Cabbar Savalanlının işinə baxan hakimə ünvanlanmış açıq məktubda nələr yazılıb?
AXCP-nin iqtisadiyyat şöbəsinin müdiri Məhəmməd Talıblı bu partiyanın üzvü, narkotiklə şərlənərək iki il yarım azadlıqdan məhrum edilmiş gənc fəal Cabbar Savalanlının apelyasiya şikayətinə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Lətifə Məmmədovaya AÇIQ MƏKTUBla müraciət edib:
“Ana olaraq, bir gəncin taleyilə bağlı ilahi missiyanızı dərindən dərk edin!”
Möhtərəm hakim!
Cabbar Savalanlının işi üzrə məhkəmə prosesinin ölkədə son ayların ən ciddi və qalmaqallı məhkəməsi olduğunu söyləsək, yanılmarıq. Çünki bu haqda hər gün media yazır, gənclər təşkilatları bununla bağlı müxtəlif aksiyalar keçirir, beynəlxalq təşkilatlar, səfirliklər bu işi daim nəzarətdə saxlayırlar və s. Məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, yenə də növbəti dəfə həndəsi silsilə ilə məhkəmə binasının önünə gələnlərin sayı artır.
Son məhkəmə iclasının təxirə salınaraq, vəkil Anar Qasımovun vəsatətinin təmin olunması Cabbarın yaxınlarında bəlkə bu instansiyada ədalətli qərar çıxarılacağıyla bağlı müəyyən ümid yaradıb. Siz də bir ana olaraq, evində yalnız Azərbaycan Bayrağı altında kitab oxuyan bir gəncin taleyinin mənfiyə doğru dəyişməməsi üçün ilahi missiyanızı dərindən dərk edin. Bu, müqəddəs borc kimi, çox vacibdir. Hər birimiz hər hansı peşənin sahibi olmamışdan öncə INSANIQ və valideynik. Hər bir peşədə insanın özünün şəxsiyyəti və dəsti-xətti görünməlidir. Əks halda, bizlər kortəbii qərarların icrası və ya robot olmarıqmı?
Cabbarın anasının yerində hər birimizin anamız ola bilər. Sağlam uşaq, savadlı gənc, milli hissi olan övlad tərbiyə edirik və cəmiyyətə təhvil veririk, sonda da dövlət onu cəzalandırır… Amma günün günorta çağı şəhərin mərkəzində silah atışmasını özünə hobbi seçənlər isə mükafatlandırılır. Sizcə, o zaman bizim gənclik hansı yolu seçər? Bu situasiyada bu cür fəaliyyəti kim stimullaşdırdı? Cavab aydındır!
Cabbarın anasının keçirdiyi hissləri, hətta ana olmayan atalar da keçirə bilər. O hiss cinsə bağlı məsələ deyil, mənəviyyata və məsuliyyətə bağlı məsələdir. Rəsul Rza şeirlərindən birində yazırdı: Köz nə çəkdi, küldən soruş…
Ona görə, xahiş edirəm ki, siz dünyaya Cabbarın anasının timsalında bütün anaların gözü ilə baxasınız. Orada siz Cabbarın gerçək kimliyini, görəcəksiz! Görsəniz, o zaman saxta qərarlar sizə yad gələcək. Gəncləri isə o yadlaşmaqdan mütləq qorumaq lazımdır.
“Cabbara qarşı baş verənlər bərbad ssenariləşdirilmiş tamaşadır”
Möhtərəm hakim!
Mən də Cabbarın məhkəmə prosesində iştirak etmişəm. Ona bir hüquqşünas kimi olmasa da, hüquq anlayışı olan bir iqtisadçı kimi qiymət verə bilmişəm. Istəyirəm, həmin hüquqi qiyməti sizinlə bölüşəm.
Cabbar sağlam həyat tərzi keçirən gənc olduğu və siqaret belə çəkmədiyi halda, o necə narkotik maddədən istifadə edib? Əgər o, narkotik maddədən istifadə edən olubsa belə, polislər onu aparmağa gələndə niyə uzun müddət guya üzərində olan həmin maddəni atmayıb?
Yaxud, hadisənin hal şahidləri barədə… Həmin hal şahidləri heç həmin vaxt hadisə yerində də olmayıblar. Sadəcə, sonradan məsləhət bilinib ki, bu adamlar hal şahidi olsunlar, onlar da olublar. Eyni adamlar başqa bir işdə Vüsal Əliyev adlı şəxsə qarşı da hal şahidliyi edirlər. Sizcə, bu polislərlə əməkdaşlıq şəraitində işləyən ştatlı üzəduranların lazımi məqamlarda hal şahidliyi etməsi deyilmi?
Güman edirəm ki, növbəti məhkəmə iclasında bütün bunlara aydınlıq gətiriləcək. Mən məhkəmənin gedişatından da gördüm ki, bu, pis formada quraşdırılmış və bərbad ssenariləşdirilmiş tamaşadır. Hətta o tamaşaya “obıvatel” də gülə bilər.
