Komandir hərbi hissə ərazisini fermaya çevirib; şəxsi heyətin ehtiyat ərzağı satılır
Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində yerləşən “N” saylı hərbi hissə mal-qara fermasına çevrilib. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, hərbi hissənin komandiri Qiyas Abbasov döyüş hazırlığını, eləcədə əsgərlərin maddi-texniki təchizatını yaxşılaşdırmaq əvəzinə ancaq şəxsi maraqlarını təmin etməklə məşğuldur. Hərbi-hissədəki mal-qara sürüsü də təbii ki, Qiyas Abbasova məxsusdur. Həmçinin bildirilir ki, hərbi hissə komandiri Goranboyun Gülüstan kəndinin yaylaq ərazisini sıravi vətəndaşlara “hədiyyə” edib. Yaylaq hərbi hissənin ərazisinə daxildir. Məlumatlara görə, həmin ərazidə mal-heyvan təsərrüfatından tutmuş arıçılığa qədər hər cür təsərrüfat növü var. Və təsərrüfat sahibləri Qiyas Abbasovla qarşılıqlı “anlaşma” şəraitində fəaliyyət göstərir. Məlumatlara görə, həmin ərazidə komandirin özünün arıçılıq təsərrüfatı var.
Qiyas Abbasov isə bu işləri təkbaşına görmür. Hərbi hissənin şəxsi obyektə çevrilməsində komandirə onun sağ əli kimi tanınan artilleriya divizionunun komandiri mayor Bayramov da kömək edir.
Goranboyun Meşəli kənd sakinləri isə əməkdaşımızla söhbətində bildirib ki, onlar hər gün Qiyas Abbasovun əhali arasında “gestapo” adlandırılan “komendat postu”nda saatlarla gözləməli olurlar. Bu post əsgərlərin yanına gələn valideynlər üçün düşünülüb. Onlar postu komandirin diktə etdiyi “şərtlərlə” keçməlidir. Əks-təqdirdə övladlarını görə bilməzlər. Şərtlərdən biri də budur ki, “gestapo”dan valideynləri hərbi hissəyə mayor Bayramovla “müqavilə” əsasında işləyən taksilər aparmalıdır.
Bu məlumatlar əsasında araşdırma aparan əməkdaşımız deyilənlərin doğru olduğunu gözlərilə görüb. Əməkdaşımız, hətta Qiyas Abbasovun çoban-əsgərinin şəklini də çəkib. Astara hərbi komissarlığından hərbi xidmətə çağırılan Əhməd Məmmədovla söhbət zamanı məlum olub ki, o, ümumiyyətlə hərbi xidmətə yararsızdır. Lakin buna baxmayaraq, Əhməd Məmmədov döyüş bölgəsində xidmətə göndərilib. Burada isə komandirin mal-qarasını otarır.
Əməkdaşımız, həmçinin meşə zolağında yerləşən 3-cü taborun ərazisindən keçərkən mülki vətəndaşlardan birinin hərbi hissəyə məxsus ərzağı harasa daşıdığını görüb. Sonradan bəlli olub ki, hərbi hissənin ərzağı satılmaq üçün aparılır. Əməkdaşımız hətta üzərində Müdafiə Nazirliyi tərəfindən “satışı qadağandır” yazılmış konservlərdən birini alıb: 2 manata.
Ilham Əliyev hər dəfə müharibə bəyanatları verəndə Azərbaycan ordusunun gücündən, qüdrətindən danışır. Amma göründüyü kimi, reallıq tamam başqadır. Bəs görəsən, həm də ali baş komandan olan Ilham Əliyev nə vaxtsa Azərbaycan əsgərinin, ümumiyyətlə ordunun vəziyyətilə maraqlanacaqmı?
İnformasiya şöbəsi