ABŞ və Fransa səfirləri Həmada Suriya diktatorunun əleyhinə mitinqə qatıldı
Suriyada gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif bölgələrində insanlar Cümə namazından sonra küçələrə axışaraq Bəşər Əsəd rejiminə qarşı növbəti mitinqlərini keçiriblər. “Dialoqa yox!” adlandırılan aksiyalara milyona yaxın suriyalı qatılıb. Ilkin məlumatlara görə, müxtəlif şəhərlərdə baş tutan etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 8 nəfər həlak olub.
“Əl-Cəzirə” kanalı etirazçılara istinadən bildirir ki, Suriyanın Rif Şam bölgəsində on minlərlə insan Cümə namazından sonra şəhərin əsas meydanına doğru yürüş edərək Bəşər əleyhinə şüarlar səsləndirib. Hökumət vəziyyətin nəzarətdən çıxacağından ehtiyatlanaraq, bölgəyə əlavə qüvvələr göndərib. Şəhər mühasirəyə alınıb. Müxalifət tərəfdarlarının antihökumət aksiyalarına qoşulmasına maneçilik törədilib.
“Əl Ərəbiyyə” televiziyası isə Lazkiyə, Əl Rami, Dər əl Çətin, Humus və başqa bölgələrdə kütləvi etirazların keçirildiyini barədə məlumat yayıb. Paytaxt Dəməşqin Əl Məədan bölgəsində keçirilən mitinqə hökumət qüvvələri sərt müdaxilə edib. Təhlükəsizlik qüvvələrinin mitinqi dağıtmaq məqsədilə açdığı atəş nəticəsində 1 nəfər dünyasını dəyişib.
Indiyədək Bəşər Əsəd rejiminə qarşı ən kütləvi aksiyanın keçirildiyi Həma şəhərində dünən 450 min insanın qatıldığı mitinq baş tutub. Hökumət qüvvələrinin 4 gündür keçirdiyi əməliyyatlara baxmayaraq, Bəşər Əsəd əleyhdarları cümə namazından sonra şəhərin mərkəzi meydanına toplaşıb. 450 min Həma sakini “Əsəd get!”, “Xalq səni istəmir!” və s. şüarlar səsləndiriblər.
Bu arada, ABŞ-ın və Fransanın Dəməşqdəki səfirləri də Bəşər Əsəd əleyhinə ən böyük mitinqlərin keçirildiyi Həma şəhərinə gəlib. ABŞ diplomatı Robert Ford iyulun 7-də, fransalı səfir isə dünən şəhərə gələrək hakimiyyət əleyhinə mitinqi izləyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland səfir Robert Fordun yenidən Həma şəhərinə səfər edəcəyini söyləyib. O həmçinin hökumət qüvvələrinin Həmada keçirdiyi xüsusi əməliyyatlardan ciddi narahatlıq keçirdiklərini də qeyd edib. Nuland Əsəd hökumətini zorakılıqları dayandırmağa, insanların əsas hüquq və azadlıqlarını tanımağa çağırıb.
Adının açıqlanmasını istəməyən yüksək səviyyəli amerikalı rəsmi Robert Fordun müxaliflərlə görüşmək üçün Həmaya getdiyini vurğulayıb. Onun sözlərinə görə, diplomatın məqsədi Əsəd əleyhdarlarının tələblərinin və ölkədəki vəziyyətin normallaşdırılması üçün təkliflərinin nədən ibarət olduğunu öyrənməkdir.
Suriya hakimiyyəti ABŞ səfirinin Həma şəhərinə səfərinə sərt reaksiya verib. Rəsmi Dəməşq diplomatın məlum addımını Vaşinqtonun Suriyanın daxili işlərinə qarışması kimi dəyərləndirib. Xarici Işlər Nazirliyinin açıqlamasında deyilir ki, səfirin nazirlikdən rəsmi icazə almadan Həmaya səfər etməsi ABŞ-ın Suriyadakı hadisələrə müdaxiləsi və ölkənin təhlükəsizliyinə, sabitliyinə yönəlik olayların qızışdırılmasıdır.
Tural