“Təmiz insan ətrafında təmiz mühit yaradır, çirkli insan – natəmiz”
Lalə Şövkət: «Məmurlar bir az nəfslərini cilovlasalar…”
Azəbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət son vaxtlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olan gündəmin ən aktual mövzularıyla bağlı düşüncələrini “Azadlıq”a danışdı.
– Dövlət başçısı Ilham Əliyev Dünya Azərbaycanlılarının Qurultayında bildirdi ki, ölkə demokratik əsaslarla idarə edilir, indiyədək nə xarici, nə də daxili siyasətdə səhvə yol verib, dünyada etibarlı tərəfdaş kimi tanınır. Siz necə hesab edirsiniz?
– Çıxışı dinləməmişəm, ona görə ki, Azərbaycan televiziyasına artıq neçə ildir baxmıram. Əsasən internetlə işləyirəm və ümumiyyətlə, özüm eşitmədiyim və görmədiyim hadisələrə heç vaxt şərh vermirəm. Bu, mənim qaydamdır.
O ki qaldı siz dediyiniz kimi demokratiya haqqında sözlərə, mən bunu bir tərəfdən müsbət hal kimi qiymətləndirirəm, ona görə ki, son beş ildə demokratiya sözü iqtidarın leksikonundan bütövlükdə silinmişdi. Azərbaycanda demokratiya var, ya yoxdur? Olsaydı, onda bizim nə dərdimiz? Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında Azərbaycan qeyri-azad, anti-demokratik, avtoritar ölkə kimi qiymətləndirilir. Bu həm Avropa Şurasının, həm Avropa Ittifaqının, həm ABŞ-ın Dövlət Departamentinin, həm də ATƏT-in hesabatlarında dəfələrlə bəyan edilib.
Demokratiyanın əsas təməli liberal dəyərlərdir: insan hüquqlarının və ləyaqətinin prioriteti, söz azadlığı, sərbəst toplaşmaq hüququ, şəxsi mülkiyyətin toxunulmazlığı, müstəqil məhkəmələr. Bununla bərabər demokratiya təmiz və şəffaf seçkilərdir, ictimai nəzarətdir, iqtisadi, siyasi azadlıqlar və rəqabət mühitidir, qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, mədəni münasibətlər sistemi, dialoqdur. Bunların heç birinə biz hələ nail olmamışıq. Və bu gün bizim mübarizəmiz də məhz bunların bərqərar olması ilə bağlıdır. Mən dəfələrlə öz müsahibələrimdə iqtidara müraciət etmişəm ki, zamanın çağırışlarına adekvat olaraq təcili köklü islahatlara getsin. Bizim ayrı yolumuz yoxdur. Və bu islahatlar ləngidikcə iqtidar özünə qarşı işləyir. Islahatlar olmayan yerdə ölkə təkamül yolunu inqilaba dəyişir. Inqilab isə Azərbaycan üçün təhlükəli ola bilər.
– Qurultayda diqqət çəkən bir məqam da 35 milyonluq Güney Azərbaycandan bu tədbirə heç kimin dəvət edilməməsi idi. Necə hesab edirsiniz, bu nə qədər doğru yanaşmadır?
– Mən Qurultaya gələn bir neçə Cənubi Azərbaycandan olan soydaşlarımızla görüşmüşəm və çox maraqlı söhbətlərimiz olub. Düzdür, onlar indi Avropada və ABŞ-da yaşayırlar, lakin Güney Azərbaycan problemlərini çox yaxından izləyirlər. O ki, qaldı məhz Cənubi Azərbaycandan olan qurultay nümayəndələrinə, bu gün ən çox azərbaycanlı məhz o məkandadır və yaxşı olardı ki, onlar qurultayda geniş nümayəndə heyəti ilə təmsil olunardı.
– Azərbaycanda hələ də sərbəst toplaşmaq azadlığına qoyulan qadağalar davam edir. Indiyədək bu hüququndan istifadə etmək istəyən Ictimai Palatanın 15 üzvü həbs edilib, eləcə də hicab qadağasına etiraz edən xeyli sayda inanclı insanlar həbsə alınıb. Indiyədək bu qadağanı aradan qaldırmaq üçün çoxlu beynəlxalq təşkilatlar çağırışlar ediblər. Sizcə, hökumətin bu qədər dirəniş göstərməsinin səbəbi nədir, nədən qorxurlar və qadağalar sonda nə ilə nəticələnə bilər?
– Sərbəst toplaşmaq azadlığı vətəndaşların konstitusion hüququdur. Illərlə biz bu barədə danışırıq və bunun uğrunda mübarizə aparırıq. Həbs olunan insanlarla bağlı şəxsən mən, həm də Liberal Partiya bir neçə dəfə bəyanatla çıxış edib. Hicabla da bağlı bizim birmənalı mövqeyimiz bəllidir. Azərbaycan Konstitusiyası vətəndaşların vicdan azadlığına, insan hüquqlarının ayrılmaz hissəsi kimi, birmənalı olaraq təminat verir. Inanclı insanların etiqad azadlığı heç bir vəchlə məhdudlaşdıra bilinməz. Əks təqdirdə bu, cəmiyyətdə radikallığa yol açar. Azərbaycan dünyəvi dövlətdir, lakin, bununla yanaşı əhalisinin 95 faizi müsəlmandır, Bayrağımızda, Gerbimizdə inancımız öz əksini tapıb. 2009-cu ildə Bakı “Islam mədəniyyəti paytaxtı” elan olunmuşdu. Ona görə hakimiyyətin hicaba qarşı qadağası çox məntiqsiz və yersizdir. Hətta xristian Qərb demokratik ölkələrində, ABŞ və Avropa dövlətlərinin əksəriyyətində, hicaba qadağa yoxdur. Müsəlman ölkəsində isə bu qadağa nonsensdir.
