Təhsilin səviyyəsi faciəli həddədir

Nurəddin Məmmədli: «Təhsilin hazırkı durumu heç bir məsələ ilə müqayisə olunmayacaq strateji əhəmiyyətli bir faciədir»

Ölkədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü artıq rəsmi qurumlar da etiraf edir. Bu il III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin əhəmiyyətli hissəsi 0-100 arası bal toplayıb. Bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Həmin məzunların əksəriyyəti orta məktəbi bu il bitirib. Bir müddət əvvəl attestat imtahanı verənlərin belə acınacaqlı nəticə göstərməsi isə təhsilin hansı səviyyədə olmasından xəbər verir. Üstəlik, builki məzunların 42 faizi attesta almasına baxmayaraq buraxılış imtahanından kəsilib. Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Bu il də istisna olmadı. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir. Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil. Bəs təhsilinin bu vəziyyətə düşməsinin əsas səbəbi nədir və belə təhsil ölkəni hara aparır?
AXCP sədrinin müavini Nurəddin Məmmədli təhsilin hazırkı durumunu heç bir məsələ ilə müqayisə olunmayacaq strateji əhəmiyyətli faciə kimi qiymətləndirdi: “Ölkədə hakimiyyət dəyişikliyindən sonra qısa müddətdə iqtisadiyyatı bərpa etmək mümkün olacaq, səhiyyədəki qüsurlar aradan qaldırılacaq. Idarəçilik sistemi təkmilləşdiriləcək. Amma təhsil vasitəsilə Azərbaycan xalqına endirilən zərbəni on illər də düzəltməyəcək. Bu həm savadsız kadr ehtiyatının  formalaşmasında təzahür edir, həm də elmə olan düşmən münasibətdə ifadə olunur”.
N.Məmmədlinin fikrincə, bu gün əsas problem ondadır ki, kiçik bir qrupun övladları savadsız və ya savadlı olmasından asılı olmayaraq ölkənin ali idarəçilik sistemində öz yerlərini tutur. Az-çox savadı olan adamlar isə kənarda qalır. Bunun nəticəsində “savad artıq heç nəyi həll etmir” tezisi ümummilli bir yanaşmaya çevrilib. Bu səbəbdən də bu gün təhsil sistemi sürətlə tənəzzül etməkdədir.
N.Məmmədlinin sözlərinə görə, ən pis cəhət isə ondan ibarətdir ki, təhsil artıq məktəbdən kənarda fəaliyyət sahəsinə çevrilib. Repititor olmadan heç kim heç nəyi öyrənə bilmir. Bütün bunlar da strateji əhəmiyyətli böyük faciələrin səbəbidir: “Hər il ballar aşağı salınır. Bu prosesi çox soyuqqanlılıqla həll edirlər. Nə bunun səbəblərini araşdırırlar, nə də təhsil sistemində bu gün baş verənləri aradan qaldırmaq fikirləri var. Azərbaycanda təhsil sisteminin inkişafı ümumi dövlətçiliyin inkişafına təkan verən faktordur. Azərbaycanda isə hakimiyyət dövlətçiliyin inkişafında maraqlı deyil. Bunların yüksək təhsilli insanlara ehtiyacı yoxdur. Hakimiyyətə qul psixologiyası olan bir toplum lazımdır. Bu toplumu da onlar çox asanlıqla hazırlayırlar”.
N.Məmmədli sistemin bu cür formalaşmasının külli miqdarda büdcə vəsaitinin təhsil vasitəsilə mənimsənilməsi fonunda baş verdiyini də qeyd etdi. Bu isə ikinci böyük zərbənin təzahürüdür: “Azərbaycan xalqı öz gələcək taleyini həll etmək istəyirsə, mütləq təhsil haqqında düşünməlidir və bu rejimin dəyişdirilməsinə çalışmalıdır ki, təhsil vasitəsilə millətə zərbə vurulmasın”.

Fizzə