Elxan Şahinoğlu: «Türkiyənin baş naziri Bakı səfərindən dolğun nəticə gözləyir»
«Dolğun nəticə üçün də ilk növbədə viza problemi həll olunmalıdır»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iyul ayının sonunda Azərbaycana gözlənilən səfəri zamanı iki ölkə arasında təbii qazın tranziti haqqında sazişin imzalanacağı bildirilir. Bundan başqa, uzun müddətdən bəri gündəmdə olan viza məsələsi də Ərdoğanla Ilham Əliyevin ortaq müzakirələrində yer alacaq. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin sərin olduğu, viza düyününün heç cür çözülmədiyi bir vaxtda Ərdoğanın Bakı səfəri kifayət qədər diqqətçəkən görünür. Hazırkı durum onu deməyə əsas verir ki, Azərbaycan tərəfi bu görüşə və baş nazirin ünvanlayacağı konkret suallara hazır olmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Ərdoğanın bu ayın sonunda Azərbaycana səfərə gəlməsi sual altındadır: “Səfərlə bağlı xəbərin dəqiqliyinə hələ tam əmin deyiləm. Çünki, bu xəbərin kimə, hansı rəsmiyə istinadən yayıldığı bəlli deyil. Məsələ burasındadır ki, Ərdoğan Bakı səfərindən dolğun nəticə gözləyir. Dolğun nəticə isə viza anlaşmasının imzalanması, o cümlədən hələ ötən ilin sentyabr ayında Istanbulda imzalanan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının komitələrinin yaradılmasına dair qərar olardı. Əgər rəsmi Bakı bu iki məsələdə addım atmağa hazır deyilsə, Ərdoğanın bu ay Bakıya gələcəyinə şübhə ilə yanaşıram. Təsadüfi deyil ki, baş nazir seçildikdən sonra Ərdoğanın ilk öncə Misirə səfər edəcəyi xəbəri yayıldı. Halbuki, Azərbaycanın müstəqillik tarixində Türkiyənin cümhurbaşqanları və baş nazir seçilən şəxsləri ilk səfərlərini Bakıya edərdilər”.
E.Şahinoğlu deyir ki, Ankaranın rəsmi Bakının siyasətindən açıq-aşkar narazılığı var: “Bugünlərdə hansı türk diplomatla söhbət etmişəmsə, eyni sözləri deyiblər: ”Rəsmi Bakının viza məsələsini uzatması ikitərəfli münasibətlərə mənfi təsir göstərir, strateji münasibətlərə kölgə salır”. Əlbəttə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç müsahibələrində iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulaya bilər, ancaq reallıqda bunun belə olmadığını o özü də bilir. Əks halda səfirin viza probleminin niyə həll olunmadığına dair konkret cavabı olsun. Bu mövzuda azərbaycanlı diplomatlardan biri ilə də söhbətim olub. O deyib ki, Azərbaycan XIN Türkiyə ilə viza məsələsinin uzanmasını “texniki səbəblə” izah etsə də, əslində Bakı, ümumiyyətlə, bunun həllinə hazır deyil. Onun sözlərinə görə, rəsmi Bakı istər Türkiyə vətəndaşları, istərsə də Iran vətəndaşları üçün Azərbaycana vizasız, yəni sərbəst gəlişləri təsəvvür edə bilmir. Azərbaycanlı diplomatın bu sözləri ondan xəbər verir ki, rəsmi Bakı qonşu dövlətlərlə vizasız gediş-gəliş üzərində ciddi çalışmalar həyata keçirmir”.
E.Şahinoğlunun sözlərinə görə, necə ki, rəsmi Bakı Avropa Birliyi ilə assosiativ anlaşmanı, Dünya Ticarət Təşkilatına üzvlüyü, ABŞ-la birgə hərbi təlimləri “texniki səbəblər”lə təxirə salır, eləcə də Ankaraya eyni cavabı verirlər: “Texniki səbəblər” bəhanəsi ilə bu məsələlərin həllini daha nə qədər uzatmaq olar? Mərhum Heydər Əliyevin populyar bir fikri var idi: “Mövqe bildirin”. Indi Azərbaycan hakimiyyətinə də eyni sualı ünvanlamağa ehtiyac var: “Siz də mövqe bildirin!”.
Gültəkin