– Bir neçə ay öncə hakimiyyət korrupsiya və rüşvətə qarşı mübarizə başlatdığını bəyan etdi. Həmin vaxt rəsmilər israrla bildirirdilər ki, onları bu addımı atmağa ərəb inqilabları sövq etməyib və bu, onların iradəsidir. Artıq bu bəyanatların üstündən aylarla vaxt ötüb, müşahidələriniz nədən ibarətdir, rüşvət və korrupsiya azalıbmı?
– Bu gün Azərbaycanda korrupsiya və talançılıq adi həyat tərzinə çevrilib. Belə bir vəziyyətdə yalnız sözlərlə, müşavirələrlə bu bəlanın kökünü kəsmək mümkün deyil. Burada təxirəsalınmaz köklü islahatlara gedərək bir neçə şərti reallaşdırmaq vacibdir. Bu, söz azadlığı, müstəqil məhkəmələr və ictimai nəzarətdir. Və ən önəmlisi dürüst və təmiz kadrların hakimiyyətə gətirilməsidir. Təmiz insan ətrafında da təmiz mühit yaradır, çirkli insan – natəmiz. Yəni, sistemli dəyişiklər lazımdır, ayrı-ayrı tədbirlər yox.
Azərbaycanda bu gün büdcə işçilərinin maaşları və pensiyaları dilənçi payından başqa ayrı sözlə adlandırıla bilməz. 200 manat civarında olan həkimlərin, müəllimlərin aylıq maaşı ilə necə ailə saxlamaq olar? Ilk növbədə bu məsələlər həll olunmalıdır. Azərbaycanın neftdən olan gəlirlərini yeyib hansısa lazımsız tikinti layihələri yolu ilə talan etməsələr, maaşları 500-600 manata, pensiyaları da 300 manata tez bir halda qaldırmaq mümkündür. Və yalnız bundan sonra “rüşvət almayın” demək olar. Lakin Azərbaycanda vüsət almış korrupsiya məhz iri oliqarxların talançılığının nəticəsidir.
Məsələn, Gürcüstana baxın. Saakaşvili siyasi iradə ortaya qoyaraq köklü islahatlara getdi və qıssa bir zamanda korrupsiyanın kökünü kəsdi. Ən azı adi insanlar bu gün orada korrupsiyadan qurtulublar. Indiki Gürcüstanda siz nə qədər səy etsəniz də, bir manat da nə gömrüyə, nə polisə, nə həkimə, nə müəllimə, nə də adi insanlarla ünsiyyətdə olan məmura verə bilərsiniz. Bəli, həqiqətən bu məhz siyasi hakimiyyətin iradəsi və qərarlılığı, köklü islahatlardan və kompleks tədbirlərdən ibarətdir. Vaxtı ilə, 1993-cü ildə mən məhz korrupsiyaya qarşı çıxdığıma görə, Azərbaycanın ali vəzifəsi dövlət katibliyindən istefa vermişəm. Bu problem mənim üçün həmişə ağrılı və aktualdır, ona görə ki, total korrupsiya olan ölkədə inkişaf heç vaxt ola bilməz.
– Yaş senzi məsələsi də bu gün ictimaiyyət arasında ciddi müzakirə mövzusudur. Deyirlər, təqaüdləri artırmışıq, yaşlılar yerlərini cavanlara verməlidir. Amma hələ artımdan sonrakı təqaüdlər belə minimum yaşayışa bəs etmir. Sizcə adamları bu ahıl yaşda bu qədər sosial problemlə baş-başa buraxmaq nə qədər doğru siyasətdir?
– Azərbaycanın reallıqlarını nəzərə alaraq, bu çox yanlış siyasətdir. Birincisi, belə peşələr var ki, orada təhsillə bərabər təcrübə əsas rol oynayır. Bu, birmənalı olaraq, alimlərə, həkimlərə və müəllimlərə aiddir. Sözsüz ki, gənclər üçün də yol açmaq lazımdır, lakin, biz dünya praktikasına baxsaq təcrübəli alimlər və həkimlər üçün heç bir yaş senzi qoyulmur. Yüksək peşəkar və təcrübəli yaşlı həkimlər və alimlər praktiki işlə məşğul ola bilməyəndə konsultant roluna keçirlər. Böyük elmi məktəblərin başında həmişə yaşlı nüfuzlu alimlər dayanırlar və heç kim onların yaşını soruşmur. Digər tərəfdən bütün inkişaf etmiş dünyada insanlar təqaüdü gözləyirlər ki, rahat həyat tərzi sürsünlər, dünyanı gəzsinlər və özləri üçün yaşasınlar. Azərbaycanda isə təqaüdə çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir. Bugünkü təqaüdlərlə insan heç cür normal həyat tərzi sürə bilməz, bu birmənalıdır. Bu gün insanlarımız təqaüddən qorxurlar, ona görə ki, təqaüdə çıxmaq onlar üçün dilənçiliyə bərabərdir. Buna görə, əvvəlcə təqaüdləri qaldırmaq lazım idi ki, insanlar qocalığını layiqli yaşaya bilsinlər, sonra isə yaş senzi məsələsini müzakirə etmək. Bizim məmurlarımız bir az nəfslərini cilovlasalar, təqaüdçülərimiz Avropada olduğundan da yaxşı yaşayardılar.
Xəyal