Sabirabadın icra başçısına korrupsiya ittihamı

Nazim İsmayılov şəxsi daş karxanasının işinin «xod» getməsi üçün binaları “təzələyir”

Sabirabad! Bu rayonun sakinləri Kür daşqınından əvvəl də yaxşı gündə deyildilər. Ancaq yenə də başlarını birtəhər dolandırırdılar. Fəlakət onların işini birə-beş artırdı. Kompensasiya, tikilməli olan evləri “gücləndirmə” adıyla “bərpa” edilməsi və saymaqla bitməyən problemlər rayonu bir-birinə vurub. Əli hər yerdən üzülən vətəndaşlar elə ünvan qalmayıb ki, kömək üçün ora müraciət etməsinlər. Ancaq heç bir faydası yoxdur…

İcra başçısının üzlüyü

Sabirabada yeni təyin olunmuş icra başçısı Nazim Ismayılov abadlıq işlərinə başlayıb. Belə ki, rayonun Kürkənd magistral yolunu yenidən asfaltlaşdırıb. Bir neçə il əvvəl avtovağzalın təmir olunması üçün büdcədən ayrılan pullar “aidiyyəti üzrə xərclənmədiyinə” görə, indi ikinci dəfə “təmir”ə dayanıb.
Rayonun mərkəzinin “gözəlləşdirilməsi” üçün Nazim Ismayılov bütün binaların fasadlarının dəyişdirilməsini əmr edib. Ilkin olaraq Icra hakimiyyətinin binasına yeni daş üzlük vurulur. Yaxınlıqda olan bir neçə dövlət müəssisəsi də “restovrasiya” olunur. Rayon sakinlərinin verdiyi məlumata görə, icra başçısının bu cür addım atmasının özəl səbəbi var. Belə ki, cənab Ismayılovun daş karxanası var. Məhz buna görə, o, rayonun görünüşünü dəyişmək niyyətindədir. Bu isə ona ikitərəfli sərf edir. Həm büdcədən pul silir, həm də sildiyi pulu öz karxanasının hesabına köçürür.

Həmin daşlar binaya yapışdırıcı maddələr və dəmirlə bərkidilir. Bəziləri isə daşları binalara adi məftillə bərkidir. Qısa müddətdə həmin məftillərin çürümə ehtimalı var. Bu isə bəlaya səbəb ola bilər.
Rayonun Sabir adına bağı da “təmir”dədir. Orada da obyektləri yerlə-yeksan edib, yeni iş görürlər.
Bir sözlə, rayonun bir tərəfində milyonlarla manat “abadlıq”a ayrılır, digər tərfində isə fəlakətdən əziyyət çəkənlərə nə kompensasiya verilir, nə də evləri tikilir.
Bütün bu söküntü-tikinti işlərinin heç birinin əhaliyə isti-soyuğu yoxdur. Hamı öz dərdinə çarə axtarır. Həftənin bazar ertəsi olan kimi “dərman” axtarışında olanlar icra hakimiyyətinin binası önünə toplaşır. Iş o yerə çatır ki, icra hakimiyyətinin işçiləri işə gəlməzdən öncə sakinlər qapıları kəsdirir. Hətta növbə üstündə dava da düşür. Səhər saat 8-də artıq binanın önünü kəsdirənlər bəzən günorta 3-4 radələrində də qəbula düşə bilmirlər.

Bir ayın yolu yararsızdır

Sabirabadın Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı kəndlərinə 1 ay öncə çəkilən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb. 13 kilometr uzunluğunda olan yol may ayının əvvəlində istifadəyə verilmişdi. Ilham Əliyev Sabirabada səfəri zamanı yolun açılışında iştirak edib. Yolun istifadəyə verilməsindən qısa vaxt keçməsinə baxmayaraq, artıq dağılıb. Dağılan hissələrə daş-kəsək doldurulub. Yolun təmirinə başlanılsa da, bunun heç bir faydası olmayıb. Kənd sakinləri sözügedən yolun nədən salındığını belə, dərk edə bilmirlər: “Asfalt təzəkdən salınsaydı belə, bu kökə düşə bilməzdi. Bunlar yola nə vurublarsa, bircə ayın içində çınqıl olub”.
Fəlakət bölgəsinin insanları həm də içməli suya möhtacdır. Bəzi kəndlərdə bu problem daha kəskindir. Sakinlər Kür çayından istifadə üçün yararlı su götürə bilmirlər. Dövlət yardımına möhtac olan rayon əhli suyu pulla almağa məcburdur. Sakinlərin sözlərinə görə, problemi Su Təsərrüfatı Idarəsinin rəisi Mirəziz Əzizov yaradır. Bildirirlər ki, idarə su pulunu vaxtlı-vaxtında yığsa da, əhali susuz qalıb. Idarənin 100-ə yaxın əməkdaşına da maaş verilmir.
Elektrik xətlərinin yararsız olması da sabirabadlıların başına əlavə problem açıb. Qış aylarında rayon sakinləri cəmi bir neçə saat elektrikdən istifadə edə bilir. Hətta bəzi yerlərdə elektrik xətləri təhülkəli vəziyyətdədir. Dirəklərin hər an uçmaq təhlükəsi olsa da, tədbir görülmür.

Səhiyyəsi də it günündə, təhsili də…

Rayonun daha acınacaqlı vəziyyətdə olan sahələri təhsil və səhiyyədir. Kənd orta məktəblərindən attestat alan şagirdlərdən il boyu iki, yaxud üç nəfər ali məktəbə daxil ola bilir. Sakinlər deyirlər ki, məktəblərdə şagirdlərə dərslər keçilmir. Müəllimlərin də dərs keçməkdə maraqlı olmadığı söylənilir. Deyirlər ki, uşaqların məktəbə gətirilməsində orta məktəb direktorları maraqlı olmurlar. Bəzi valideynlər isə məktəb direktorlarından fərqlənmir. Onlar övladlarının əkin sahələrində işləmələrini təhsildən daha üstün tuturlar.
Səhiyyə sahəsində də ciddi problemlər var. Rayonun mərkəzi xəstəxanası həddindən artıq kiçikdir. Bərbad vəziyyətdə olan xəstəxananın binasının sonuncu dəfə nə vaxt təmir edildiyini rayonda heç kim bilmir. Xəstəxana özü başdan-ayağa antisanitariya şəraitindədir. Bir sözlə, sağlam adam yaxınını yoluxmağa getsə, xəstə düşəcək.
Rayonun bütün kəndlərində tibb məntəqələri olsa da, faktiki olaraq heç biri fəaliyyət göstərmir.

Ramin DEKO,
Bakı-Sabirabad-Bakı