Tofiq Yaqublu: «İctimai Palatanın ünvanına səsləndirilən ittihamların heç bir əsası yoxdur»
Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə “Zirvə toplantısı” keçirilib. Tədbir dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Toplantıya Demokrat, Liberal, Vətəndaş və Inkişaf, Klassik Xalq Cəbhəsi, Ümid və Milli Istiqlal partiyaları qatılıb. Bu tədbirə AXCP və Müsavatın da qatılacağı gözlənilirdi. Lakin eyni gündə sözügedən partiyaların təmsil olunduğu Ictimai Palatada hakim ailənin korrupsiya faktlarına dair dinləmələr keçirildiyinə görə, onların tədbirdə iştirakı baş tutmayıb.
“Turan” isə AXCP və Müsavatın tədbirə qatılmaması barədə Ictimai Palatadakı etibarlı mənbəyə istinadən daha maraqlı məlumat yayıb. Mənbə bildirib ki, əvvəllər partiya liderləri arasında bu formatda bir görüş olub. Görüşdə ictimai təşkilatların iştirakı olmadan, yalnız siyasi partiyaların təmsil olunacağı qurum yaratmaq təklif edilib. Lakin AXCP və Müsavat liderləri bu təkliflə razılaşmayaraq, digər partiya liderlərini artıq fəaliyyət göstərən Ictimai Palata formatında işbirliyinə dəvət ediblər.
Mənbə Ictimai Palatadan kənarda partiyalar formatında qurum yaradılması təşəbbüslərini “Ictimai Palatanı dağıtmaq məqsədi” kimi dəyərləndirib.
“Zirvə toplantısı”na qatılan partiyalar AXCP və Müsavatın tədbirə qatılmamalarını “əsas arqument” kimi gətirərək Ictimai Palatanın ünvanına tənqidlər səsləndiriblər. Ümumiyyətlə, bu tədbirin əhəmiyyətli hissəsi Ictimai Palatanın müzakirəsinə həsr edilib. Müsavat başqanının müavini Tofiq Yaqublu isə “Azadlıq”a açıqlamasında Ictimai Palatanın ünvanına səsləndirilən ittihamların əsassız olduğunu bildirib. Ictimai Palatanın Azərbaycanda demokratik qüvvələrin bir araya gəldiyi və Əliyev rejiminə qarşı birgə mübarizə uğrunda səylər göstərdiyini deyən Müsavat yetkilisi bəzi qüvvələrin görülən işlərə kölgə salmaq niyyətində olduğunu deyib: “Iddia olunur ki, Ictimai Palata Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsindən yayınır. Ictimai Palata bu gün (dünən-red) hakim ailənin korrupsiya əməliyyatlarını müzakirə edib. Bu taleyüklü məsələ deyilmi? Bir də Müsavat və AXCP-nin həmin tədbirə qatılmaması bu toplantının Ictimai Palatanın keçirildiyi dinləmələrlə eyni günə təsadüf etməsilə bağlıdır. Ictimai Palata əvvəlcədən bəyan etmişdi ki, şənbə günü tədbir keçirəcək. Hesab edirəm ki, bu gün Ictimai Palatanın ünvanına səsləndirilən ittihamların heç bir əsası yoxdur. Bizim demokratiya uğrunda mübarizəmizə kölgə salmaq cəhdləri var. Bu da onlardan biridir”.
Xəyal