“Heç zaman siyasətdən getmək fikrində olmamışam”

Fəhmin Hacıyev: «İctimai Palata düzgün taktiki addımlar atmaqla müsbət nəticələr əldə edə, uğur qazana bilər»

 

Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Daxili Qoşunların komandanı olmuş Fəhmin Hacıyev bir neçə gün əvvəl AXCP sədrinin müşaviri təyin olundu. AXCP-dəki bu yeni təyinat demokratik düşərgədə də böyük marağa səbəb oldu. F.Hacıyev Sovet Ittifaqından müstəqilliyi əldə etmək üçün ölkənin apardığı mübarizədə əsas rollardan birini oynamış təşkilatın – Xalq Cəbhəsinin fəal üzvü olub. Avropa Insan Haqları Məhkəməsi ilk dəfə Azərbaycana qarşı məhz F.Hacıyevin işinə görə qərar çıxarıb. F.Hacıyevə ilk sualımız isə indiki dövrdə fəal siyasətə qayıtmağının səbəbləri ilə bağlı oldu.

 

– Əslində mən heç zaman siyasətdən getmək fikrində olmamışam. Sadəcə olaraq müəyyən maddi sıxıntı, problemlərlə əlaqədar siyasətdən bir müddət kənarda qalmışdım. Ona görə də indiki mərhələdə siyasətə qayıtmağım barədə ifadə doğru deyil. Mən bir müddət xaricdə fəaliyyət göstərərək, problemlərimin həllinə çalışmışam.

– Siyasi fəaliyyətiniz üçün niyə məhz AXCP-ni seçdiniz?
– Əslində, bu və ya digər partiyanın seçimindən söhbət getmir. Indiki mərhələdə onsuz da Azərbaycanda əsas siyasi qüvvələr olan AXCP və Müsavat birgə fəaliyyət göstərir. Ona görə birgə fəaliyyət zamanı bu cür addımlar heç bir qısqanclıq yaratmamalıdır. Ikinci bir tərəfdən AXCP-də mənim çox hörmət etdiyim Asəf Quliyev fəaliyyət göstərir. Partiyanın sədri Əli Kərimliyə qarşı da böyük hörmətim var və onunla münasibətlərimiz normaldır. AXCP, Müsavat və KXCP funksionerləri hamısı bir siyasi təşkilatın yetirmələridir. Ona görə burada xüsusi ayrı-seçkilik salmağa ehtiyac yoxdur.

– Partiyadakı fəaliyyətinizi necə quracaqsınız?
– Mən hazırda xaricdə yaşayıram. Amma xaricdən Azərbaycandakı siyasi prosesləri izləmək imkanım var. Və siyasi fəaliyyətimi də elə quracam ki, xaricdə Azərbaycanın mənafeyinə uyğun siyasət yürüdülsün.

– Hazırda müxalifətin güc mərkəzinə çevrilən Ictimai Palatanın fəaliyyətini necə qiymətləndirirsiniz və perspektivini necə görürsünüz?
– Ictimai Palatanın yaradılması bir ictimai sifariş idi. Ictimai Palatanın son aylardakı fəaliyyəti sözün həqiqi mənasında cəmiyyəti narahat edən problemlərin müzakirəsinə, onlarla bağlı addımların atılmasına həsr olunub. Məhz Ictimai Palatada ölkədəki əsas siyasi proseslər müzakirə olunur. Bu özü müsbət haldır. Çünki son beş ildə Azərbaycandakı siyasi proseslər cəmiyyətdə geniş müzakirə predmeti olmayıb. Ictimai Palatanın perspektivi isə onun qəbul edəcəyi qərarlardan çox asılıdır. Düzgün taktiki addımlarla, sakit başla, qarşıdurma yaratmadan müsbət nəticələr əldə etmək, uğur qazanmaq olar.

Xəyal