Ramil Usubov Eldar Mahmudova qarşı cəbhə yaradır

Ziya Məmmədov qardaşı oğlunun işdən çıxarılmasına görə DIN-MTN savaşına qoşula bilər

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədovun Qubanın polis rəisi vəzifəsindən çıxarılmasının səbəbi barədə ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, Fuad Məmmədovun işdən çıxarıldığı barədə xəbər bir müddət əvvəl yayılsa da, təsdiqini tapmayıb. Lakin belə bir məlumatın yayılması heç də əsassız olmayıb.
Fuad Məmmədovla MTN-nin yerli şöbəsinin rəhbərliyi arasında ziddiyyətlər var imiş. Daha doğrusu, Ziya Məmmədovun qardaşı oğlu MTN rəhbərliyi ilə hesablaşmırmış. Çekistlər də bu barədə nazirliklərinə müraciət ediblər. Bu müraciətdən sonra MTN-dən Qubaya xüsusi nümayəndə heyəti göndərilib. Həmin nümayəndə heyəti Fuad Məmmədovu və yol polisinin rəisini kabinetlərindən çıxararaq özlərilə naməlum yerə aparıblar. Orada onlarla profilaktik söhbət aparılandan sonra rəislə sərbəst buraxılıb. Bu məsələdən sonra Fuad Məmmədovun işdən çıxarılması zərurətə çevrilib.
Lakin əldə etdiyimiz məlumatlara görə, Fuad Məmmədovun işsizliyi müvəqqəti xarakter daşıyır. Onun yaxın vaxtlarda Salyana rəis göndəriləcəyi bildirilir. Ziya Məmmədovun qardaşı oğlu Qubadan əvvəl də Salyanın polis rəisi olub.
Fuad Məmmədovun işdən çıxarılması ilə bəzi mülahizələr də ortaya çıxıb. Ehtimal olunur ki, Ramil Usubov heç də MTN rəhbərliyi qarşısında aciz duruma düşərək Fuad Məmmədovu işdən çıxarmayıb. Daxili işlər naziri sadəcə bu addımı ilə baş çekist Eldar Mahmudova qarşı yeni cəbhə açmaq istəyir. Ramil Usubov düşünür ki, Ziya Məmmədov qardaşının çekistlərlə arasında olan ziddiyyətlərin ucbatından işdən çıxarıldığına görə, MTN rəhbərliyi ilə konfliktə girəcək.

İnformasiya şöbəsi