Taksi sürücülərinin hakim ailəyə məxsus «KapitalBank»a rüsum ödəməsi yasaqlanıb
Nəqliyyat naziri Ziya Məmmədov taksi sürücülərinə dövlət rüsumunu “KapitalBank”a ödəməyi qadağan edib. Bu barədə “Azadlıq”a taksi sürücüsü Fəxrəddin Məmmədov məlumat verib.
Şəxsi avtomobili ilə “taksovatlıq” edən Fəxrəddin Məmmədov deyir ki, bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin hədəfinə gəlib. Bütün sənədləri qaydasında olduğu halda Ziya Məmmədovun qoçuları vətəndaşın şəxsiyyət vəsiqəsini (!) ondan alıblar. Fəxrəddin Məmmədov Nəqliyyat Departamentinə müraciət edərək sənədi geri tələb edib. Lakin qurumun rəhbərliyində təmsil olunan Niyazi adlı şəxs ona bildirib ki, taksi fəaliyyətilə ilə məşğul olmaq üçün nəzərdə tutulan rüsumu ödədikdən sonra sənəd qaytarıla bilər. “Halbuki rüsumu ödəməyə 3 gün vaxt qalmışdı. Mən həmişə vaxtlı-vaxtında rüsumu ödəyirəm. Buna baxmayaraq dedilər ki, rüsum vaxtından əvvəl ödənməlidir”, – deyə Fəxrəddin Məmmədov bildirib.
Sürücünün sözlərinə görə, o, çarəsiz qalıb rüsumu ödəməyə razılıq verib. Bu dəfə Fəxrəddin Məmmədova deyiblər ki, rüsum yalnız “Bank of Azərbaycan”da ödənməlidir. Fəxrəddin Məmmədov rüsumu “KapitalBank”da ödəyəcəyini dedikdə isə həmin Niyaz adlı şəxs onun vəsiqəsini kənara ataraq işçilərinə “bunu da ölülərin siyahısına yazın” deyə göstəriş verib.
Fəxrəddin Məmmədov deyir ki, rüsumu “KapitalBank”a ödəmək daha sərfəlidir: “Əvvəla, ”KapitalBank”da heç bir növbə yoxdur. Yaxınlaşırsan, rahat pulunu ödəyirsən. Ikincisi, mənim avtomobilim “Jiquli”dir. “Jiquli”lərə isə lisenziya verilmir. Biz sadəcə aylıq 19 manat rüsum ödəməliyik. Amma “Bank of Azərbaycan”da bizdən 26 manat alırlar”.
“Bank of Azərbaycan” nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. “KapitalBank” isə hakim ailənindir. Bu isə o deməkdir ki, nəqliyyat naziri “taksi biznesi”ndən əldə etdiyi qazancı hakim ailə ilə bölüşmək istəmir. Ən yaxşı halda, qazancını gizləməyə çalışır.
İnformasiya şöbəsi