“Eurovision-2012» üçün yer «tapmacası»

Respublika stadionunun təmirinə 10 milyon ayıran Ilham Əliyev bir gün sonra yeni idman-konsert sarayının tikintisinə sərəncam verdi

 

Bakıda keçiriləcək “Eurovision-2012″ mahnı müsabiqəsinin yerilə bağlı müəmmalar davam edir. Ölkə başçısı Ilham Əliyevin ötən gün Tofiq Bəhramov adına Respublika stadionunun təmirinə 10 milyon manat ayırması diqqəti bu məsələyə yönəldib.
“Turan” informasiya agentliyi iddia edir ki, “Eurovision-2012″ üçün, çox güman, Respublika stadionu seçilib, lakin bununla bağlı rəsmi qərar hələ açıqlanmır.
Agentliyə görə, iki fakt belə düşünməyə əsas verir. Ötən həftə idman və gənclər naziri Azad Rəhimov bu stadionu Avropa mahnı müsabiqəsinin keçirilməsi üçün üç mümkün variantdan biri kimi göstərmişdi. Ondan başqa, Heydər Əliyev adına Idman-Konsert Kompleksi və tikiləcək olan yeni zalın adı çəkilirdi. Lakin bu iki variant Bəhramov adına stadiondan kiçik olacaq.
Idman-Konsert Kompleksi maksimum 9 min tamaşaçı tuta bilər, yeni zalın tikintisi üçünsə, bir sıra problemlər var: uyğun yer və landşaft, lazımi qədər zaman, vəsait və s. yoxdur.
40 minə yaxın tamaşaçı qəbul edə bilən mərkəzi stadionun yalnız kosmetik təmirə və dam örtüyünə ehtiyacı var. Tent örtüklə qısa müddətdə bunu etmək olar. Dünyanın müxtəlif guşələrində bu təcrübədən geniş istifadə olunur. Çin istehsalçıları bu örtüyün 1 kv.m-ni 100-150 dollardan təklif edir.
Prezident Ilham Əliyev stadionun yenidənqurması üçün büdcədən 10 mln. manat ayrılması barədə sərəncam verib, amma nəzərdə tutulan işlər barədə məlumat verməyib. Hazırda stadionun abadlaşdırılması üzrə tam sürətlə iş gedir.
Respublika stadionunun direktoru Akif Ismayılov isə “mediaforum” saytının suallarına cavabında bildirib ki, təmir və yenidən qurma zamanı stadionun üstü bağlanacaq, kreslolar və ot örtüyü yenilənəcək, soyunub-geyinmə otaqları, stadionun giriş hissəsi tamamilə dəyişəcək. Stadionun asfalt örtüyü də təzələnəcək, uşaqlar üçün futbol meydançası isə təmir olunacaq. Işləri beş-altı aydan tez yekunlaşdırmağın mümkün olmayacağını düşünən direktor stadionun təmirini “Eurovision-2012″ ilə əlaqələndirməyin əleyhinə olub: ”Əvvəla, “Eurovision” hazırlıqları üçün 10 milyon manat bəs etməz. Ikincisi, yenidənqurma, təmir işləri ilə bağlı müraciətimiz Azərbaycan “Eurovision-2012″nin ev sahibliyi hüququnu qazanandan əvvəl olmuşdu”.
Bundan başqa, ölkə başçısı Ilham Əliyev iyulun 7-də Bakı şəhərində yeni müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb.
Bütün bunlar isə  “Eurovision-2012”nin Respublika stadionunda, yoxsa yeni bir məkanda keçiriləcəyi haqda qəti fikir söyləməyin hələ tez olduğunu göstərir.