Ehsan Zahidov: «Məhərrəm Qasımovun axtarışı davam etdirilir»
Astara sakini Məhərrəm Qasımovun mütəşəkkil dəstə tərəfindən oğurlanması barədə ötən saylarımızda məlumat vermişdik. Bu məlumatı qəzetimizə Məhərrəm Qasımovun qardaşı Əmir Qasımov vermişdi. Əmir Qasımovun sözlərinə görə, qardaşı 5 aydır ki, mütəşəkkil dəstə tərəfindən oğurlanıb: “Qardaşımın tələbə yoldaşı Ilham Gözəlov onu aldadaraq Məhərrəmin tanımadığı, Ilhamın isə tanıdığı şəxslə qurğu qurub. Məhərrəmin adına ”Qrant” adlı böyük şirkət yaradılıb, onun savadsızlığı, kasıblığı və fağırlığından istifadə edilərək firma vasitəsilə “Zaminbank”ın rəhbəri Cəfər Tarverdiyevin əliylə külli miqdarda pul götürülüb. Nəticədə vergiyə 35000 manat borc yaranıb. Onlar bu pulu mənimsədiklərinə görə Məhərrəmi xaricə qaçmağa məcbur edib. Lakin o qaçmayıb və əvəzində beş aydır ki, oğurlanıb”.
Məhərrəm Qasımovun oğurlanması ilə bağlı onun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etsələr də, nəticəsi olmayıb. Əksinə açıq-aydın sezilir ki, hüquq-mühafizə orqanları, xüsusilə Xətai Rayon Polis Idarəsinin rəhbərliyi bu cinayətin ört-basdır edilməsinə çalışır. Xətai polisinin rəisi Mehman Təhməzov, hətta bu barədə daxili işlər naziri Ramil Usubova müraciət etdiyinə görə, Əmir Qasımovu hədələməkdən belə, çəkinməyib.
Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin mövqeyini öyrəndik. Qurumun rəsmisi Ehsan Zahidov bildirdi ki, Məhərrəm Qasımovun bacısı qardaşının itgin düşməsi barədə Xətai Rayon Polis Idarəsinə müraciət edib. Və hazırda Məhərrəm Qasımov itkin kimi axtarışdadır: “Bu məsələ polisin nəzarətindədir və axtarış tədbirləri davam etdirilir. Onu da qeyd edim ki, Məhərrəm Qasımovun vergiyə yaranmış borcu ilə bağlı Vergilər Nazirliyində cinayət işi başlanıb”.
İnformasiya şöbəsi