Röya BDU-dan qovulsa da, ona diplom verildi

Abel Məhərrəmovun müğənninin ifasına xüsusi diqqəti təhsildə yeni skandala səbəb olacaq

Müğənni Röyanın ali təhsil məsələsi yenidən aktuallaşır. Buna səbəb müğənninin bu həftənin əvvəlində “ATV”dəki verilişlərin birində Bakı Dövlət Universitetinin məzunu olması barədə dedikləridir.
Röya Ayxan verilişdə BDU-nun yaxşı tələbəsi olmadığını, dərslərini lazımınca hazırlamadığına görə müəllimlərini incitdiyini deyib. O, əlavə edib ki, universiteti bitirsə də, hələ də həvəs göstərib, vaxt tapıb diplomu götürməyə getmir.
Məsələnin qəribə tərəfi ondan ibarətdir ki, Röyalə Nəcəfova 2008-ci ilin əvvəlində böyük bir skandalla BDU-dan qovulmuşdu. O zaman Röyalə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin 3-cü kursunda oxuyurdu. Jurnalist Natiq Güləhmədoğlu müğənninin hansı yolla BDU-ya daxil olduğunu araşdırırdı. Hətta sorğularına cavab vermədiklərinə görə jurnalist Bakı Dövlət Universiteti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qarşı məhkəmə iddiası da qaldırmışdı.
Məhkəmə prosesi zamanı universitet təmsilçiləri rektor Abel Məhərrəmovun 3/748 saylı əmri ilə Röyanın BDU-dan azad edildiyini açıqladı. Röyanın efirdəki açıqlamasından sonra belə çıxır ki, onu yenidən BDU-ya bərpa ediblər, yaxud onun universitetdən qovulması barədə məhkəməyə təqdim edilən sənəd saxta olubmuş.
Qəzetimizin növbəti sayında bu məqamları aydınlaşdırmağa çalışacağıq. Yeri gəlmişkən, BDU-nun keçən həftədəki məzun günündə Röya ən hörmətli qonaq kimi mərasimdə iştirak edib; repertuarındakı son mahnıları ifa edərək, rektor Abel Məhərrəmov barədə də xoş sözlər deyib.
Xatırladaq ki, kluar söhbətlərdə Röyanın BDU-ya qəbul olunmasının sirri kimi onun parlament seçkisi zamanı Abel Məhərrəmovun kampaniyasında iştirak edərək mahnı oxuması da göstərilir.

Siyavuş