Səhlab Bağırovun oğlu polislərə qan uddurub

Cavid Bağırov Polis Günü asayiş keşikçilərini «avtoş razborkası»na səfərbər edib

Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırovun oğlu Cavid Bağırovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, iyulun 2-də – Polis Günündə Cavid Bağırov atasının tabeliyində olan polisləri əməlli-başlı hiddətləndirib.
“Avtoş” kimi tanınan Cavid Bağırov həmin gün gecə saatlarında idarə etdiyi avtomobillə yenə də əylənirmiş. Bu zaman başqa bir “avtoş” avtoxuliqanlığın yazılmamış qanunlarına əsasən Cavid Bağırova qarşı təhqiredici hərəkətə yol verib. Həmin “avtoş” qara rəngli VAZ 2107 markalı avtomobildə olub. Cavid Bağırov bundan bərk qəzəblənib və dərhal atasının adı ilə bütün Post Patrul Xidmətini ayağa qaldıraraq həmin “avtoş”u həbs etməyi göstəriş verib. Cavid Bağırov polislərə deyib ki, Səhlab Bağırov avtoxuliqanlara qarşı mübarizə aparmağı tapşırıb. Polislər əvvəlcə Cavid Bağırova inanaraq hərəkətə keçiblər. Rəis müavininin oğlunun göstərişi ilə bir neçə dəfə ora-bura qaçan polislər sonradan biliblər ki, Cavid Bağırov onları öz şəxsi işindən ötrü ayağa qaldırıb. Asayiş keşikçiləri onun bu hərəkətinə etiraz ediblər. “Avtoş” rəqibinin onu təhqir etməsindən əsəbi olan və bir qədər də spirtli içki içən Cavid Bağırov polislərin etirazını kobudluqla qarşılayıb. Məlumatlara görə, polislərin arasında nisbətən yaşlı olan Nəsib adlı zabit Səhlab Bağırovun oğlunu mədəni olmağa dəvət edib. Və ona deyib ki, bu tip hərəkətlər onun atasının adına yaraşmır. Cavid Bağırov isə həmin zabiti işdən çıxartdıracağı ilə hədələyib. Lakin Nəsib hədələrdən çəkinməyib. “Sənin kimiləri ilə bir yerdə işləməkdənsə, özüm ərizə yazıb çıxaram”,- deyə polis zabiti Səhlab Bağırovun oğlunun hədələrinə cavab olaraq bildirib. Mübahisədən sonra polislər dağılışıb.
Cavid Bağırov Polis Akademiyasının 2-ci kursunda qiyabi təhsil alır. Eyni zamanda atasının yanında – Bakı Şəhər Baş Polis Idarəsində çalışır. Səhlab Bağırov Çevik Polis Alayının rəisi olanda isə orada işləyirdi.

İnformasiya şöbəsi