Artur Rəsizadə niyə “ofsayd”da qalıb?

Mahal İsmayıloğlu: «Heydər Əliyevin seçdiyi kadrlar həmişə mütiliyi ilə seçilib»

«Kim daha çox baş əyib, «bəli», «başüstə» deyibsə, hökumətə daha yaxın olub»

Azərbaycan Konstitusiyasına görə, baş nazir ölkənin ikinci adamı sayılır. Yəni, prezidentdən sonra söz və qərar sahibi olan şəxs baş nazirdir. Azərbaycanda isə bu vəzifənin sahibi nəinki ikinci, heç iyirminci şəxs statusunda da nəzərə çarpmır.
Azərbaycan kimi avtoritar rejimlərdə hər şeyi birinci adam həll etdiyindən təbii olaraq Nazirlər Kabinetindən tutmuş, parlamentə qədər hakimiyyətin bütün qollarına prezident özü nəzarət edir. Bu halda kiminsə “ikincilik” yəni, əvəzləyici iddiasına düşməsi də real deyil. Amma Azərbaycan reallığında daha aşağı post tutanların baş nazirdən daha fəal olması da inkaredilməzdir. Bu gün ölkənin ən passiv nazirinin belə, adı baş nazir Artur Rəsizadədən daha çox hallanır. Bir məqamı da qeyd edək ki, dünyanın hər yerində baş nazir, mer, xarici işlər naziri kimi vəzifələr prezidentlik üçün ən uyğun “tramplin” hesab olunur. Azərbaycanda isə bu vəzifələr adətən iddiasız adamlara həvalə olunur.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, formal baş nazir, heç bir səlahiyyəti olmayan hökumət başçısı postu avtoritar rejimlərin xarakterindən irəli gəlir: “Bu cür baş nazir hakimiyyətə sərf edir. Ramiz Mehdiyev nə qədər amansız funksionerdisə, Artur Rəsizadə bir o qədər müti, proseslərə müdaxilə etməyən, loyal yanaşan hökumət başçısıdır. Bu insan bu missiyanı üzərinə götürüb ki, heç nəyə qarışmayacaq. Hətta tabeliyində olan nazirlərin ondan qat-qat geniş səlahiyyət dairəsinə sahib olması ilə də barışır”.
M.Ismayıloğlunun sözlərinə görə, Heydər Əliyevin seçdiyi kadrlar həmişə mütiliyi ilə seçilib: “Kim daha çox baş əyib, ”bəli”, “başüstə” deyibsə, o, hökumətə daha yaxın olub”.
Bəzi nazirlərin baş nazirdən daha çox iddialı olmasına gəlincə, M.Ismayıloğlu deyir ki, onlar daha çox yığdıqları sərvətlə gündəmə gəlirlər: “Nazirlərin özlərini daha səlahiyyətli aparmaları onların ələ keçirdiyi sərvətlərlə bağlıdır. Onlar nazir olmaqdan daha çox, monopolistdilər, iş adamıdılar”.