İctimai Palata Əliyevlərin korrupsiya faktlarını müzakirəyə çıxardı (VİDEO)
Dünən Ictimai Palatanın təşəbbüsü ilə hakim ailəyə aid son korrupsiya faktları ilə bağlı dəyirmi masa keçirildi. Toplantı iştirakçıları hakim ailə ilə bağlı açıqlanan yeni korrupsiya faktlarını müzakirə edərək, cəmiyyətin yaranmış situasiyada proseslərə aktiv müdaxilə etməsinin vacib olduğunu vurğuladılar.
Əliyevlər qaldıqca korrupsiya da qalacaq
Tədbiri Müsavat Partiyasının başqanı Isa Qəmbər açdı. I.Qəmbər bildirdi ki, Azərbaycanda korrupsiyanın həddindən artıq geniş miqyas alması sirr deyil. Korrupsiya və rüşvətxorluq artıq milli təhlükəsizliyə, ölkənin müstəqilliyinə, gələcəyinə təhlükəli səviyyəyə gəlib. Azərbaycanda piramida şəklində olan korrupsiyanın başında hakim ailə dayanır: “Son günlərdə hakim ailə ilə bağlı yeni korrupsiya faktları ortaya çıxıb. Burada xüsusən ”Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın araşdırmasını qeyd etməliyik. Bu məqalə həm professionallığına, həm də cəsarətinə görə çox önəmli yazıdır. Fədakar jurnalistlərdən məhz bu cür ciddi və cəsarətli məqalələr gözləyirik. Eyni zamanda jurnalistlərimizin bu cür ciddi yazıları çıxanda onların ictimaiyyətə çatdırılması da önəmli işdir. Təəssüflə qeyd etməliyik ki, hakim ailə ilə bağlı korrupsiya faktları meydana çıxanda qəzetlərin bir çoxu, hətta çap olunmuş yazını belə, verməkdən çəkinir. Çox az qəzetdə, saytda bu faktlar yer alır”.
Bu cür korrupsiya faktlarının geniş müzakirə olunmasını, araşdırılmasını vacib sayan I.Qəmbər bildirdi ki, təhdid halına gələn korrupsiyaya qarşı mübarizə üçün ciddi məsləhətləşmələr olmalıdır. Azərbaycanda Əliyev rejiminin qaldığı müddətdə korrupsiyanın aradan qalxmasının real olmadığını vurğulayan Müsavat başqanı qeyd etdi ki, korrupsiyanın birdəfəlik yox olması üçün sistem dəyişməlidir: “Korrupsiyaya qarşı real mübarizə üçün xalqın seçdiyi qüvvələr hakimiyyətdə olmalıdır, cəmiyyətin iradəsi bərqərar olmalıdır. Amma bu, o demək deyil ki, ölkədə rejim dəyişməyənə qədər korrupsiya məsələləri müzakirə olunmamalıdır. Əksinə, bu mübarizə aparılmalıdır. Ona görə ki, həm korrupsiyanın miqyasının məhdudlaşdırılması çox önəmlidir, həm də korrupsiyaya qarşı mübarizə özü demokratiya uğrunda mübarizədir”.
Dövlət başçısı və ailə üzvləri kommersiya ilə məşğul ola bilməz
AXCP sədri Əli Kərimli bildirdi ki, Azərbaycanda müşahidə olunan hadisələrin normal ölkələrdə baş verməsi mümkün deyil. Ə.Kərimlinin sözlərinə görə, ötən ilin aprelində Əliyevlərə məxsus Dubay villaları ilə bağlı “Washington Post”un araşdırmasından sonra indi cəmiyyətin bildiyi, amma konkret faktlarla sübut edə bilmədiyi korrupsiya əməllərinin jurnalist araşdırmaları yolu ilə üzə çıxması prosesi başlayıb. AXCP sədri bu xüsusda “Azerfon”la bağlı məqalənin müəllifi Xədicə Ismayılovaya, “AtaHoldinq”lə bağlı məqalənin müəllifi Şahvələd Çobanoğluya, ölkədəki hansı iri bankların hakim ailəyə məxsus olduğunu araşdıran “contact.az” saytına təşəkkürünü bildirdi. Ə.Kərimli eyni zamanda “bu tipli yazıları hər zaman yaymağa cəsarət edən” “Azadlıq” qəzeti və “Azadlıq” radiosuna da minnətdarlığını çatdırdı: “Hesab edirəm ki, mətbuat, internet inkişaf etdikcə hələlik bizim bilmədiyimiz başqa faktlar da ortaya çıxacaq. Biz indi deyirik ki, Azərbaycan cəmiyyəti bu kimi faktlara bir qədər biganə yanaşır. Əgər bunun bir səbəbi cəmiyyətin halsızlığıdırsa, bir səbəbi də onunla bağlıdır ki, bu məlumatlardan heç kim şok keçirmir. Çünki bu və başqa formada açıqlanan faktlar cəmiyyətə məlum idi. Sadəcə onlar sübut oluna bilmirdi. Sağ olsun jurnalistlər ki, hər kəsin bildiyi həqiqətləri ciddi sübutlarla ortaya qoyurlar”.
