Rüşvətxor polislər niyə həbs edilmir?

Müzəffər Baxışov: «DIN rəhbərliyi polislərin rüşvət və korrupsiya faktına görə məsuliyyətə cəlb olunmasında maraqlı deyil»

Daxili işlər naziri Ramil Usubov daha üç polisi işdən çıxarıb. Bunlar Baş Dövlət Yol Polisi Idarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarıdır.
Həmin şəxslər yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə cəzalandırılıblar. Bundan başqa, nazirin əmri ilə Baş Dövlət Yol Polisi Idarəsinin Yol Patrul Xidmətinin 1 əməkdaşına isə tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə “şiddətli töhmət” elan edilib.
Ramil Usubov bundan əvvəl də bir neçə polisi tutduğu daxili işlər orqanlarından qovub. Həmin şəxslərin də işdən çıxarılmaları korrupsiya, rüşvət və yol verdikləri başqa nöqsanlar göstərilib. Maraqlıdır ki, Ramil Usubov korrupsiya və rüşvət faktına “ilişən” polisləri yalnız işdən çıxarmaqla kifayətlənir. Halbuki bu əməllərə görə cinayət məsuliyyəti var. Bəs nədən məsələ yalnız işdən qovulmaqla bitir?
Ekspert Müzəffər Baxışov bildirir ki, ümumiyyətlə Azərbaycan hakimiyyətində hesab edirlər ki, vəzifəli şəxsə qarşı ən ağır cəza kimi onun işdən çıxarılmasıdır: “Çünki həmin şəxslər vəzifədə olduğu müddətdə müxtəlif qeyri-qanuni yollarla özlərinə komfort həyat şəraiti yaradır, kapitallarını artırır və s. Bu cür şəxslərin işdən çıxarılması onlar üçün dözülməz olur, ən ağır cəza effekti verir. Əslində isə kimliyindən asılı olmayaraq ortada korrupsiya və rüşvət faktı varsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Lakin təəssüf ki, Azərbaycanda belə deyil. Xüsusilə, DIN rəhbərliyi polislərin rüşvət və korrupsiya faktına görə məsuliyyətə cəlb olunmasında maraqlı deyil. Çünki bu, rəhbərlik üçün mənfi nəticələrə səbəb ola bilər. Ona görə də məsələni bu cür həll edirlər”.

Xəyal