Anar ermənilər qarşısında susub…

Xalqdan üzr istəmək əvəzinə «Qorbaçov məni tanıdı, bu, mənə bəsdir» dedi

Şamo Arif

 

əvvəli ötən sayımızda

Atamın həmişə təkrarladığı bir nəsihəti vardı. Deyərdi, ay oğul, hər atılan daşa, atmacaya, ləyaqətsiz yazıya məhəl qoyma, tüpür getsin… Atamın nəsihətinə, indi isə vəsiyyət kimi səslənən məsləhətinə bir dəfə əməl edə bilmədim. Gərək Anarın cavabına da tüpürəydim. O yazıya tüpürə bilmədiyimə görə Anara bir lənət düşürsə, Anara baş qoşduğuma görə mənə on qat lənət düşür…
Dünya görüb-götürmüş bir insan kimi millət vəkilinə demək istəyirəm ki, varlığı işlətdiyi “xoş” sözlərlə doludursa, küçə uşaqlarıyla söyüş yarışına çıxsa, qalib gələcəyinə əmin ola bilər.
Nəhayət, millət vəkili əgər şərəflə bu adı daşımaq istəyirsə, söyüşlərini öz içində saxlasın və hədəfə aldığı adamın nə yazdığını dəqiqliklə oxucuya göstərdikdən sonra, özünü itirmədən, konkret faktlarla öz istəyinə çatmalıdır.
Hələlik, əsl mətləbdən uzaqlaşmamaq naminə Anarın doğma anası və möhtərəm Rəsul Rza haqqında ürək ağrıdıcı, bəlkə də, dəhşətli hadisələrdən xəbər verən açıqlamaları düşündürücüdür. Anarın Kremldəki fəaliyyətini gizlətməsi və dövlət sirri kimi xüsusi əhəmiyyətli iş yerinin oğul tərəfindən də ictimaiyyətə çatdırılması nə deməkdir?
Yenə də Beriyanın “əkdiyi ağaclar bəhrəsini” verməkdədir, desəm, bəlkə o qədər də yanılmaram. Allah şeytana lənət eləsin. Yadıma “ata, oğul” şeytan əhvalatı düşdü…
Tanrının fağırdan-fağır bir kəndli babası ulağını odunla yükləyib ocağına aparanda, düzün-düz yerində ulağı büdrəyir, yükünü aşırır. Kəndli baba heyrətlə ətrafına boylanıb heç kəsi görməsə də ürəkdən bir “ah” çəkərək, “Lənət sənə, kor şeytan!” deyib, yerində quruyub qalır… Çox-çox uzaqlardan  bu hadisəni izləyən oğul şeytan ata şeytandan soruşur: “Səni niyə lənətlədi?” Cavabında ata şeytan gülümsəyib: “Mən haralarda olsam da, mənim şeytan barmağım istədiyimi eləyəcək!” deyir…
Mənim bu yazıya müraciət etməyimin səbəbi Anarın Ənvər Məmmədxanlıya həsr etdiyi essedən bəzi cümlələri, atmacaları oldu.
Anara elə gəlir ki,  Rəsul Rzanın da, Anarın qohumunun da “cəza” almasının səbəbkarı Süleyman Rəhimovdur. O Süleyman Rəhimov ki, repressiya dövründə dəhşətli işgəncələrə məruz qalsa da, onu əymək, sındırmaq mümkün olmayıb. O Süleyman Rəhimov ki, adının çəkilməsi də qadağan edilən Hacı Zeynalabdin Tağıyevin doğma qızı Sara Xanım Sarayevaya, heç kəs Mircəfər Bağırovun qorxusundan cürət eləyib bir qarın çörək pulu qazanmaq üçün iş vermədiyi halda, Mədəni Maarif Müəssisələri komitəsində işləyərkən, komitənin arxivində, gözdən “uzaq” bir otaqda milyonçu qızına iş verir. Sara Xanım da bu xeyirxahlığın müqabilində atası haqqında olan məlumatlar toplusunun üzərində: “Zəmanəmizin comərd insanı Süleyman Rəhimova Sara Xanım Sarayevadan” yazıb, təqdim edir.
