Kreml Cənubi Qafqazda müəyyən güzəştlərə hazır olsa da, regionda nüfuzu əldən vermək istəmir
Ekspertlərin fikrincə, Ermənistanın Rusiyanın vasitəçiliyinə qarşı olması fikri daha çox Azərbaycan hakimiyyətinə sərf edir
Kazan görüşündən sonra Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivləşdiyi sezilməkdədir. Bunu həm Rusiya prezidentinin münaqişə tərəflərinə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı baxışlarını yazılı formada çatdırması, həm də xarici işlər naziri Sergey Lavrovun problemin nizamlanmasına dair Medvedevin işləyib hazırladığı yeni təklifləri Vaşinqtona aparması sübut edir. Bundan başqa, Lavrovun Irəvan və Bakıya qısa müddətli səfərindən sonra Məmmədyarov və Nalbandyanın Moskvaya gözlənilən səfəri Kremlin vasitəçiliyi hələ əldən vermək niyyətində olmadığını göstərir.
Bu ərəfədə isə yayılan başqa bir məlumata görə, Rusiyanın yeni vasitəçilik səyləri Ermənistanda şübhə ilə qarşılanır. Qafqaz Institutunun direktoru Aleksandr Iskəndəryan hesab edir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hadisələr məntiq çərçivəsində inkişaf edir (BBC). A.Iskəndəryanın fikrincə, Lavrovun Irəvana və Bakıya səfəri danışıqlar prosesinə əhəmiyyətli təsir edə bilməz. Bundan başqa, Qarabağ məsələsində bu ilin sonunadək razılıq əldə ediləcəyinə əsas yoxdur.
Müxalif Erməni Milli Konqresi isə, əksinə, Qarabağ tənzimlənməsi prosesinin hazırkı mərhələsində irəliləyiş əldə ediləcəyi ehtimalını istisna etmir.
Mövzu ilə bağlı söhbət etdiyimiz ekspertlərin fikrincə, baş verənlərdə əsas diqqət çəkən məqam Lavrovun son marşrut xətti və Vaşinqtona apardığı təkliflərdir. Konkret olaraq təkliflərin tezislərinin nədən ibarət olduğu açıqlanmasa da, şübhə doğurmur ki, bu təkliflər Cənubi Qafqazdakı duruma Rusiya-ABŞ münasibətləri kontekstindən bir baxış ola bilər. Fərziyələrə görə, Lavrov Rusiya prezidenti adından ABŞ-a iki təklif apara bilər. Birinci ehtimala görə, ABŞ-a Gürcüstanla bağlı müəyyən güzəştlər vəd oluna bilər. Yəni, Gürcüstan-Rusiya münasibətlərində Kremlin yumşalmasının müqabilində, Qarabağ probleminin həllində Rusiyanın şəksiz liderliyinin qorunub saxlanması istənilə bilər. Bu, Rusiyaya Cənubi Qafqazda nüfuzunu saxlamaq üçün gərəklidir.
Digər bir fərziyəyə görə isə, Lavrovun timsalında Kreml Vaşinqtondan həm Gürcüstan, həm də Qarabağ problemi ilə bağlı bərabər statusun qorunub saxlanılmasını istəyə bilər. Belə olan halda, Rusiya hər iki problemin həlli ilə bağlı təşəbbüsü birbaşa Qərbə ötürməsə də, müəyyən güzəştlərə gedə bilər. Yəni Rusiya prosesi nəzarətdə saxlamaq şərti ilə problemlərin çözülməsində ABŞ, ya da Qərbə vasitəçilik təklif edir. Və Cənubi Qafqazdakı gərginlik ABŞ-ın dəstəyi ilə aradan qaldırılır. Belə olan halda isə Cənubi Qafqazda Rusiyanın geosiyasi maraqları qorunub saxlanır.
Rusiyanın yeni vasitəçilik səylərinin Ermənistanda şübhə ilə qarşılanmasına gəlincə, ekspertlər bunu cəfəngiyat sayır. Çünki Rusiya ilə Ermənistan hərbi sahədə sıx əməkdaşlıq edir. Daha doğrusu, birinci ikinciyə cənub sərhədlərinin müdafiəçisi kimi baxır. Iki ölkə arasında əlli illiyə imzalanan hərbi müqavilə də bu münasibətlərdən xəbər verir.
Ekspertlərin fikrincə, Rusiya ilə Ermənistan arasında münasibətlərin korlandığına dair informasiyalar daha çox Azərbaycan hakimiyyətinə sərf edir. Çünki Kazan görüşündən sonra Rusiyanın Ermənistanı dəstəklədiyi barədə fikirlərin gücləndiyi halda, Azərbaycanın Kremllə əlaqələrinə yenidən baxmalı olduğu gündəmə gəlmişdi. Siyasi dairələrdə mübahisə mövzusu olan bu məqam Azərbaycanın maraqları naminə Rusiya ilə əməkdaşlığın dayandırılmasını labüd edirdi. Amma Azərbaycan hakimiyyətinin öz siyasi qarantı kimi Kremli görməsi belə bir addımın atılmasını mümkünsüz edir. Bu üzdən Rusiya ilə Ermənistanın münasibətlərinin korlandığına dair mülahizələr Azərbaycan hakimiyyətinə sərf edir. Çünki belə olan halda, Azərbaycan hakimiyyətinin Rusiya ilə əlaqələri saxlamasına bəhanəsi olacaq.
Xəyal


