Hacı İbrahimin «Avesta» konserninə daxil olan «Azər-Ross»un sahibi öldürüldü
Bakının Nərimanov rayonunda iki nəfər güllələnib. Hadisə dünən saat 13.00-da, Teymur Əliyev küçəsindəki yeni tikilinin 12-ci mərtəbəsində baş verib. Güllənənlərdən biri ölüb, digərinin vəziyyəti ağırdır. Qətlə yetirilən şəxs “Azər-Ross IK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyevdir. O, güllə yarasından keçinib. Yaralanan isə şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədovdur. O, qarın nahiyəsindən güllə yarası alıb. Nərimanov rayon 16-cı polis bölməsindən “Turan”a bildirilib ki, baş verənlərin səbəbi hələlik məlum deyil. Atəş açan şəxs tutulmayıb.
“Azər-Ross” MTK-dan APA-ya bildirilib ki, hadisəni iki nəfər törədib. Həmin şəxslər maskada və ya quldurlara xas olan xüsusi geyimdə olmayıblar. Onlar şirkətin Nərimanov rayonundakı ofisinə gələrək MTK-nın təsisçisi və rəhbəri Əflatun Piriyevlə görüşmək istədiklərini bildiriblər. Əflatun Piriyev şəxsiyyəti hələlik müəyyən edilməyən həmin şəxsləri öz otağında qəbul edib. Görüş başlayandan 5 dəqiqə sonra içəridə səs-küy düşüb və silah səsi eşidilib. Şirkətin baş mühasibi Əmiraslan Əhmədov silah səsinə otağa daxil olarkən Ə.Piriyevin vurulduğunu görüb. Naməlum şəxslər baş mühasibə də atəş açıblar. Nəticədə Ə.Əhmədov yüngül güllə yarası alıb. Həmin vaxt ofisdə qarışıqlıq düşüb və silahlı şəxslər oranı tərk ediblər. “Azər-Ross IK” MTK-dan həmçinin bildirilib ki, hazırda Bakı şəhər və Nərimanov rayon prokurorluqlarının əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerini müayinə edir, şirkət əməkdaşlarının ifadəsini alır. Şirkətə basqın edən şəxslərin kimliyi isə hələlik məlum deyil. Lakin onların görüntüləri təhlükəsizlik kameralarına düşüb.
Şirkətin rəhbəri Əflatun Piriyev isə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılıb. Lakin o, xəstəxanaya çatdırılsa da, aldığı güllə yarasından dünyasını dəyişib.
“Azadlıq”ın araşdırmaları zamanı isə bəlli olub ki, “Azər-Ross IK” MTK Diasporla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahim Ibrahimova məxsus “Avesta” konserninə daxildir. “Avesta” konserni 1996-cı ildə yaradılıb. Konsernə “Azər-Ross IK” MTK ilə yanaşı “Azər-Ross” MTK, “Günel LTD” MMC, “Həsən -96” MTK, ”Hüseyn -94” Kiçik müəssisəsi, “Ilkan” MMC, və “SHIG INVESTMENT LTD” daxildir. ANS-in sabiq işçisi Yelena Sidorenko da AVESTA konsernində satış müdiri vəzifəsində çalışır.
İnformasiya şöbəsi