Qalmaqalda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən tutmuş, keçmiş baş prokuror Eldar Həsənova qədər bir çox məmurların adı hallanır
Sumqayıtda “Şərq bazarı” adlanan ticarət mərkəzi ətrafında qalmaqal davam edir. Bu barədə “Azadlıq”a ticarət mərkəzindəki 66 mağazanın sahibləri məlumat verərək bildirib ki, bazarın sökülməsi, eləcə də ticarət mərkəzinin rəhbəri Rəşid Babayevin özbaşına hərəkətlərinə Sumqayıt şəhər Icra Hakimiyyəti tərəfindən dəstək verilir.
Sahibkarların sözlərinə görə, “Şərq bazarı”nın yerində yenisini tikmək istəyən Rəşid Babayevə bu işdə sabiq baş prokuror, hazırda isə Rumıniyada səfir olan Eldar Həsənov da yardım edir. Hətta sabiq baş prokurorun qardaşı Şahin Həsənovun Rəşid Babayevin şəriklərindən biri olduğu qeyd edilir.
Sumqayıtın icra başçısı hələ bir müddət əvvəl mətbuata açıqlama verərək “Şərq bazarı” ətrafında yaranmış qalmaqalın məhkəmə yolu ilə həll olunacağını demişdi. Məhkəmə də qərar çıxarıb ki, Rəşid Babayev heç bir halda bazardakı dükanları sökə bilməz. Sözügedən ərazidə yenidənqurma işləri müvəqqəti dayandırılıb. Buna baxmayaraq, Rəşid Babayev geri çəkilmək niyyətində deyil.
Mağaza sahiblərinin sözlərinə görə, son vaxtlar Rəşid Babayev məhkəmənin qərarını bir kənara qoyaraq, bazarın sökülməsi istiqamətində fəaliyyətini bir qədər də genişləndirib. Bu azmış kimi, həmin prosesi məhkəmə icraçılarının gözü qarşısında həyata keçirir.
Sahibkarlar deyirlər ki, bu işin guya, şəhərin abadlaşdırılmasının tərkib hissəsi kimi qələmə verilməsi doğru deyil.
Gizli obyekt söküntüsü
Başqa məlumat isə “bazarkom”un oğlu Eldar Babayevlə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Rəşid Babayevin oğlu camaat arasında onları himayə edənlərin nüfuzuna arxalandıqlarını və böyük pulları olduğunu deyərək, sahibkarlara təzyiq edir. “Mən məhkəmə qərarı-zad hərləmirəm” deyən Eldar Babayev yola getmədiyi və ya haqq verməkdən boyun qaçıran satıcıları təhqir edir. Hətta onun sözünün üstünə söz deyənləri “sənin kimiləri maşının ”baqajına” basıb apararam” deyə hədələməsini də artıq heç kim qeyri-adi qarşılamır.
Ümumiyyətlə, son dövrlər gizli şəkildə obyekt sökmək ənənəsi yaranıb. Bakıda bir neçə dəfə bu halla qarşılaşdığımızdan, Sumqayıtda baş verən analoji hadisələrə təəccüblənmədik. Iyulun 6-sı axşam saatlarında, yəni dükanlar bağlanandan sonra Samir adlı şəxsin rəhbərliyilə xüsusi söküntü qrupu əraziyə traktor gətirərək, dükanların qarşısında bəzi qazıntı işləri aparıb. Həmin vaxt bazarda ləngiyən bir neçə sahibkar dərhal müdaxilə edərək, onların qanunsuz hərəkətlərinin qarşısını almağa çalışıb. Lakin səhər əraziyə gələn və özlərini reklam şirkətinin nümayəndəsi olaraq təqdim edən üç nəfərlə söhbət zamanı məlum olub ki, bazarın qarşısında qazıntı işlərinin aparılması səbəbsiz olmayıb. Sorğu-sual nəticəsində məlum olub ki, həmin şəxslər Sumqayıt şəhər Icra Hakimiyyəti tərəfindən göndərilib və məqsədləri də tikintisi planlaşdırılan ticarət mərkəzinin maketi əks olunmuş 6 metrlik reklam lövhəsini basdırmaqdır. Ancaq məhkəmənin rəsmi sorğusuna cavab olaraq Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı cavab məktubunda vurğulanır ki, onlar 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı”nda tikinti işləri aparmır və bununla bağlı hər hansı bir inzibati akt qəbul edilməyib.
Qəbz və ya rəsmi sənəd verilmir
Bütün bunlardan belə anlaşılır ki, əslində, Sumqayıt Şəhər Icra Hakimiyyəti ikibaşlı oyun oynayır və sahibkarları sıradan çıxarmaq üçün fəaliyyətini davam etdirir. Sahibkarların verdiyi bir başqa məlumat da belə düşünməyə əsas verir. Onlar deyirlər ki, “Şərq bazarı”nın qarşısındakı, antisanitariya şəraitində olan “tolkuçka” yüksək vəzifəli bir məmurun qohumu ilə şərikli işlədilir. Onlar əminliklə vurğulayır ki, həmin məmur Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir. Rəşid Babayevin şəriki isə onun qardaşı, Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının müavini Akif Quliyevdir.
Qeyd edək ki, hər gün günorta saatlarında hər piştaxtadan Tural adlı polis 10 manat, “bazarkom”un oğlu Eldar Babayev 10 manat, həkim 2 manat, qarovulçu isə 1 manat qeyri-qanuni şəkildə pul yığır. Təbii ki, yığılan bu pullara görə hər hansı qəbz və ya rəsmi sənəd verilmir.
“Şərq bazarı”nın rəhbəri Rəşid Babayevin keçmişi ilə də bağlı “Azadlıq”a maraqlı məlumat daxil olub. Gün ərzində bazardan 6-7 min manat qazanc götürən Babayevin dövlətə vergi verməməsi bir kənara, həmçinin haqqında vaxtilə qaldırılmış cinayət işinin olduğu bildirilir. Mənbənin sözlərinə görə, 1997-ci ildə onun barəsində Sumqayıt Şəhər Prokurorluğu tərəfindən qaldırılmış cinayət işinin aqibəti bəlli deyil. Həmin vaxt Babayevin məhz sabiq baş prokuror Eldar Həsənovun köməyilə sudan quru çıxdığı bildirilir. Daha doğrusu, Həsənovun qardaşının bazara şərik olmasından sonra işlər qaydasına düşüb.
Yeri gəlmişkən, “Şərq bazarı”nda yerpulu yığan Musa adlı şəxsin də Həsənovun bazardakı nümayəndəsi kimi fəaliyyət göstərdiyi deyilir.
Rəşid Babayev əmindir ki, məhkəmənin qərarı onun xeyrinə olacaq. Hətta onun bundan sonrakı dövr üçün planlarının olduğu da vurğulanır. Qeyd edilir ki, məhkəmə qərarı çıxan kimi, qarşı tərəfin apelyasiya verib-verməyəcəyini gözləmədən söküntünün həyata keçirilməyi planlaşdırılır.
Ramin DEKO