İctimai Palatanın Masallı şöbəsi yaradıldı

İctimai Palatanın rayon şöbələrinin yaradılması prosesi davam edir. Dünən də qurumun Masallı şöbəsi yaradılıb. AXCP və Müsavatın yerli şöbələrinin iştirakı ilə qurumun təsis konfransı keçirilib. Tədbir Müsavat Partiyasının yerli təşkilatının qərargahında baş tutub. Tədbirdə 60-a yaxın şəxs iştirak edib. Onlardan 12 nəfəri rayonun tanınmış ziyalıları, qalanları isə AXCP və Müsavatın üzvləri olub. Tədbirdə AXCP, Müsavat və bitərəflərdən ibarət qurumun koordinasiya şurası seçilib.

Daha sonra Müsavat yetkilisi Gülağa Aslanlı ölkədəki ictimai siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib. Çıxışında Ictimai Palatanın aksiyalarına toxunan Gülağa Aslanlı deyib ki, hakimiyyətin zorakı metodlarına əl atmasına baxmayaraq aksiyalar davam etdiriləcək. Gülağa Aslanlı həmçinin bildirib ki, Ictimai Palatanın yerli şöbələrinin yaradılması təqdirəlayiq haldır. O, yerli şöbələri qurumu daha da genişləndirmək üçün ciddi səylər göstərməyə çağırıb.