Adı ölümdə hallanan başçı müavini nələr danışdı?

Xaçmazda baş verən tükürpədici olayın təfərrüatı «Azadlıq»da

Xaçmaz rayonunda tükürpədici olay baş verib. Rayon icra başçısının müavini Azər Haqverdiyevin vəhşicəsinə döydüyü iddia edilən adam aldığı xəsarətlərdən iyulun 10-da dünyasını dəyişib. Qeyd edək ki, bu olay barədə ilk olaraq “Azadlıq” qəzeti məlumat vermişdi.

“Atam 20 gün komada qaldı”

Ötən gün biz hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən rayona getdik. Məlumat üçün baş verənləri bir daha xatırladaq. Ailəsi Eldarı iyunun 20-də Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına (köhnə “Semaşko”) aparıb: “Iyunun 19-da Eldar 17-18 radələrində toydan çıxıb evə qayıdarkən yolda ötən il onlarda kirayədə qalan salyanlı fəhlələrlə qarşılaşıb. Fəhlələr kirayə qaldıqları müddətdə ev pulunu vermədiklərindən atam onları görəndə haqqını tələb edib. Bir az içkili olduğundan o, səsinin tonunu da yüksəldib. Fəhlələr həmin vaxt rayonun mərkəzində divarların fasadlarını yeniləyirmişlər. Onların işinə isə icra başçısının müavini Azər Haqverdiyev nəzarət edirmiş. Atamla salyanlıların mübahisəsinə icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi müdaxilə edib. O, başının dəstəsi ilə atama hücum çəkib. Onu möhkəm döyəndən sonra rayon polis şöbəsinə aparıblar. Biz isə bu hadisədən iki saat sonra xəbər tutduq”.

Mərhumun oğlu Vüsal Şıxaliyevin sözlərinə görə, həmin gün növbətçi olan polis serjantı evlərinə gələrək Eldar üçün köynək istəyib: “Biz polis serjantına dedik ki, o bir neçə saat öncə toya gedib. Təbii ki, əynində köynək var idi. Növbətçi polis isə dedi ki, guya atam xırda xuliqanlıq edib. Bir neçə sutkalıq iş alacaq, köynəyi cırıldığı üçün yenisi gərəkdir. Köynəyi verəndən sonra elə polisin arxasınca idarəyə getdik. Iyunun 19-u bazar günü olduğundan görüşə icazə vermədilər. Səhər yenidən idarəyə yollandıq. Günortaüstü isə atamı bizə təhvil verdilər. Halsız şəkildə onu görəndə yenə ağlımıza başqa şey gəlmədi. Həkim çağırandan sonra işin nə yerdə olduğu məlum oldu. Bizə dedilər ki, atamı təcili Bakıya aparmaq lazımdır. Bu zaman icra başçısının müavini nənəm Minayla görüşərək onun müalicəsinə 300 manat pul vermək istəsə də biz puldan imtina etdik. Atamı Bakıya gətirdikdən sonra Azər yenidən üstümüzə sözçü göndərdi. Məsələni həll etmək üçün sürücü 1500 manat verdi. Imkanımız olmadığından məcbur olub, pulu götürdük. Həm də sürücü Azər Haqverdiyevin sözünü çatdıraraq bildirdi ki, bütün müalicə xərcləri ödəniləcək. Ancaq heç nə olmadı. Atam düz 20 gün komada qaldı. Ona heç bir kömək edə bilmədik. Adam öz haqqını tələb edəndə onu döyərlər?! Əgər söyüş söyübsə, həbs etsinlər də”.
Iyulun 10-da Şıxaliyevlər ailəsi toy çaldırmağı planlaşdırırmış, gəlin gətirəcəkmişlər…

“Mənim bircə günahım…”

Mərhumun yoldaşı Bəturə Mirzəyevə Azər Haqverdiyevlə görüşdüyünü deyir: “Azərə dedim ki, niyə yoldaşımı bu kökə salmısan. O isə cavab verdi ki, şalvarımı cırdı. Anlamaq olmur, şalvar cırmaq üstə adamı ölümcül döyərlər?”.
Bəturə xanım bu işin üstü açılmayacağı təqdirdə intihar edəcəyini deyir: “Mən iki övladıma nə deyim? Cəmi 80 manat maaş alıram. Oğlumu, qızımın ailəsini necə dolandırım? Əgər saxtakarlıq olsa, Eldarın işini bağlasalar, özümü öldürəcəyəm. Qoy hamı da bilsin ki, bunu yoldaşımın qanı batırıldığı üçün etmişəm”.
Ailə bildirir ki, xəstəxanada olanda rayonun Emil adlı müstəntiqi onlardan izahat alıb: “Izahat alıb, çıxıb getdilər. Hadisəylə bağlı heç bir cinayət işi qaldırılmayıb”.
Eldar Şıxaliyevin ölümündə adı hallanan Azər Haqverdiyevlə də görüşürük. Gəlişimizin məqsədini hələ bilməyən gözətçi bizi onun yanına aparanda “gözəl insandır, ona şər atırlar” dedi. Icra başçısının müavini çəkilişə icazə verməsə də, sualları cavablandıracağını dedi. O, qeyd etdi ki, Eldar Şıxaliyevin ölümündə heç bir günahı yoxdur: “Ayın 19-da toydan çıxıb evə gedəndə fəhlələri görüb. Pulunu tələb edib və başlayıb söyüş söyməyə. Səs-küyə mən gəldim. Niyə söyüş söydüyünü soruşanda o, məni də söyməyə başladı. Hamı buna şahiddir. Hadisəni görən insanlardan soruşa bilərsiniz”.
Azər Haqverdiyev deyir ki, Eldar Şıxaliyev onu söyməyi azmış kimi, üstünə də hücum çəkib: “Mən də özümü müdafiə üçün onu itələdim. O yıxıldı və yenidən ayağa qalxıb üstümə gəldi. Bu dəfə başını tutdum, ancaq heç nə etmədim. Kənardan bizə sarı gələn polisləri gördüm və onları çağırdım. Onu sap-sağlam polisə təhvil verdim. Ola bilsin, o yıxılıb, içkili idi”.
Müsahibimiz bildirdi ki, hadisədən sonra Eldarın yoldaşı və anası onunla görüşüb: “Onlara dedim ki, insanlıq naminə 300 manatım var, onu sizə verə bilərəm. Pulu qəbul etmədilər. Sonra gedib ona borcu olan fəhlələri tapdım. Pulu alıb, üstünü də mən düzəldib 1500 manatı sürücümlə ailəsinə göndərdim. Bircə günahım budur ki, pulu sürücümlə göndərmişəm. Bunu da insanlıq naminə etmişəm. Bir daha təkrar edirəm, o, polis şöbəsinə sağlam aparılıb”.
“Demək istəyirsiniz ki, onu polis idarəsində döyüblər” sualımıza cavabında “mən konkret cavab verə bilmərəm. Ancaq hər şey ola bilər” dedi.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının da mövqeyini öyrənmək üçün rayon polis idarəsinə getdik. Idarədə bizə bildirdilər ki, nə rəis, nə də köməkçiləri yerindədir. Ona görə də sualımızı cavablandıra bilməyəcəklər…

Ramin DEKO,
Bakı-Xaçmaz-Bakı