, bu istiqamətdə də əməkdaşlıq imkanları genişləndirilə bilər, bu da partiyanın seçə biləcəyi növbəti yoldur.
Qeyd edək ki, sonuncu əməkdaşlıq modeli bir müddət əvvəl gündəmə gəlmişdi və özündə KXCP, ADP kimi təşkilatlarla əməkdaşlığın dərinləşməsini ehtiva edirdi.

Xəyal