“Bu iş üzrə qərar verərkən ehtiyatlı olun!”
Möhtərəm hakim!
Azərbaycanda son illərin biabırçı əhval-ruhiyyəsi ictimai rəyə hakim kəsilib. Əksəriyyət özündən güclü görünən zorla vuruşmaqdansa, ona asanlıqla təslim olmaq yolunu tutub. Əslində, normal ölkələrdə saxta iş sahibləri utandırılır, ictimai qınağa tuş gəlir, elə insanlara salam vermək belə, qəbahət sayılır. Bizdə isə yanaşma bir qədər fərqlidir.
Volterin bir fikri yadıma düşdü: “Yalnız özünə yarayanlar heç kimə yaramazlar”.
Cabbar kimi gənclər özündən daha çox, cəmiyyət üçün faydalıdır. Ona görə də elələrini cəzalandırmaq yox, mükafatlandırmaq lazımdır. Məncə, gəncləri fərqli baxışlarına görə həbsə atmağın başqa bir üsulu da onları cəmiyyətə və dövlətə qarşı aqressivləşdirməkdir. Cabbarın işi üzrə hər məhkəmə iclasına olan ictimai diqqəti yəqin ki, bilirsiniz. Polis maşınları və əməkdaşlarının sayının çoxluğu əslində, məhkəmə önünə gələn insanların sayına reaksiyadır. Bu məhkəmə iclasları həm də onu göstərdi ki, ədalətsiz həbs Cabbarın qohumlarını, dostlarını daha da sıx birləşdirdi və hakim rejimə nifrətlərin daha da artırdı.
Bu mənada qurama işlər bumeranq effektlidir. Əks reaksiyalar və sərt münasibətlər doğura bilər. Insan taleyinə belə soyuqqanlı münasibət heç də asan məsələ deyil. Ona görə də xahiş edirəm, bu iş üzrə qərar verərkən ehtiyatlı olun!
“Vicdanın hökmünə qulaq asmaq çox vacibdir!”
Möhtərəm hakim!
Bizim ölkədə günahsız adamlara saxta ittihamlar verənlər özlərinə yaxşı bir bəraət düsturu da tapıblar: “Bizlik heç nə yoxdur, yuxarıdan nə deyilsə, o da olacaq”.
Gərək ciddi və vicdanlı hakimlər belə bəraət prinsipini özünü (adını) qoruma prinsipilə əvəzləsin. Çünki həyatda hansısa dönüş nöqtələrini gözlənilməz və cəsur qərarlar həll edir. Fikrimcə, bütün cəmiyyət “xor” oxumağa başlayanda cəmiyyətin faciələri başlayır. Ona görə də haqsızlığın önündə əyilməyin! Menecment elmində deyildiyi kimi: Özünüzü başqasının ayaqqabısının içində hiss etməyin, çalışın öz ayaqqabınız olsun!
Həqiqətən, öz vicdanının hökmünə qulaq asmaq olduqca vacibdir. Xüsusilə də bu, hakim üçün çox vacib keyfiyyətdir. Hamımız bu cəmiyyətdə yaşayırıq. Gözübağlı gəzməsək, çoxsaylı potensial cinayətkarları hər yerdə görə bilərik. Ölkədə çoxsaylı nazir balalarının şəhərin mərkəzində silahlı atışmasının qarşısına çıxmaq cəsarəti, onlara qarşı hüquqi müstəvidə ölçü götürməyin mümkünsüz olduğu halda, yalnız millətini sevən və azadlıq ideyaları ilə alışıb-yanan Cabbar kimi gənclərə “dərs vermək” bilirsiz nə deməkdir? Bu, sonda cəmiyyəti kosmopolit bir topluma çevirmək niyyətlərindən xəbər verir.
Sonda bir fikrimi də bildirmək istəyirəm. Hakimlərin sifarişli qərarları göz yaşıyla elan etdiyini də görmüşəm. Əgər bu qeyri-obyektiv qərar Tanrının və hüquq elminin əsas prinsipinə ziddirsə, onda sonradan heç bir özünübəraət neoritorikası nəticə və məzmunu dəyişməyəcək. Çünki həqiqətdən dönmək üçün 1000 yol tapmaq olar, amma həqiqətə gedən 1 yol var! (J.J.Russo). Çalışın HƏQIQIQƏTINIZI heç kimə güzəştə getməyin. Sonra başqa güzəştlər də istəniləcək…
P.S. Bu ölkədə hüququn gücü yox, gücün hüququ hakim olduğundan, məhkəmə qərarını gözləmədən hakimə hərə bir məktub yazsın. Bu AÇIQ MƏKTUB hakimin özünə də poçt vasitəsilə göndərilib.