Hörmətli oxucular, dünən bizim möhtərəmlər Tofiq Bəhramov adına Respublika stadionundan sovet dövrünə aid bütün atributları yığışdırmağa qərar verdilər. Məsələn, meydançanın Iosif Stalinin şərəfinə tikilən “C” (kiril əlifbası ilə) hərfli görkəmini dəyişəcəklər.
Ölkənin görkəmini Stalin idarəçiliyinə uyğunlaşdırıb, azadlıqları boğmaqda, fərqli düşünənləri cəzalandırmaqda Stalin üsullarına qaz verib sonra da Respublika stadionunun “C” hərfli görkəmini dəyişməklə əlinizə nə keçəcək?
Qalsın, məncə. Olmasın kirilcə “C”, olsun latınca “C”. Olmasın Stalinin kirilcə “C”si, olsun dövlət səviyyəsindəki cibgirliyin, cinayətkarlığın, caniliyin, canavarlığın latınca “C”si. Bir fərqi varmı?
Siz ən yaxşısı o stadionun adını dəyişin. Necə ki, Konstitusiyaya barmaq eləyib, respublikanı monarxiyaya dəyişdiniz, eləcə də stadionun adını dəyişin. Azərbaycanda respublika artıq yoxdursa, onun yerində qocaman bir krallıq, şahlıq varsa, Respublika stadionu niyə olsun ki?
Üstəlik, Tofiq Bəhramov adına Respublika stadionu nə deməkdir? Bu respublika nə vaxtdan Tofiq Bəhramovun adına olub? Bu respublikanı Məhəmməd Əmin Rəsulzadənin adına çıxmağı qısqanırsınız da, onu Tofiq Bəhramovun adına necə çıxa bilirsiniz?
Hə, siz əgər “nə əlaqəsi var, canım, Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır, Respublika özü yox” deyəcəksinizsə, o zaman mən də soruşuram: Bəs onda Respublika sarayının adını dəyişərkən niyə Heydər Əliyev adına Respublika sarayı etmədiniz? Bəs niyə o, sadəcə Heydər Əliyev sarayı oldu?
***
Qayıdaq Respublika stadionundan sovet dövrünə aid atributların yığışdırılmasına. Bu barədə xəbərdə meydançanın Iosif Stalinin şərəfinə tikilən “C” hərfli görkəminin dəyişdirilməsindən başqa daha hansı atributların dəyişdiriləcəyindən bəhs olunmur. Məlum olan yalnız prosesə 10 milyon manat xərclənəcəyidir. Ilham Əliyevin sərəncamında bu, belə əsaslandırılıb: “Stadionun əsaslı təmiri və yenidən qurulması məqsədi ilə…”
Ifadəyə fikir verdinizmi? Tıpkı sovet dövründəki kimi: “Əsaslı təmir və yenidən qurma”.
Azərbaycanda respublikaçılığın bütün əsaslarını alt-üst edib, ölkəni köhnəliyin qalıqları üzərində qurmaq istəyən bir rejimin büdcə pullarını “əsaslı təmir və yenidən qurma” ilə sağa-sola səpələməsi artıq bir sovet ənənəsinə çevrilib. “Təmir və yenidən qurma” adı ilə milyonların xalqdan oğurlanması sovet sisteminin əsas atributlarından, nişanələrindən idi.
Yəni, əslində hansısa stadionda sovet artibutlarını dəyişmək boş söhbətdir, əvvəlcə Ilham Əliyevin sərəncamlarından sovet atributlarını yığışdırmaq lazımdır. Sovetdənqalma klişelərin arxasında gizlənib dövlətin pullarının yağmalanmasına son vermək lazımdır. Eybi yox, qoy stadion Stalinin “C”si şəklində olsun, amma yetər ki, ölkəni idarə edən zehniyyət cibgirliyin “C”si formasında olmasın. Ən müxtəlif bəhanələrlə dövlətin cibinə girilməsin. Milyonlarla insan daha taleyüklü problemlərinin, qayğılarının həllini gözləyərkən hansısa hərfi bəhanə gətirib millət həriflənməsin, abdal yerinə qoyulmasın.
Guya bu soxhasoxda Stalinin “C”si nəyə mane olur ki? Guya siz Stalinin “C”si yerinə stadionu Heydər Əliyevin “H”si görkəmində inşa etsəniz, biz günü sabah Almaniya yığmasını ala itdən urvatsızmı eləyəcəyik? Ya bəlkə Messi uça-uça bizim “Neftçi”də oynamağa gələcək?
***
Ümumiyyətlə, axı ilin-günün bu vaxtı nə hərfbazlıqdı? Ona qalsa, ölkədə məhkəmələr Stalinin “C”si görkəmində deyil, bəs onda onlar niyə sifarişlidirlər, ədalətsizdirlər? Ona qalsa, Hökumət Evini kənardan heç bir hərfə oxşatmaq mümkün deyil, bəs o niyə “p” kimi işləyir?
Əslində, məndən soruşan lazımdı ki, bunları niyə yazıram? Guya özünüz də bilmirsinizmi ki, məsələ hərflərdə deyil, məsələ xalqı hərifləməməkdədir. Amma siz artıq hərflərlə də milləti hərifləməyə başladınız ha, artıq mənim sizə deyiləcək heç bir sözüm qalmır.