Nazim İbrahimov vəzifəsini itirə bilər

Onun rəhbərlik etdiyi komitəni XIN-ə birləşdiriləcəyi deyilir

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov tutduğu vəzifəni itirmək təhlükəsi ilə üzləşib. Hələ bir müddət əvvəl Nazim Ibrahimovun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, komitə sədrinin özfəaliyyətlə məşğul olması barədə faktlar “yuxarılar”ı hiddətləndirib. Xüsusilə Nazim Ibrahimovun biznes sahəsində bir sıra qalmaqallara rəvac verməsi onun karyerasını təhlükə altına alıb. Indi bu təhlükə bir qədər də ciddiləşib.    
Modern.az saytına verilən məlumata görə, Diasporla Iş üzrə Dövlət Komitəsinin Xarici Işlər Nazirliyinin tərkibinə verilməsi məsələsi gündəmə gəlib. Hətta bildirilir ki, bəzi ölkələrdə fəaliyyət göstərən tanınmış azərbaycanlılar bu məsələnin tezləşməsi üçün Azərbaycan rəhbərliyinə müraciətlər də göndəriblər. “Soydaşlarımızın gətirdikləri arqumentlər ondan ibarətdir ki, səfirliklərlə diaspor qurumlarının bir mərkəzdən idarə olunması daha faydalı olar. Belə olmayacağı təqdirdə isə əksər diaspor təşkilatlarının fəaliyyətinin iflic olacağı gözlənilir”,- deyə xaricdəki soydaşlarımız modern.az-a bildiriblər. Komitə nazirliyə birləşdiriləndən sonra böyük ehtimalla Nazim Ibrahimov vəzifəsinə əlvida deyəcək.

İnformasiya şöbəsi