YAP-ın xaricdəki rayon təşkilatları

Azərbaycanın Belarusdakı diasporunun rəhbəri Natiq Bağırov bizim saytlardan birinə müsahibə verib, son vaxtlar Lukaşenkoya qarşı güclənən etiraz aksiyaları barədə danışıb. Oxuyub həm iyrəndim, ürəyim bulandı, həm də “Azərbaycan diasporası” anlayışının zəkasızlıqdan, köləlikdən başqa heç nəyi ifadə etmədiyinə bir daha əmin oldum.

Natiq Bağırov adlı həmin bu cənab Belarusdakı etirazçıları alçaltmağa çalışıb, nümayişləri xarici qüvvələrin təşkil etdiyini, Belarus xalqının Lukaşenkodan yerdən göyədək razı olduğunu, azərbaycanlıların aksiyalara qoşulmadıqlarını və heç vaxt da qoşulmayacaqlarını deyib.

8 il əvvəlki bəsirətsizliyin təkrarı

Bu adamın müsahibəsini oxuyarkən yadıma 2003-cü ildə Saakaşvilinin hakimiyyətə gəlməsilə yekunlaşan “qızılgül inqilabı” düşdü. Tbilisidə aksiyalar gündən-günə güclənir, artıq Şevardnadze hakimiyyətinin sonunun gəldiyinə heç bir şübhə yoxdur, amma bizim Gürcüstandakı azərbaycanlılar neyləyirlər? Oradakı diasporamızın başçıları Şevardnadzeni dəstəkləyən bəyanatlar verir, azərbaycanlıları aksiyalara qoşulmaqdan çəkindirirlər, hətta utanmadan Borçalıdan Tbilisiyədək Şevardnadzeyə dəstək yürüşü belə, təyin etmişdilər.

Aradan cəmi bir neçə gün keçdi, bizimkilərin pisliyi özünə qaldı, Gürcüstanda avtoritarizm yıxıldı, demokratik hakimiyyət bərqərar oldu. Indi bunun bəhrəsini bəlkə gürcülərdən də çox azərbaycanlılar görürlər. Ölkədə iqtidarlı-müxalifətli hər kəs Gürcüstan azərbaycanlıları ilə hesablaşır, onların dərdini dinləyir, problemini çözməyə çalışır, çünki 500 min səs az deyil. Bu qədər səsi qazanmaq üçün iqtidardakılar da, müxalifətdəkilər də Gürcüstan azərbaycanlılarının dostu, həmdəmi olmağa məcburdur.

Demokratiyanın gətirdiyi belə üstünlükləri əvvəlcədən görməyəcək qədər cahil, beyinsiz bir Azərbaycan diasporası nə yazıq ki, indi də Belarusda peyda olmuşdur. Nə yazıq ki, bu gün Belarusdakı Azərbaycan diasporunun rəhbəri də Gürcüstandakı soydaşlarımızın 8 il əvvəlki səhvini, düşüncəsizliyini, ağılsızlığını təkrarlamaqdadır. Bütün tiraniyalar kimi, Lukaşenko rejiminin də dağılacağını, bu cür sistemlərin axırı olmadığını görməyəcək, anlamayacaq qədər bəsirətsiz davranmaqdadır. Qafası ilə deyil, qarnı ilə düşünməkdədir. Müdriklik və ağıl nümayiş etdirməkdə aciz qalmaqdadır.Əminəm ki, biz sabah eyni vəziyyəti başqa avtoritar ölkələrdəki diasporalarımızın timsalında da görəcəyik. Günü sabah bütün qazax xalqı Nursultana qarşı üsyana qalxsın, xeyri yoxdur, Qazaxıstandakı azərbaycanlılar yenə də sonadək Nazarbayevin əsgərləri olacaqlar. Çünki xaricdə Azərbaycan diasporaları faktiki yoxdur, mövcud deyil, Azərbaycan diasporaları deyib bizim gözlərimizə soxulan da əslində YAP-ın xaricdəki şöbələridir. Adını diaspor rəhbərləri qoyanların isə YAP-ın rayon təşkilatı sədrlərindən heç bir fərqi qalmamışdır. Ona görə də Ilham Əliyevin dostları onların da dostlarıdır. Ona görə də Ilham Əliyevə sadiq olduqları qədər Ilham Əliyevin dostlarına da sadiqdirlər.

Necə ki, YAP-ın rayon təşkilatları Azərbaycan xalqını Ilham Əliyevin ətrafında sıx birləşdirmək üçün əldən-ayaqdan gedirlər, adını diaspora rəhbərləri qoyanlarımız da dünya azərbaycanlılarını Ilham Əliyevin xaricdəki xurcuntaylarının ətrafında sıx birləşdirməkdən başqa bir yaralı barmağa dərman deyillər.

Demokratiyaya qarşı səfərbərlik

Əslində Ilham Əliyevin sevə-sevə, sevinə-sevinə keçirdiyi “dünya azərbaycanlılarının qurultayları”nın mahiyyətini də doğru açıqlamaq zamanı gəlmişdir. Bu qurultayların arxasında dünyanın hər yerində yaşayan azərbaycanlıları demokratiyaya, tiranlarsız, krallarsız bir dünyaya qarşı səfərbər etmək niyyətindən başqa heç nə dayanmır.
Gəlirlər, təlimatlarını alırlar, sonra gedib sinələrini nazarbayevlərə, lukaşenkolara sipər eləyirlər. Çünki bilirlər: hər gedən despot Ilham Əliyevin kisəsindən gedir. 
Və onu da bilirlər ki, hər yıxılan despotla Əliyevçi rejimin ömür sarayından yeni bir kərpic düşür.