ABŞ Əsədin qələmini qırdı
“Suriya hökumətinin hesab verməli olduğu məsələlərin siyahısı hazırdır”
ABŞ Suriyada baş verən hadisələrlə bağlı çoxdandır gözlənilən rəsmi və konkret mövqeyini ortaya qoydu. Əsəd rejiminin etirzçılara qarşı qanlı əməliyyatları və hakimiyyət tərəfdarlarının Qərb ölkələrinin səfirliklərinə hücum etməsi Vaşinqtonun səbrini daşırdı.
Dövlət katibi Hillari Klinton Suriya diktatoru Bəşər Əsədin ABŞ-ın gözündə legitimliyini itirdiyini bəyan edib. Bu günə qədər Suriyadakı hadisələrə bağlı Obama adminstrasiyasından gələn reaksiyalardan sonra Klinton son nöqtəni qoydu. O, ABŞ-ın prezidenti Barak Obamanın Bəşər Əsədin islahatlarda maraqlı olmadığı qənaətinə gəldiyini söyləyib.
Hillari Klintonun sözlərinə görə, Bəşər Əsəd hökumətinin hesabat verməli olduğu məsələlərin böyük bir siyahısı hazırdır. O, əlavə edib ki, ABŞ-ın məqsədi Suriya xalqının demokratik keçidlə bağlı istəyinin reallaşmasını görməkdən ibarətdir:“Biz hesab edirik ki, Bəşər Əsəd legitimliyini itirib. O, verdiyi vədləri yerinə yetirməyib, öz xalqına qarşı mübarizədə isə İrandan yardım alıb”.
Rəsmi Vaşinqton Dəməşqdə ABŞ və Fransa səfirliklərinə hücumlara rəsmi etirazını çatdırıb. Hillari Klinton təkcə ABŞ səfirliyinə hücum faktına deyil, Suriyada Bəşər Əsəd rejiminin müxalifət tərəfdarlarına qarşı zoraklığı davam etdirməsini qınayıb:“Birbaşa Suriya hökumətinə ifadə etdiyimiz kimi, bu gün də ondan bütün diplomatları və bütün ölkələrin mülkiyyətini qorumaqla bağlı beynəlxalq məsuliyyətini yerinə yetirməyi tələb edirik. Əsəd rejimi Suriyada cərəyan edən əsl hadisələrdən dünyanın diqqətini yayındırmaqla uğur qazanmayacaq. Burada söhbət ABŞ və ya Fransa və ya hər hansı digər ölkədən getmir. Burada Suriya xalqının ləyaqət, beynəlxalq hüquqlar və qanunun idarəsi uğrunda qanuni istəyindən gedir”.
Avropa Birliyinin ali komissarı Ketrin Eşton da Bəşər Əsədi verdiyi vədləri yerinə yetirməyə çağırıb:“Biz Bəşər Əsədin bu düzgün addım atmasını görmək istəyirik. Biz həqiqətən də xalqın səsinin eşidilməsini, zorakılıq və xaosa son qoyulmasını istəyirik”.
Xatırladaq ki, Bəşər Əsədin tərəfdarlarının paytaxt Dəməşqdəki ABŞ və Fransa səfirliyinə hücumu zamanı 3 fransız diplomat yaralanıb. Hər iki ölkənin səfirləri iyulun 8-də Həma şəhərində keçirilən antiƏsəd mitinqini izləmişdilər. Bu səfərdən hiddətlənən Suriya hakimiyyəti ABŞ və Fransanı ölkənin daxili işlərinə qarışmaqda və yaranmış gərginliyi artırmaqda ittiham etmişdi.
Paytaxt Dəməşqdəki gərginlik Əsəd rejimi tərəfinən başladılan milli dialoq çərçivəsində aparılan danışıqların yarımçıq bitmsiylə nəticələnib. Suriya müxalifətinin liderləri və ictimai fəallar hökumətlə danışıqlardan imtina edərək Bəşər Əsədin qeyd-şərtsiz istefa tələbini yenidən gündəmə gətiriblər.
Əlavə edək ki, Suriyada mart ayından bəri davam edən etiraz aksiyaları zamanı 1500-dən çox dinc nümayişçi hökumət qüvvələri tərəfindən öldürülüb. On mindən çox rejim əleyhdarı həbs olunub. Təhülkəsizlik qüvvələrinin etiraz askiyalarının keçirildiyi şəhərlərdə apardığı qanlı əməliyyatlardan canını qurtaran 10 mindən çox suriyalı Türkiyə və Livana qaçıb.
İnformasiya şöbəsi


