b.esed2

BMT-nin baş katibi Əsədi cinayətdə ittiham etdi

Suriya xalqı isə diktatorun dialoq çağırışına “yox” deyir

Suriyanın Həma şəhərində Əsəd rejiminin qanlı əməliyyatları artırmasından qorxan yüzlərlə ailə bölgəni tərk etməyə başlayıb. Insan Hüquqları Müşahidə Qrupunun yaydığı açıqlamada deyilir ki, minlərlə insan Həmadan ayrılaraq 30 km uzaqlıqdakı Əl-Salamiyyə şəhərinə gediblər.
Xatırladaq ki, iyulun 5-də Əsəd rejiminin əmriylə Həma bölgəsinə yeridilən təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 20-dən çox insan həlak olub. Yüzlərlə şəhər sakini müxalifət tərəfdarı olduğuna görə həbs edilib. Şəhər tank və zirehli texnika ilə mühasirəyə alınıb. Həmaya giriş və çıxış məhdudlaşdırılıb.
Hakimiyyətin zorakılıqlarına baxmayaraq, ölkənin bir çox şəhərində gecə nümayişləri davam edib. Sosial şəbəkələrdə Bəşər Əsəd əleyhinə keçirilən aksiyalardan kadrlar yayılıb. Etirazçılar Suriya diktatorunun istefasını, hakimiyyətdən qanlı əməliyyatları dayandırmağı və təcili islahatlara getməyi tələb ediblər.
Suriya müxalifətinin dünənə təyin etdiyi ümummilli tətilə xalq tərəfindən dəstək verilib. Ölkənin müxtəlif şəhərlərində çəkilmiş videogörüntülər və fotoşəkillər insanların dükanları bağlayaraq tətilə qoşulduqlarını əsk etdirib. Sosial şəbəkələrdə Humus və Idlib bölgələrində tətilin daha kütləvi baş tutmasını göstərən kadrlar yayımlanıb.
Bü gun isə cümə namazından sonra müxalifət tərəfdarlarının növbəti mitinqlərinin keçirilməsi planlaşdırılır. Ölkənin müxtəlif yerlərində baş tutacaq dinc aksiyalara “Dialoqa yox” adı verilib. Müxalifət fəalları sosial şəbəkələr, telefonlar, xüsusi vərəqələrlə və bütün mümkün vasitələrdən istifadə etməklə vətəndaşları “Dialoqa yox” aksiyalarına qatılmağa çağırıb. Hakimiyyət isə gecə saatlarından başlayaraq mitinqlərin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Məscidlərə gedən və məscidlərdən mərkəzə doğru bütün yollar, məhəllələr nəzarətə götürülüb.
Bu arada BMT-nin baş katibi Pan Gi Mun Suriya hakimiyyətinə sərt mesaj ünvanlayıb. Baş katib Əsəd rejimini Həma şəhərində aparılan əməliyyat zamanı dinc sakinlərin öldürülməsini pisləyərək Suriya hakimiyyətini cinayətdə ittiham edib: “Suriyada cinayət davam edir. Buna son verilməldir”.

İnformasiya şöbəsi