Baş verənlərin ciddi qanun pozuntuları olduğunu deyən Ə.Kərimli qeyd etdi ki, əvvəla, qanunvericiliyə görə, dövlət başçısı və onun ailə üzvləri kommersiya ilə məşğul ola bilməz. Digər tərəfdən, dövlət başçısı hər dəfə seçkilər zamanı gəlir bəyannaməsi təqdim edir, amma həmin gəlir bəyannamələrində jurnalistlərin aşkarladığı böyük vəsaitlərdən heç bir söhbət getmir: “Hazırda söhbət iri korrupsiyadan gedir, təkcə dövlət başçısının ailəsinin bizneslə məşğul olmasından getmir. ”Azərfon”la bağlı araşdırmada dəqiq isbatlanır ki, şirkətin böyük imperiyası məhz dövlət resurslarının sui-istifadə edilməsi ilə formalaşıb. Yəni burada birbaşa açıq korrupsiya əməllərindən söhbət gedir. Sanki Azərbaycan cəmiyyəti bu korrupsiya ilə özünün həyat tərzi arasındakı əlaqəni dəqiq hiss etmir. Bir çoxlarına elə gəlir ki, əgər kimlərsə bu korrupsiya ilə milyardlar qazanırsa, bunun sadə vətəndaşımıza aidiyyəti yoxdur. Elə deyil. Əslində bu vəsait Azərbaycan xalqının sərvəti olmalı idi. Amma onu bir qrup məmur-oliqarx mənimsəyir. Başqa sözlə, bu sərvət Azərbaycan xalqından oğurlanır”.
Rejim xalqın cibinə girir
Hakimiyyətin olduqca amansız sosial siyasət yürütdüyünü deyən Ə.Kərimli qeyd etdi ki, hakimiyyətin geniş təbliğ etdiyi pensiya və sosial müavinətlərin artırılması gülüşlə qarşılanır. Təhsil haqlarının artırılmasını da olduqca yanlış siyasət adlandıran AXCP sədri vurğuladı ki, artıq Azərbaycan ailəsinə övladlarını pullu təhsillə təmin etməyə imkan verilmir. “Əlli-altmış min ailəyə problem yaradılır. Bu qədər amansız siyasət aparılır. Digər tərəfdən, hazırda evləri sökülən vətəndaşlara bazar qiymətlərinə uyğun kompensasiya verilmir. Təqaüdçü, işsiz olduqca təhqiramiz müavinat alır, əmək haqları çox gec-gec və təqribən inflyasiyanın yeyə biləcəyi qədər artırılır. Amma bu tərəfdən milyardlarla vəsait korrupsiya vasitəsilə mənimsənilir”.
Ə.Kərimli bu yaxınlarda “Azadlıq” radiosunda Nəqliyyat Nazirliyindəki korrupsiyaya dair aşkarlanan faktları da xatırlatdı: “Daha böyük vəsaitlər dövlət başçısı və ailəsinə, ondan bir az kiçik vəsaitlər nazirlərə və oliqarxlara, bir az ondan kiçik vəsait isə lokal regional liderlərə, icra başçılarına, polis rəislərinə ayrılıb. Beləliklə, Azərbaycan xalqı talan edilir. Söhbət bu insanların zirəkliklərindən, maliyyə əldə etməsindən yox, Azərbaycan xalqının cibinə girməsindən gedir. Ona görə cəmiyyət özündə güc tapıb baş verənlərə etirazını çatdırmalıdır”.
