Turqut Ər: “Bakıda Öcalanın adamları var”

«Heydər Əliyevin Azərbaycana gətirdikləri haqda yaxınlarda yaxşı kitablar basılacaq»

«Heydər Əliyev Fondunun pul verdiyi dərnək İqdırda Azərbaycan bayrağını endirdi»

 

Turqut Ərlə söhbət edirik. Turqut bəy Azərbaycan haqqında böyük bir kitab yazaraq, yaza və ya deyə bildiklərinin hamısını orada qeyd edib, deyə düşünmək lazım deyil. Azərbaycanda işlədiyi 6 il ərzində əsl Azərbaycan vətənpərvərinə çevrilən Turqut Ər Azərbaycandan ayrılandan sonra da hər gün Azərbaycan haqqında xəbərləri oxuyur, haradasa azərbaycanlı bir mühacir kimi yaşadığını düşünür.

“Pulunu kəsdilər, bayrağı endirdi”

– İqdırda bir dərnək açmışdılar: ASIMDER adlı. Bu dərnək ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri Türkiyədə tanıdacaqmış. Mənim kitabım çap ediləndən – yayılandan sonra Iqdırda əleyhimə bir toplantı da təşkil etmişdilər, məni Azərbaycan və Türk düşməni kimi təqdim etmək kimi danışıqları olmuşdu. Bax, o dərnək Türkiyədə ikinci bayraq olayını yaşadacaq bir hala gəldi. Bu dərnək Iqdırdakı ofisinin üstündən Azərbaycan bayrağını endirib. Nədən? Azərbaycanda Dünya Azərbaycanlılarının qurultayı keçirildi axı. Təşkilat Komitəsi bu dərnəyin başqanını qurultaya çağırmayıb, o da acığını bayraqdan çıxıb. Indi bu bayraq olayı Azərbaycanda və Iqdırda bir qalmaqal yaradıb. Bizim halımız budur… Bu dərnəyi Heydər Əliyev Fondu maliyyələşdirirdi. Bu dərnəyin qurucusunu həm də Istanbuldakı “Azərbaycan Kültür Dərnəyi”nin başqanı kimi təqdim edirlər.

– Görünür, indi Turqut Əri söymək lazım deyil, aktuallığını itirib, ona görə də Türkiyədə “Azərbaycan lobbisi” daha bir ara lazım deyil.
– Heyrət edirəm adamın bəsitliyinə. Adam, sənə bu Fond para verir, sənin fəaliyyətin bu Fonda, ya da ayrı-ayrı adamlara bağlı. Bir incikliyin varsa, bunun bayrağa nə dəxli var? Bayrağa qarşı belə ticari münasibəti bu yaramazlar hardan, kimdən öyrəndilər?

– Turqut bəy, bu arada Azərbaycanda kürd problemi olduğu barədə bəyanat verənlər də tapıldı. Siz məsələlərin bu həddə qədər çata biləcəyini dəfələrlə qeyd etmişdiniz: həm Azərbaycanda işlədiyiniz zaman, həm də kitabınızda dönə-dönə vurğulamışdınız ki, Azərbaycan bu problemin baş qaldırmasına imkan verməməlidir. Bu olaylar haralara qədər gedə bilər? Azərbaycanda ortaya atılan bu saxta kürd probleminin buradakı PKK ilə bir əlaqəsi ola bilərmi?
– Dəfələrlə narahatlıqla bildirmişəm ki, amanın günüdür, Azərbaycanda bu fəlakətin baş qaldırmasına imkan verməyin. Türkiyə böyük dövlətdir, böyük sıxıntılar hesabına olsa da bu cür problemləri öz içində həll edə bilər. Amma Azərbaycana bunu rəva görmək olmaz. Əlbəttə, oradakı çağırışların buradakı terroristlərlə əlaqəsi var. Bakıda Apo (Abdulla Öcalan) ilə bağlı olan adamlar var. Bu, dəfələrlə rəsmi olmasa belə hansısa səviyyələrdə vurğulanıb. Özəlliklə, indiki mərhələdə. Burada kürd camaatının içindən “bağımsız” olaraq seçilən millət vəkillərinin yürütdüyü taktik Türkiyənin gündəmindədir. Bu, həssas məsələdir. Amma Türkiyə bunun çözümünü tapacaq. Bu cür həssas məqamlardan yararlanaraq Azərbaycanda durumu gərginləşdirmək istəyənlərə isə fürsət verilməməlidir. Azərbaycanda etnik azlıqlar problemimi var? Bu nə axmaq yanaşmadır? Bunu ortaya atanların yurddışındakı bağları araşdırılmalıdır, onların maliyyə qaynaqları üzə çıxarılmalıdır..

