Bu mövzuda artıq 3-cü dəfə yazıram. Sadəcə o dərəcədə bacarıqlı jurnalist deyiləm ki, alverçi qiyafəsinə girib bir gün həmin bazara “gedim” və bir ədəd tapança alım”. Sonra da deyim ki, baxın, bu bazarın yeri-izi bu, məzənnəsi bu, alanı-satanı da ki… maşallah, çoxdur”“.
Amma bu bazar var. Və siz onu ciddiyə almırsınızsa, hakimiyyətimizin yalançı sabitlik nəğmələrinə aldanmısınız. Bu sizə Çin istehsalı olan oyuncaq tapançaların “tolkuçkası” deyil. Təkcə bir tapança ilə Fərda adlı qaniçən Bakını al-qan etdi. Sarsıtdı bu ölkəni. Və təəssüf ki, canlara qıydı.Generalı tapança ilə vurduqlarını xatırlayırsınız. Dünən isə bu hakimiyyətin sabitliyində rahat biznes olimpləri fəth edən holdinqlərdən birinin ofisinə hücum edib, şirkət rəhbərini güllələyiblər. Bundan öncə Bakıda deputatlığa namizəd olmuş bir iş adamı digəri ilə mübahisəyə tapançanın səsi ilə son qoymuşdu. Müxtəlif cinayətləri izləsək görəcəyik, tapança bu olaylarda sıradan bir alətə çevrilib. Adi ev oğrularında da bu alətdən var… Deyəsən, onu alışqan kimi cibində gəzdirir bir qrup insan.
Gəlin, bir rəsmi göstəriciyə baxaq. Daxili Işlər Nazirliyinin saytında bir qrafik var. O, illər üzrə qanunsuz silahların yığılma sayını göstərir. Bu qrafik hər il yenilənməlidir. Lakin kimin nə vecinə, 2006-cı ildən sonraya aid göstəriciləri bura salan yoxdur.
Amma siz qrafikin ifadə etdiyi artımı aydın şəkildə görürsünüz. Hər il daha çox silah yığılıb. Yığılmayanlar da öz yerində. Onların səsini zaman-zaman eşidirik. Bəs bu silahlar haradan peyda olur ölkəmizdə? Onun bazarı haradadır? Qanunsuz silah bizim ölkəyə haradan daxil olur? Necə daxil olur? Ölkə daxilində də onun mənbələri varmı? Təəssüf ki, biz daha sadə bir suala belə, cavab tapmadıq. ADNA-da qətllər törədən Fərda Qədirov tapançanı ölkəyə necə gətirmişdi? Istintaq bunu nədənsə ortaya çıxarmadı.
2009-cu ildə polis qanunsuz silahların yığılması çərçivəsində 170 min patron müsadirə edib. 170 min az deyil. Bu silahların yığılması yaxşı haldır. Amma haradan çıxır onlar? Bəs nə əcəb bu qədər silahı yığan polis, MTN, prokurorluq qanunsuz silahların bazarını, ölkəyə daxil olma trayektoriyalarını, şəbəkə və bazalarını ələ keçirmir? Kriminal aləmdə silah satışı, silah qaçaqmalçılığı, bu işlə məşğul olan bandalar xüsusi yer tutur və onlarla mübarizə öndə gedir. Bizdə belə mübarizə getsəydi, yığılan silahların sayı artmazdı, üstəlik, onlardan istifadə halları azalardı. Hələ indiyəcən silah qaçaqmalçılığına aid ciddi bir əməliyyatın şahidi olmamışıq.
O da heç kimə sirr deyil ki, əli cibində olan hər kəs bu gün Azərbaycanda silah əldə edə bilir…
Elə silah səsləri də daha çox “pul”un və pullu adamların”“ ətrafında eşidilir…
Onu da yaxşı anlamalıyıq ki, rüşvətxor ölkə üçün bu hallar daha təhlükəlidir. Axı rüşvət hər şeyə yol və qapı açır. Silaha da. Rüşvətxorluq elə bir bəladır ki, heç bir dəyər, heç bir ölçü tanımır, rüşvətlə bu ölkədə terrorçu da rahat həyat və fəaliyyət qura bilər. Deməli, daha böyük təhlükədən danışırıq.