Başı bəlalar çəkən Süleyman Rəhimov 1954-1958-ci illərdə, üçüncü dəfə Yazıçılar Ittifaqının sədri olduğu dövrdə, Səməd Vurğun rəhmətə getdikdən sonra, Sovet imperiyasının qəzəbindən çəkinsəydi, yaşadığı “Qızıl ordu” küçəsini iradəsi, cəsarəti hesabına dəyişdirdib, “Səməd Vurğun” küçəsi adlandırılmasına nail olardımı? Qorxaqlıq, acizlik, mənəviyyatsızlığın nə olduğunu bilmədən Cəlil Məmmədquluzadənin həyat yoldaşı, milyonçu qızı Həmidə Xanımın Fəxri Xiyabanda, həyat yoldaşının yanında dəfn olunmasına müvəffəq olardımı? Bütün bunlar o dövr idi ki, Sovet imperiyasının qılıncının dalı da kəsirdi, qabağı da!
Süleyman Rəhimov 1938-ci ildə həbsdən azad edilsə də, çox çəkmir ki, həbsdə olan Ruhulla Axundovun təqdim etdiyi millətçilərin siyahısına istinadən ikinci dəfə həbs edilir. “Lakin Mircəfər Bağırovun göstərişi ilə siyahıda ”fəxri yerlərdə duran” Mir Bəşir Qasımov, Üzeyir Hacıbəyov,  Səməd  Vurğuna toxunulmur. Həbs olunan Süleyman Rəhimov isə tezliklə azad edilir”. (Ramiz Əhmədov: “M.C.Bağırov”. Bakı, 2004, səh. 123).
Şübhə yoxdur ki, Mircəfər Bağırov kimi bir insan, bu şəxsiyyətləri yaxından tanımasaydı, xüsusilə, Süleyman Rəhimovun saflığını, mərdanəliyini, kişi bütövlüyünü şəxsən bilməsəydi, belə bir məsuliyyətli işə getməkdən çəkinərdi.
Bütün bunlar – Süleyman Rəhimov haqqında çox qısa surətdə təqdim edilsə də, tarixi həqiqətlərdir – qaçılmaz, danılmaz, unudulmaz tarixi həqiqətlər!.. Heç də təsadüfi deyildi ki, onu yaxından tanıyan dövrünün ziyalı həmkarları Süleyman müəllimi şir ürəkli, fil dözümlü, kişilik simvolu kimi xatırlayırlar…
Anarın Süleyman Rəhimov haqqında yazdıqlarına mən heç də təəccüb etmədim, bəlkə də onu başa düşməyə çalışdım. Ona görə ki, doğma anası Nigar Rəfibəyli və hörmətli xalq şairi Rəsul Rza haqqında yazdıqlarını diqqətlə, heyrətlə, dönə-dönə oxuduqca ayağımın altından yer qaçırdı və Süleyman Rəhimov barədə yazdıqlarına “şükr” elədim… Ona görə şükr elədim ki, məzarda uyuyan doğma anasının yalanlarını açan oğuldan hər nə desən gözləmək olar…
Napoleon hakimiyyətinin xarici işlər naziri Taleyran Fransa daxilində hər nə varsa, sata bilib. Yalnız anasını sata bilməyib. Ona görə sata bilməyib ki, alıcısı tapılmayıb…
Hər halda, belə bir Kreml açıqlanması, oğulun doğma anasına olan böyük məhəbbətdən irəli gəldiyini düşünmək o qədər də asan deyil… Bütün bunları buraxaq oğulun öz vicdanına və yapışaq şeytanların yaxasından…
Mən bilirdim ki, bu hadisələrə yeri gəldi-gəlmədi, “Anar barmaqları” fəaliyyətə keçəcəkdir. Ancaq bir onu bilmirəm ki, bu millət vəkili Anarın hansı çöçələ barmağıdır –  əlinin, yoxsa, ayağının?..
Daha şeytanlara da hansı əlin, ayağın “barmağı” olmalarına baxmayaraq, heç də lənətlər yağdırmıram… Ona görə ki, xalq məsəli də var: “Şeytana ”papış” tikən, yəni torba tikən adamlar!”