“Türkiyə-Azərbaycan münasibətləri doğru platformada deyil”

– Türkiyə-Azərbaycan əlaqələri niyə arzulanan səviyyədə deyil? Problemlərin kökündə nə dayanır?
– Türkiyə ilə Azərbaycan arasında münasibətlər, əlaqələr başından bəri düzgün qurula bilmədi. Bu qardaşlığın bir qarşılıqlı hesabat, qarşılıqlı məsuliyyət üzərində qurulması lazım idi. Bir zamanlar buna cəhdlər oldu. Azərbaycana göstərilən maliyyə yardımlarının təyinatı üzrə xərclənməsinə çox ciddi nəzarət təşəbbüsləri oldu, bu kreditlərin Azərbaycan xalqına faydası ilə bağlı tələblər səsləndi. O zaman bu məsuliyyətli yanaşmalardan Heydər Əliyevin xoşu gəlmədi. Türkiyədə də bunu nəzərə aldılar: Azərbaycanı sındırmaq olar, amma Heydər Əliyevin xətrinə dəymək olmaz. Bu qaydada da davam etməyə başladı.
Bu qayda da çox yaramazlıqlar gətirdi. Indi Azərbaycanla Türkiyə arasında hansı sahələrdə yaxşı münasibətlərin olduğunu deməyə çətinlik çəkirəm. Bu qardaş deyilən ölkələr arasında düz-əməlli iqtisadi əlaqələr yoxdur. Elmi-mədəni əlaqələr o səviyyədə deyil ki, onunla qürur duyaq.
Buradan Azərbaycana hansısa alimlər gedir, araşdırmaçılar gedir. Gəlib ağızdolusu danışırlar: Bakıda evlər tikilir, körpülər qurulur, yollar hamarlanır… Sən, alim yaramaz, Azərbaycan adamının durumu ilə maraqlandınmı? Milyardlarla para xərclənən bu tikintilərin Azərbaycan xalqınamı dəxli var, ya oradakı hansısa beş-on korrupsionerəmi?
Bu belə. Qaldı iş adamları… O zaman bir iş adamı gəldi mənim yanıma. Adamla tanışlığım vardı. Mənə məsləhət elədi ki, Turqut bəy, Azərbaycana para yatırmaq istəyirəm, iş qurmaq istəyirəm. Para yatır, dedim, amma elə et ki, səni də o paranın yanına yatırmasınlar sonra. Burada durum çox zor, dedim, çox tədbirli olman gərəkir. Dedi ki, tədbirimi almışam, Heydər Babayevlə ortaq oluram. Başladılar orada, Bilgəhdə, “Spartak” stadionu tərəfdə inşaat işləri qurdular. Sonra zamanı yetişdi, Heydər Babayevi də atdılar bayıra. Indi Heydər Babayev qardaşı ilə birlikdə gəlib burada, Bodrum tərəfdə hansısa işlər çevirir. 
O iş adamına demişdim ki, işini qanun tərəfdən çox etibarlı tutsun, yoxsa başın dərdə girər. Bəzi nümunələr də göstərdim: Bakıda Rusiya səfirliyini bir Türk şirkəti tikdi. 34 milyon işin həcmi idi. Amma şirkətə 35 milyon vergi borcu çıxartdılar. Başını götürdü, bir qəpik də xeyir gözləmədən qaçdı. Dağıstan Turanlı vardı. Milli Bankın tikintisini aparan. Bu Dağıstan Turanlı Heydər Əliyevlə ortaq idi. Ortaq şirkətləri vardı, orada “Iş Bankı” yaratmışdılar… Milli Bankın binasını 45 milyon dollara sifariş vermişdilər. Bina hazır olandan sonra Dağıstan Turanlının qarşısına 40 milyon dollarlıq vergi borcu qoydular.
Günün birində səfirliyin qarşısına bir Türk vətəndaşını gətirib atdılar. Biçarənin dili tutulmuşdu, danışmağa heyi yox idi. Səfirliyin işçiləri onu xəstəxanaya apardı. Orada doktor demişdi ki, aparın bu biçarəni yedirin, ağlı başına gəlsin; bu adam acdır, demişdi. Götürüb gətirdilər geri, apardıq yedirtdik, bir-iki gün də səfirliyin binasında yatdı. Özünə gələndən sonra hekayəsini anlatdı. Adam Türkiyədə ən məşhur mühəndislərdən biri idi. Oraya bunu iş üçün aparmışdılar. Hesabını istəyəndə cibinin bütün pullarını da əlindən alıb küçəyə atmışdılar. O da ac-susuz küçələrdə qalmış, dilənməyə də utanmışdı. Sonra səfirlik işçilərindən pul yığıb onu buraya göndərdik.
Bütün bunların hamısını o iş adamına anlatdım. Çox ehtiyatlı ol, dedim. Kimlərlə iş gördüyünün fərqində ol. Böyük vəzifəlilər cinayətin içindədirlər, onlarla ortaq olacaqsan, öz cinayətlərini də sənin ayağına yazıb beş quruşsuz qoyacaqlar səni. Indi mən o adamın harada olduğunu bilmirəm. Allah eləsin, işi yaxşı gətirsin. Hər halda, Heydər Babayev buralarda olduğundan onunla bir yerdə də ola bilər…

