Seçki Komissiyaları niyə yenidən yaradılmır?

Hər parlament seçkisindən sonra Mərkəzi Seçki Komissiyasının və buna uyğun olaraq yerli seçki komissiyalarının formalaşdırılması andıra qalmış Seçki Məcəlləsinin tələbləri sırasındadır. Ancaq Azərbaycanda seçki hərləyən var ki, Məcəllə də saysınlar? Ümumiyyətlə, bu ölkədə qanunları pozmaq, Konstitusiyanı vecə almamaq adi haldır və buna artıq heç kim təəccüblənmir. Maraqlı orasındadır ki, seçki komissiyalarının tərkibinin yenidən təsdiqlənməsi ilə bağlı qanunun tələblərini yerinə yetirməməyin ilk baxışda heç bir anlamı yoxdur. 2010-cu il parlament seçkilərindən “uğurla” çıxan YAP yenə də bu komissiyalarda əsas söz sahibidir. Bəs, qanunu niyə pozur? Öz gop-istlərini niyə yenidən təsdiqləmir və niyə formal olaraq Dairə Seçki Komissiyaları yaratmır?Seçki Məcəlləsinin 29.1-ci maddəsində yazılır: “Seçkilərin keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki dairəsi yaradır”.

Oxudunuzmu? 5 ildən bir! Yəni, seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

Mərkəzi Seçki Komissiyasının tərkibi 2006-cı ilin fevralında Milli Məclisdə müzakirə edilib. 2006-cı il mayın 13-də parlamentə təkrar seçkilər keçirildiyi üçün, dairə seçki komissiyaları “seçkiyə ən azı 90 gün qalmışa qədər” formalaşmalı olduğundan, hardasa 2006-cı ilin fevral-mart aylarında təsdiqlənib (və ya təsdiqlənməli idi). Əli Həsənov da 2006-cı il fevralın 4-də verdiyi açıqlamasında bu faktı qabartmış və “Seçki Məcəlləsinin tələblərini müxalifət nümayəndə vermədiyinə görə” pozmayacaqlarını və təkrar seçkilərə qədər qanunamüvafiq surətdə DSK-ları formalaşdıracaqlarını bəyan etmişdi.Belə çıxır ki, Dairə Seçki Komissiyaları 2006-cı ilin ən geci may ayına qədər formalaşmışdı – yarımçıq da olsa. Ona görə “yarımçıq” ki, Müsavat partiyası seçki komissiyalarına namizəd verməkdən imtina etmişdi və hakimiyyət də Müsavatın acığına parlament azlığına aid partiyaları vecinə almadan seçki komissiyalarını yaratdı.

Ancaq 5 ildən sonra – bu ilin fevral ayında Mərkəzi Seçki Komissiyası yenidən yaradılsa da, DSK-lar təkrarən formalaşdırılmadı. Niyə? 5 il MSK-ya aiddir, DSK və MnSK-ya yox?

Bəlkə də düşünürsünüz ki, qanunla bu il seçki ili deyil və hakimiyyət dairə seçki komissiyalarını yaratmamaqla büdcəyə qənaət edir: axı, DSK sədrləri və katibləri, həmçinin ştatlı işçilər dövlət büdcəsindən məvacib alırlar!

Əslində isə belə deyil: çünki Dairə Seçki Komissiyalarının köhnə – 2006-cı ildə təsdiqlənən tərkibi “fəaliyyətdədir” və hazırda da – 2011-ci ilin iyul ayında – büdcədən məvacib alırlar. Bu DSK-lar niyə buraxılmayıb? Hansı əsasla iyul ayına qədər saxlanılıb? Onların səlahiyyət müddəti hansı qanunla artırılıb?Yoxdur belə qanun, təlimat, qərar, sərəncam! DSK-ların səlahiyyət müddətinin artırılmasına aid bir kağız qırığı da yoxdur. Bəs, bu DSK-lar nə deyib fəaliyyət göstərir? Bu boyda qanunsuzluq etməkdənsə, yeni tərkibi təsdiqləmək və qayda-qanunla işləmək daha yaxşı olmazdımı?

Olmazmış! Çünki hakimiyyətdaxili qruplar dairə seçki komissiyalarındakı sədrlik və katiblik yerləri uğrunda cihada çıxıblar və heç cür razılığa gələ bilmirlər: hər qrup DSK-nın öz marağına uyğun formalaşdırılmasını istəyir; hər qrupun öz namizədi var!Qoçlar dalaşır, arada Seçki Məcəlləsinin maddələri ayaqlar altında çığnanır!

Nəinki Seçki Məcəlləsi, Konstitusiya, həm də ölkə, vətən, xalq, millət bu qoçların təpiyi altındadır. Bakıdakı toz-tozanağı görmürsünüzmü? Savaşan qoçların dırnaqlarından çıxan zir-zibildir.

Ölkə bu zir-zibillə nəfəs alır, yaşayır, hələ utanmaz-utanmaz “Eurovision” qonaqlarını qarşılamağa da hazırlaşır…