Son olaraq şərəfdən, qeyrətdən dəm vuran millət vəkilinə məsləhətim budur ki, şərəfin, qeyrətin nə olduğunu bilmirsə, ona izah edim: 1988-ci ildə Bakıda Sovet imperiyasının tətbiq etdiyi fövqəladə vəziyyətin ilk günündəcə ailəmlə, iki qızımla əl-ələ verib 132 saylı məktəbin kollektivi ilə birlikdə hərəkət edən tankın qarşısını kəsərək, Prezident iqamətgahının qarşısını almışıq! Şərəf budur! Daha Anar kimi qulağıma soyuq dəyib deyə, evdə gizlənmədim. O ağır günlərdə görkəmli tənqidçi, yazıçı, professor Qulu Xəlilov yazdı: “Anar bu ağır dövrdə xalqla bir yerdə olmaq əvəzinə Türkiyədə mühazirələr oxumaq bəhanəsilə aradan çıxdı”.
Mən – Şamo Arif isə faciəli 20 yanvar sınaq günlərində Prezident iqamətgahı qarşısında, mitinqdə, kommunist partiyası sıralarını qətiyyətlə tərk edib həmin gecə də Münhendə fəaliyyət göstərən “Azadlıq” radiosuyla, Mirzə Xəzərin səsilə bir-birinin ardınca “Insanlığa bəla gəlir” və “Qorbaçova açıq məktub” kimi bəyanatlarımla dünya ictimaiyyətini zorakı Sovet imperiyasının vəhşiliklərinə biganə qalmamağa çağırdım! Şərəf, qeyrət budur! Daha mən də Anar kimi xalq qarşısında etdiklərimi danmadım. Anar isə yazdı: “Yalan odur ki, mən heç vaxt partiya biletini heç kəsə təhvil verməmişəm. Bunu hamı təsdiq edə bilər. O ağır yanvar günlərində doğrudan da partiyadan çıxmaq istəyirdim. Hətta, ərizə də yazmışdım… Amma yalan məlumatlarla xalqı qızışdırmaq və xal qazanmaq lazım deyil. Bir vaxtlar partiyadan çıxmaq cəsarət idisə, indi, bəlkə, əksinədir. Bir vaxt partiyaya girməklə (?!) karyera əldə eləyirdilər, indi çıxmaqla edirlər. Xalq işi yolunda mübarizənin müxtəlif yolları var. Həm də partiyadan çıxmağı o vaxt hünər sayaram ki, partiyanın verdiyi bütün imtiyazlardan əl çəksin”.
(“Ədəbiyyat və incəsənət” qəzeti, 10 avqust 1990).
Bəli, budur Anar siması. Çox çəkmir ki, Moskvada keçirilən SSRI xalq deputatları qurultayında erməni deputatları kəskin, amansız çıxışlarıyla imperiyanın vəhşiliklərinə haqq qazandıranda, güman etmək olardı ki, bizim Anarımız da sıyrılmış qılınc kimi tribunaya atılıb xalqın faciəli 20 yanvar günlərindən odlu-alovlu danışacaq… Ancaq çox-çox təəssüflər olsun ki, Qorbaçovun bircə həmləsi ilə Anarın da qaçaraq düşməsi bir oldu və Bakıya qayıdan kimi, televiziya ilə çıxışı zamanı qorxaqlığından təəssüflə danışıb xalqdan üzr istəmək əvəzinə, “Qorbaçov məni tanıdı, mənə elə bu, bəsdir” deyə, özünü alqışlaması xalqın yaddaşından silinməyib.
“Xalq işi yolunda mübarizənin müxtəlif yolları var” deyən insana meydan – tribuna verilsə də, deməyəsən, o dövrün millət vəkili Anara da, özünü SSRI Prezidentinə tanıtmaq lazım imiş… Görəsən, bərk-bərk yapışdığı partiyadan çıxa bilibsə, partiyanın verdiyi bütün imtiyazları, sözünün üstündə dayanıb, kişi kimi də qaytarıbmı?..
Əminəm ki, millət vəkili Hüseynbala Mirələmov da o faciəli günlərdə teleradio partladılan zaman ağzına su alıb susub, kommunist partiyasının üzvü olubsa, əminəm ki, Anar kimi də xalqın qanına batırılan partiya biletini daha bərk ürəyinə sıxıb…
Nəhayət, böyük ürək ağrısıyla yazdıqlarımı Dədə Süleymanın sözlərilə bitirirəm: “Gəlin, şərəfliləri şərəfli, şərəfsizləri də şərəfsiz göstərək. Gəlin, ədalət qarşısında dayanaq. Mən də Azərbaycan xalqının ağsaçlı övladıyam… Mənim vüqarıma əl qaldıran, ağ saçlarımı ləkələmək cəhdində bulunan hər kəsi mən ədalət divanına tapşırıram. Mən hər zaman Azərbaycan xalqının açıq məhkəməsinə hazıram. Bu gün sağ ikən də hazıram, sabah məzarda yatanda da bu xalq məhkəməsindən mənən qaçmıram” (“Dədə Süleyman dünyası”, xatirələr toplusu, Bakı-2010).
