Cabbar! Üç gün əvvəl bir futbol klubumuz Avropa Liqasında mərhələ adladı deyə, Bakı bayram yerinə döndü. Bəlkə də 18 ildir qələbəyə tamarzı olan bir xalqın ən xırda uğurdan bir bayram havası yaratmasını ona bağışlamaq mümkündür, hər nə olsa da, kiçik uğurlardan böyük qələbələr qondaran da bu xalqdır, “görməmişin oğlu” haqqında müdrik ata sözünü yaradan da.
Amma mən bir futbol klubumuz Avropa Liqasında mərhələ adladı deyə, Bakı küçələrində sevinc çığlıqları atan, yeri-göyü inlədən insanlarımızı anlamaqda doğrudan çətinlik çəkirəm. Yəni bu məmləkətin insanı demokratiyada, vətəndaşlarının rahat, qayğısız, asudə, özgür, gözü və könlü tox yaşaya biləcəyi bir ölkə qurmaqda sinifdə qalıb, hansısa futbol yarışında mərhələ adladı deyə, özünü dünyanın xoşbəxti sayacaq qədər düşüncəsiz və duyğusuzdurmu, Cabbar?Avropa Liqasında mərhələ keçən klubumuzun adı – “Qarabağ”…
Illərdir mərhələli-mərhələsiz həll paketləri ilə bizdən hər gün bir az da uzaqlaşan, uzaqlaşdırılan, bizə hər gün bir az da əlçatmaz olan Qarabağın adını daşıyan klubumuz Avropa Liqasında mərhələ keçdi deyə, bu məmləkətin insanları necə sevinə bilirlər, adamın ağlı kəsmir, Cabbar!
Başında oturanlar bu ölkənin taleyi ilə oynarkən, uşaqlarımızın gələcəyi ilə oynarkən səssiz qalan bir toplum hansısa futbol oyunundakı qələbədən necə mədət uma bilir, bundan özünə necə təskinlik düzəldə bilir? Yer altında və üstündə bunca sərvətlərə sahibkən özünün cibində siçanlar oynadığı, amma əlindən hakimiyyəti, milli iradəni oğurlayanların da əli pulla oynadığı halda, bir futbol oyunundakı qələbəyə görə necə bayram edə bilir bu xalq, Cabbar, necə şadlana, şənlənə bilir?
Hüququ, ədaləti, azadlıqları, rifahı Avropanın min ağac uzaqlığından belə keçməyən bir ölkənin futbol klubu Avropa Liqasında mərhələ keçdi deyə, qol götürüb süzən, dombalaq aşan, göbək atan vətəndaşlarımız keşkə bircə dəfə də oturub düşünsələr:
– niyə 18 ildir bu ölkədə oyun təkqapı gedir, niyə 18 ildir bu ölkə tək adamın iradəsinə tabe edilib?
– niyə bu ölkədə 18 ildir qanunlar ofsayddadır?
– niyə bu ölkədə 18 ildir bir ucdan azadlıqlar qırmızı kart görür, oyundan atılır?
– niyə bu ölkədə 18 ildir bir dəfə də xalqın vurduğu qol qeydə alınmır, məsələn, onun seçdiyi prezident, onun səs verdiyi deputat ola bilmir?- niyə 18 ildir bu ölkədə bütün qələbələr saxtakarlıqla, “karusel”lə, hiylə ilə, fırıldaqla, kələklə, rəqibi ələ almaqla qazanılır?- niyə 18 ildir bu ölkədə ancaq həqiqətlər dirəkdən dönür?
– və niyə 18 ildir bu ölkədə yalnız yalançılar çempion olur?
Avropanın bir parçası olmaq üçün verdiyi heç bir imtahandan üzüağ çıxmayan, heç bir sınaqdan keçməyən bir məmləkətin insanları Avropa Liqasında mərhələ keçdik deyə, atılıb-düşdükləri yerdə bir az da bunları düşünsəydilər, zatən Azərbaycan indi başqa yerlərdə idi, Cabbar! Indi başqa bir Azərbaycan idi Azərbaycan – başında oturanların hər gün bir az da varlanmaq, bir az da çox sərvət sahibi olmaq üçün min oyundan çıxmadığı, ətrafında kirli, çirkin, qaranlıq oyunların oynanmadığı, yalnız futbolun oynandığı Azərbaycan idi…
“Azercell”in gündüzlər çölə çıxa bilməməsi
“Azercell” əməkdaşlarına silahlı basqın haqda bilirsiniz. Onlar şirkətin ofisindən çıxıb banka gedərkən şəhərin düz mərkəzində basqınçılar qarşılarını kəsiblər, özlərini yaralayıblar, pullarını isə alıb əllərini-qollarını sallaya-sallaya uzaqlaşıblar.
Olayla bağlı Daxili Işlər Nazirliyinin məlumatında hadisənin baş verdiyi vaxt belə göstərilib: “Dünən günorta saatlarında…”
Mən indi bunların ölkədəki sabitlik, asayişin yüksək səviyyədə təmin olunması barədə ağızlarına çullu dovşan sığmaya-sığmaya danışdıqları nağılları bir kənara qoyuram. Onları bir azca utanmağa, ayıblarına kor olmağa dəvət edirəm. Yeri gəldi-gəlmədi, “92-93-cü illərdə xalq gecələr çölə çıxa bilmirdi” janrında üyüdüb-tökürsünüz, başımızı-beynimizi xarab eləyirsiniz.
Barı bundan sonra dilinizi dinməz yerinizə qoyun, 20 il əvvəl xalqın gecələr çölə çıxa bilməməsi haqqında yalanlar uyduracağınıza, miflər qondaracağınıza, çalışın ki, xalq bu gün heç olmasa, gündüzlər çölə çıxa bilsin.