Evləri sökülənlər üsyana qalxdı (FOTOLAR/VİDEO)

Səbail rayonunda qadınlar bir saatlıq etiraz aksiyası keçirdi

Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə 100-dən artıq sakin ötən gün saat 18.30 radələrindən başlayaraq, bir saata qədər etiraz aksiyası keçirdilər. Əsasən, qadınlardan ibarət olan aksiyaçılar evlərinin söküləcəyi haqda məhkəmə qərarına etiraz edərək Bakı-Salyan magistral yolunu bağlamaq istəyirdilər. Qadınlar aksiyaya uşaq arabalarında körpələrini də gətirmişdilər.

Dövlət Neft Şirkəti vətəndaşlara qarşı

Etiraza qalxanlar əsasən Yüzbəy Mürsəlov və Arif Ismayılov küçələrinin sakinləri idi. Bu insanlara qarşı Dövlət Neft Şirkəti məhkəmə iddiası qaldırıb. Məhkəmə də iddianı təmin edərək evlərin sökülməsi barədə qərar çıxarıb. Bəzi sakinlərə isə analoji qaydada məhkəmə çağırışı gəlib. Etirazçılar məhkəmə qərarını və Dövlət Neft Şirkətinin iddiasını qanunsuz sayır, baş verənləri özlərinə qarşı mənəvi terror kimi qiymətləndirirlər.

Polis traktor rolunda

Aksiyanın başlama anında polis hadisə yerindəydi. Ilk anda 50-dək polis aksiyaçıların qarşısını aldı. Lakin qadınlardan bəziləri qaçaraq yolu (Bakı-Salyan magistralı) kəsir, avtomobillərin hərəkətini məhdudlaşdırırdılar. Bir qədər keçəndən sonra Səbail Rayon Polis Idarəsinin rəis müavini Kamal Vəlişov da özünü əlavə qüvvə ilə hadisə yerinə çatdırdı.
Polislər aksiyaçıları sakitləşdirə bilməyəndə zorakılığa əl atdılar. Bir polis zabiti aksiyaçılara qarşı “Sizi şumlayaram” deyə meydan oxuyanda ara lap qarışdı.

Kişi sözü

Vəziyyətin gərginləşdiyini görən Kamal Vəlişov sakinlərlə danışığa getdi. Rəis müavini sakinlərə dedi ki, narahat olmasınlar, onların evləri sökülməyəcək. Sakinlər məhkəmə qərarını göstərdikdə isə Vəlişov bildirdi ki, 14 ildir rayonun rəis müavini işləyir, belə qərarlar heç də həmişə həlledici olmur. Kamal Vəlişov sakinlərə tövsiyə də verdi. Məsləhət gördü ki, həftənin birinci günü Prezident Administrasiyasına qəbula getsinlər, bununla da iş müsbət həllini tapacaq: “Siz gedin ora, danışın. Əgər desələr ki, evləriniz söküləcək, gəlin aksiyaya başlayın, mən də sizə qoşulum, lap qabağınızda da gedim”.
Şikayətçilər, “bizi aldatmağa çalışmayın” deyə polis məmuruna inanmadıqlarını bildirəndə Kamal Vəlişov onlara polis kimi yox, kişi kimi söz verdiyini vurğuladı və bununla da gərginlik aradan qalxdı.

Jurnalist tutuldu

Aksiyanı işıqlandıran zaman “Bizim Yol” qəzetinin müxbiri Ramid Ibrahimovu polislər saxlayaraq bölməyə apardılar. Müxbirin verdiyi məlumata görə, yolda onun çəkdiyi bütün fotoları polislər silib.

Davamı var…

Etirazçıların “Azadlıq”a bildirdiyinə görə, Prezident Administrasiyasında onların problemi müsbət həll edilməsə, aksiyalar daha güclü formada davam etdiriləcək.

Natiq