Yazdıqlarımı Dədə Süleymanın sözlərilə bitirmək istəsəm də, bacarmadım… 1965-ci ildə Mehdi Hüseynin ölümü ilə əlaqədar Sovet Imperiyasının Azərbaycanda törətdiyi oyunlarda canfəşanlıq edən, ağzından süd iyi gələn 27 yaşlı Anarın 44 illik ağır dərdi, Süleyman Rəhimov haqqında yığılan kin-küdurəti nəhayət ki, büruzə verildi (“Ədəbiyyat” qəzeti, 20 mart 2009).
Ancaq Anar kimi imperiyanın bu məkrli oyunlarında iştirak edən və müdrik yaşında peşmançılıq çəkən, öz etirafını kişi kimi edən xalq şairi Nəbi Xəzri ürəyi: O Nəbi Xəzri ki, şir ürəkli, fil qüvvətli Dədə Süleymana yumruq atmaq istəyir. O Dədə Süleymana ki, 1937-də ölüm kamerasında erməni dığası Yelyanın belini qırıb, istintaqdan didərgin salıb…
Bəli, o ağır günlərimizdən o qədər də çox ayrıla bilməmişik. Hələ 2000-ci ildə, “Yeni Azərbaycan” qəzetində, yeni dünyamızı səsləyən Nəbi Xəzri hayqırtısı:
“Allah şeytana – imperiya şeytanlarına lənət eləsin… Dədə Süleyman, mənim qeydlərimi, istəsəniz, böyük sənətkara, böyük şəxsiyyətə olan solmaz məhəbbətimin etirafı kimi qəbul edin! Istəsəniz, ani olaraq fitvalara uyan, şəxsən Sizə qarşı haqsızlığa yol verən bir övladın günah və qəbahətinin etirafı kimi qəbul edin. Istəsəniz, 100-illik şərəfli ömrünüzün qarşısında məbədə səcdəyə gələn bir şəxsin etirafı kimi qəbul edin…
Etiraf kişilik əlamətidir. Hamımızın hardasa, nə vaxtsa səhvimizmi, qəbahətimizmi olur… Bağışlayın, Dədə Süleyman, bağışlayın bizi… Bağışlayın Sizə qarşı olan haqsız dünyamızı.
Bağışlayın, Dədə Süleyman! Sizmi əsrin yaşıdısınız? Əsrmi Sizin yaşıdınızdır? Siz əsrə sadiq oldunuz – əsr Sizin möhtəşəm kitablarınızda yaşayır. Əsr Sizə sadiq oldumu? Sadiq olsaydı, Sizin ömür yollarınız bu qədər keşməkeşli, bu qədər ağrılı, acılı olmazdı, Sizi 37-nin, bəlkə də ömrünüzün son günlərinə kimi davam edən sınaqlarına çəkməzdi…
Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın…
Mən bu gün Təzə Pir məscidini ziyarət etdim. Sizin ruhunuza yasin oxutdurdum. Son olaraq mən Sizə Ulu Allahımızdan rəhmət diləyirəm, qəbriniz nurla dolsun. Amin!..”
Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın…
P.S Hələlik, Hüseynbala, hələlik… Anarı isə böyük Azərbaycan qarşısında tarixi həqiqətləri açıqlayan debata çağırıram.

REDAKSIYADAN:
Oxucuların diqqətinə çatdırırıq ki, bu yazı müəllifin mövqeyini əks etdirir. “Azadlıq” olaraq biz qarşı tərəfə də eyni imkanı təmin etməyə hazırıq. Eyni zamanda, mətndə yer alan bir sıra ifadələrin effemizmini ona görə vermədik ki, müəllif və qarşı tərəf kifayət qədər nəyi necə yazmağı bilən yazıçılardır. Ona görə də hər iki tərəfin mövqeyinə hörmətlə yanaşdığımızı bəyan etməklə, bir daha bu cür fikir ayrılıqlarının həqiqətin ortaya çıxmasına xidmət etdiyinə inamımızı ifadə edirik.