– Turqut bəy, “Azadlıqdan tiranlığa” kitabınız Azərbaycanda böyük əks-səda doğurdu. Bilmək istəyərdik, növbəti belə bir kitab yazmaq niyyətiniz varmı?
– Mən bir kitab yazdım. Bu yaxınlarda yeni-yeni kitablar basılacaq. Onlar həqiqətləri ortaya qoyacaqlar. Azərbaycanla bağlı cildlərlə kitablar yaza bilərəm. Xatirələrim, bilgilərim çoxdur. Amma başqaları mənim yazdıqlarımın davamını, bəlkə də əvvəlini yazmalıdırlar. Bəzi təşəbbüslərin olduğunu bilirəm. Bir neçə aydan sonra Azərbaycan haqqında, Heydər Əliyevin Azərbaycana gətirdikləri haqqında çox yaxşı kitablar basılacaq. Deyə bilmərəm ki, o adamlar bu kitabları məndən ruhlanaraq yazırlar. Nəyə görə yazırlarsa, yazsınlar. Önəmli olan tarixin yazılması və düzgün yazılmasıdır. Tarixdə qalmalı məsələlər çoxdur.
Bir hadisəni deyim, heç biriniz eşitməmisiniz. Alparslan Türkeşin dəfn mərasimindən sonra Bülənd Ecevit bir çox rəsmi adamın yanında Heydər Əliyevə belə bir söz dedi: “Heydər bəy, mənim bir idealım var. Əgər Türkiyənin və Azərbaycanın da Ermənistana hansısa ərazi verməsi gərəkirsə, bunu edək və Naxçıvanı Azərbaycana birləşdirən ərazi zolağını ermənilərdən alaq. Bunun iki mühüm səbəbi var: birincisi, Azərbaycanın Naxçıvana birliyi təmin edilir. Ikincisi də, Türk dünyası böyük bir coğrafiyanı qıran əngəli aradan qaldırır”. Tarix bu məqamlara qədər detallı və dəqiq yazılmalıdır…

davamı var