Ə.Kərimli onu da vurğuladı ki, əgər bu cür ciddi məsələnin müzakirəsinə dəvət olunan onlarla insandan bir qismi tədbirə qatılmırsa, bu, cəmiyyətin problemidir: “Açıq etiraf edirəm. Biz bu dəyirmi masanın test tədbiri olacağını bilirdik. Böyük bir qrup adam gündəmdə belə bir tədbir varkən, Ictimai Palatanı müzakirə edirlər. Məgər müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin vəzifəsi deyilmi hökumətin bu kimi əməllərindən məsuliyyət tələb eləsin. Amma təbii ki, ən böyük məsuliyyət bu işi edənlərdir. Tutalım, bu millətin nəfəsi kəsilib, heç nə tələb edə bilmir. Millətin mübarizə əzmini sındırmağa nail olublar. Bəs onların öz həyaları buna necə imkan verir? Niyə Ilham Əliyev baş verənlərə izahat vermir? Izahı yoxdur, yoxsa xalqı saymır? Xalqı təmsil edən qüvvələrin borcudur ki, bu iri miqyaslı korrupsiyanı xalqımıza çatdıraq və onu da izah edək ki, nə qədər Azərbaycanda güclü vətəndaş cəmiyyəti olmayacaq, bu korrupsionerləri başqa yolla dayandırmaq mümkün olmayacaq”.
Xalqın sərvətinin bu cür talan olunması xəstəlikdir
“Demokrat” qəzetinin baş redaktoru, IP üzvü Mustafa Hacıbəyli bildirdi ki, belə bir hadisə normal ölkədə baş versəydi, orada prezidentin istefası qaçılmaz olardı. Hazırda bu kimi faktların arzulanan rezonansı verməməsinə baxmayaraq, gələcək baxımından mühüm olduğunu deyən M.Hacıbəyli vurğuladı ki, dövlət başçısının qızının “Silkway” bankını altmış mln. manata özəlləşdirməsi əlbəttə ki, ciddi faktdır. M.Hacıbəyli Əliyevlər rejiminin xalqın sərvətini bu cür talamasını anormallıq saydığını söylədi. “Hər bir normal insan Dubayda villasının olmasını istəyə bilər. Amma doqquz vilaya sahib olmaq arzusu anormallıq və xəstəlikdir. Buna başqa ad vermək olmaz”, deyə M.Hacıbəyli vurğuladı.
Konkret olaraq hakim ailənin korrupsiya faktları ilə bağlı məlumatların bir saytda toplanmasını təklif edən M.Hacıbəyli hesab edir ki, belə bir addım hakim ailə ilə bağlı məlumatların bir yerdən əldə olunmasını asanlaşdıra bilər.
Müsavat başqanı müzakirələrin bu hissəsində replika ilə çıxış edərək bildirdi ki, hazırda göz önündə olan korrupsiya faktları hakimiyyətdə oturanların həqiqətən də gözünün doymadığını göstərir.
Azərbaycandakı rejim bir mafiya quruluşudur
Bitərəf iqtisadçı Seyid Mirfeyzulla isə hesab edir ki, Azərbaycandakı rejimi bir mafiya quruluşu kimi xarakterizə etmək lazımdır. Hakimiyyətin məhz mafiya qaydalarına uyğun hərəkət etdiyini deyən S.Mirfeyzulla vurğuladı ki, iqtidar korrupsiyaya qarşı mübarizə aparmaq, demokratik islahatlar reallaşdırmaq niyyətində deyil.
Korrupsiya Əliyevlərin idarəçilik metodudur
IP üzvü Tofiq Yaqublu hesab edir ki, baş verənlərlə bağlı mübarizə prosesi genişləndirilməli və cəmiyyət ciddi şəkildə məlumatlandırılmalıdır: “Əli Həsənov Dubay mülklərinin Ilham Əliyevə məxsusluğuna bəraət qazandırmaq üçün demişdi ki, guya o, bu mülkləri biznesmen olduğu müddətdə topladığı vəsaitlə alıb. Mən biləni dəri gödəkçə satmaqla bu qədər vəsait yığmaq olmaz”.
AMIP mətbuat xidmətinin rəhbəri Əli Orucov Azərbaycanda korrupsiyanın idarəçilik metodu olduğunu söylədi. Azərbaycanda bütün vəzifələrin satın alına biləcəyinin dəhşətli fakt olduğunu deyən Ə.Orucov vurğuladı ki, korrupsiyanın bu qədər yüksək səviyyəyə çatmasında vətəndaşların da günahı var: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə necə effektiv ola bilər ki, korrupsiyaya qarşı mübarizə aparmalı olan idarənin başında ən böyük korrupsioner Ramiz Mehdiyev dayanır”.
Hakimiyyət cəmiyyətin korrupsiyalaşmasında maraqlıdır
IP üzvü Imamverdi Cəfərov da diqqəti cəmiyyətin korrupsiya faktlarına reaksiyasına çəkdi. Hazırkı rejimdən toplumun narazı olduğunu deyən I.Cəfərov vurğuladı ki, bu narazılıq yol verilən qanun pozuntularına görə hesabın sorulması səviyyəsinə qaldırılmalıdır.
“Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli bu cür tədbir keçirdiklərinə görə Ictimai Palataya təşəkkürünü bildirdi. Q.Əlibəylinin sözlərinə görə, bizneslə məşğul olarkən dövlət resurslarından yararlanmaq, qanunları pozmaq, çirkli pulların yuyulması yolverilməzdir. Azərbaycanda siyasi hakimiyyətin özünün cəmiyyətin korrupsiyalaşmasında maraqlı olduğunu düşünən Q.Əlibəyli vurğuladı ki, burada rejim sadə vətəndaşları özünün cinayət ortağına çevirir: “Azərbaycanda bir müddət əvvəl korrupsiyaya qarşı elan olunan mübarizə beynəlxalq təşkilat qarşısında alınan bir qrant idi. Elə həmin qrant da korrupsiya yolu ilə mənimsənildi”.
Azərbaycanda korrupsiyanın təsirinə düşmüş elə bir sahənin olmadığını deyən Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı vurğuladı ki, artıq korrupsiya ölkəmizdə sistem probleminə çevrilib. Və korrupsiyanın kökünün kəsilməsi üçün sistemin dəyişməsi vacibdir. Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin Ramiz Mehdiyev başda olmaqla imitasiya ilə məşğul olduğunu deyən M.Talıblı qeyd etdi ki, bir müddət əvvəl yalnız məişət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparıldı və bununla kifayətlənildi: “Dövlət amansızcasına təhsil haqlarını iki-üç dəfə artırır. Amma o nəzərə alınmır ki, 2010-cu ildə orta aylıq əmək haqqı 325 manat təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 350 manat oldu. Əmək haqqı cüzi artırıldığı halda, təhsil haqları iki-üç dəfə qaldırılıb”.
Bu hakimiyyətin ömrünə az qalıb
IP üzvü Aqil Səmədbəyli bildirdi ki, hakim ailənin korrupsiya əməllərini müzakirə etməyin özü cəsarət tələb edir. Məhz buna görə tədbirə dəvət olunan bir çox tanınmışların dəyirmi masaya qatılmadığını deyən A.Səmədbəyli vurğuladı ki, son açıqlanan faktlar hakim rejimin mahiyyətini çılpaqlığı ilə göstərir: “Azərbaycan xalqı çox əzmkar xalqdır. Bizim millətin başı üzərində qurulan oyunlar kimin üzərində qurulsaydı, həmin millət çökərdi. Məhz bizim millətin üzərində bir müddət KQB-nin generalı olub. Amma millət sınmayıb və gördüyünüz kimi, bu gün də belə mövzulu tədbirə qatılmağa adamlar var. Bu hakimiyyətin ömrünə az qalıb. Sovet imperiyasının onurğasını sındıran bir xalq sovetin tör-töküntüsünü də məhv edəcək”.
Jurnalistlərin cəmiyyətə həqiqətləri çatdırmaq üçün fədakar addımlar atdığını deyən IP üzvü Mehriban Vəzir də bu əməklərinə görə onlara təşəkkür etdi. Hakimiyyətin korrupsiya faktlarına münasibət bildirən M.Vəzir söylədi ki, tarix bu cür dərsləri çox görüb: “Vaxtilə Hacı Zeynalabdin Tağıyevin yoldaşı Sona xanım üçün xaricdə xüsusi zümrüd qaşlarından paltar tikilmişdi. Həmin paltarın dalınca Avropanın ən məşhur oğruları düşmüşdü. Həmin paltar Bakıdakı rus bankında xüsusi mühafizə ilə qorunurdu. Sona xanım həmin paltarı geyinən zaman o bankdan gətirilirdi. Amma bu xanım axırda bir tikə çörəyə möhtac qaldı”.
IP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirdi ki, bəzən korrupsiya ilə rüşvət anlayışı qarışdırılır. Korrupsiyanın bir idarəçilik sistemi, rüşvətin isə onun bir elementi olduğunu deyən V.Mirkamal bildirdi ki, müxtəlif yollarla baş verənlər cəmiyyətə çatdırılmalıdır: “Məsələn, biz ictimai məhkəmələr təşkil edə bilərik. Burada hakimi, prokuroru və vəkili özümüz təyin edəcəyik. Həmin məhkəmələrdə Azərbaycan qanunlarına əsasən bu cür korrupsiya faktlarının necə cəzalandırıla biləcəyini konkret faktlarla ortaya qoya bilərik. Bu məlumatın ictimailəşdirilməsi böyük rezonansa səbəb ola bilər”.
Xəyal