Oxumağın daşını atırıqmı?

Ali məktəblərə qəbul imtahanlarının nəticələri ildən-ilə pisləşir. Hər mövsüm qarşılıqlı ittihamlar, atışmalar, hay-küy qalxsa da, faydası yox. Bütün göstəricilər başı aşağı gedir. Istənilən ölkə üçün təhsilin böhranı faciədir. Bizdə bu böhranın get-gedə dərinləşməsinin kökündə nə dayanır, bilirsiniz? Hər fürsətdə maraqları toqquşan məmurlar bir-birini ittiham edir, amma tənəzzülü yaradan səbəbləri aradan qaldırmaq istəyən yoxdur. Şagird müəllimdən, müəllim valideyndən, valideyn məktəbdən narazı. Bunun axırı nə olacaq?

Dərd azmış kimi, orta məktəblərdə attestat problemi də çıxıb. Hər il minlərlə gəncin ali təhsil ocaqlarına yolunu kəsən bu əngəl həqiqətən elm naminə edilsəydi, nə vardı ki… Axı gerçəkdən də hər şey baş-ayaqdır. Orta məktəblərdə dərslərin səviyyəsi məlum. Indi repititorsuz tələbə adı qazanana heykəl qoymaq da az olar. Amma repititorla hazırlaşmağa da hər kəsin imkanı çatmır axı. Çatsa belə, məgər məsələ bununla həll olunur? Hər bir şagird gücünü xüsusi proqram üzrə seçdiyi ixtisasa yönəldir. Məktəb proqramı ümidinə buraxılan başqa fənlərə, demək olar, vaxt da qalmır. Nəticədə, valideynlərinin xərc-borc tapdığı pullarla universitetlərə hazırlaşan nə qədər şagird məktəb attestatı ala bilmir. Artıq mətbuat belə, çəkinmədən məktəb attestatı ala bilməyənlərin 4-5 min manat rüşvət ödəməli olduğunu yazır.

Bu acınacaqlı mənzərə qarşısında deyiləcək bir şey var – Azərbaycan təhsil sistemi kökündən dəyişməyə məhkumdur. Elm və təhsili rüşvətin caynağına keçmiş ölkənin gələcəyi ola bilməz. Bunu söyləmək üçün xüsusi uzaqgörənlik və ya dahilik də tələb olunmur. Siz hər il xüsusi ixtisaslar üzrə aşağı salınan keçid ballarına, 100-150 arası bal toplayan abituriyentlərin sayına nəzər salın. Söhbət onlarla, yüzlərlə deyil, minlərlə gəncin taleyindən gedir. Dövlətin hər il bir az vəsait ayırıb xarici ölkələrə 30-40 nəfər tələbə göndərməsi çox gözəl! Amma Azərbaycanın sabahı yalnız o kiçik azlığın taleyinə bağlı ola bilməz ki. Aylıq maaşı gündəlik dolanışığına çatan ailələrin təhsil almaq istəyən övladlarını taleyin ümidinə buraxmaq hansı vicdana sığar. Axır, bu ölkənin öz sağlam təhsil sistemi qurulmalıdır, ya yox…

Belə görünür ki, Azərbaycan təhsilinin bərbad durumuna qısa zamanda əncam çəkilməsə, gənclər oxumağın daşını birdəfəlik atacaq. Dərd ondadır ki, zamanla övladlarının yüksək təhsil alması üçün əlindən gələni edən valideynlər də artıq onlara mane olacaq durumda deyil. Çünki bu rüsvayçılıqdan ən çox əziyyət çəkənlər də elə valideynlərdir…

Amma “söz yoxdur ki, biz müsəlmanların sairlərə nisbətən ümumiyyət üzrə zillət və pərişanlıqla ömür sürməyimizə səbəb əhalimizin elmsiz olduğudur. Biz gözümüzlə görürük ki, elm və mədəniyyətə sahib olan tayfaların məişəti bizimkindən asan olub, rifah-hal ilə dolanırlar. Amma biz mədəniyyətin yetirdiyi bir çox nemətlərdən məhrum olub, özgələrə həsəd və qibtə edirik. Hal-hazırda elm və mədəniyyətsizlik insanın məişətini çətin etməkdən başqa, onun üçün böyük təhlükələr dəxi hazırlayır. Deməli, bu halda oxumamaq, elm qazanmamaq çox böyük xəta və təhlükədir…”(Üzeyir Hacıbəyov). Dahi Üzeyir bəyin, az qala bir əsr bundan öncə yazdığı fikirlər günümüz üçün də aktual səslənir. Nə yazıq ki, səlahiyyətli səviyyələrdə böyük ədibin yazdığı o “xəta və təhlükəni” anlamaq istəyən kimsə yoxdur.