yap-bina-emblem

YAP üzvü vətəndaşlıqdan imtina etmək istəyir

Bakir Bayramov baş prokurorun birinci müavini Rüstəm Usubov və digər səlahiyyətli şəxslərin korrupsiya əməllərindən danışdı

YAP üzvü, məcburi köçkün, 2-ci qrup əlil Bakir Bayramov Azərbaycan vətəndaşlığından imtina etmək istəyir. Bunun səbəbi YAP-çının haqsızlığa məruz qalmasıdır. Bakir Bayramov “Azadlıq”a ünvanladığı müraciətdə deyir ki, o, doğma yurd-yuvasından köçkün düşəndən sonra Azərbaycan Dövlət Neft Akademiyasının tələbə yataqxanasında məskunlaşıb. Lakin  2009-cu ilin yanvarın 5-də Bakir Bayramovun yaşadığı otaqda partlayış baş verib:
“Partlayış yataqxananın altında yerləşən ”Gözəl Məkan” restoranında qaz sızması nəticəsində baş verib. Mən və ailə üzvlərim ağır vəziyyətdə xəstəxanaya yerləşdirildik. Bütün əmlakımız məhv oldu. Faktla bağlı cinayət işi başlansa da, istintaq obyektiv aparılmadı. Və bu işdə məsuliyyət daşıyan Nəsimi Rayon Qaz Istismarı Idarəsinin rəhbər şəxsləri istintaq orqanını pulla ələ almaq hesabına cəzadan yayına bildilər. Yalnız iki fəhlə cəzalandırıldı. Mənə dəymiş zərər ödənilmədi. Hətta mənim və ailə üzvlərimin müalicəsinə də yardım edilmədi”.
Bakir Bayramov bu haqsızlıqla barışmayaraq müxtəlif dövlət qurumlarına üst-üstə 75 mindən çox müraciət və şikayət ərizələri yazıb. Lakin yenə də nəticəsi olmayıb. YAP-çının sözlərinə görə, onun şikayət və müraciətlərindən yalnız hakimlər və hüquq-mühafizə orqanları yaxşı qazanc əldə ediblər: “Təsəvvür edin, Bakı şəhər prokurorluğu Nəsimi Rayon Qaz Istismarı Idarəsinin 9 nəfər məsul şəxsindən üst-üstə 115 min manat rüşvət alaraq, işə xitam verildi. Məndə bu barədə təkzibedilməz faktlar var”.
Bakir Bayramov deyir ki, rüşvət faktı ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubova məlumat verib: “Mən ona baş verənləri təfərrüatı ilə dedim. Rüstəm Usubov isə mənə söz verdi ki, məsələni araşdıracaq. Söhbət əsnasında o, mənə obyekt düzəldəcəyini də vəd etdi”.
YAP-çının sözlərinə görə, sonradan bəlli olub ki, baş prokurorun birinci müavini sadəcə onun şikayətlərinin qarşısını almaq üçün belə edib.
Bakir Bayramov ona qarşı haqsızlıqda Rüstəm Usubovla yanaşı, baş prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovu, onun Zakir adlı köməkçisini, Bakı şəhər prokuroru Əvəz Seyidovu, Bakı şəhər Prokurorluğunun istintaq idarəsinin rəisi Zakir Saarovu, müstəntiq Vüqar Yusifovu, baş prokurorluğun istintaq üzrə böyük köməkçisi Əli Quliyevi, həmçinin Fövqəladə Hallar Nazirliyinin istintaq idarəsinin rəhbər şəxslərini və əməkdaşlarını (istintaq idarəsinin rəisi general Elçin Əsədov, istintaqa nəzarət idarəsinin rəisi general Çingiz Məmmədov, Ildırım Hacıyev, müstəntiqlər Seymur Teymurzadə, Nazim Hacıyev, Hikmət Aslanov və Qəhrəman Məmmədov) suçlu bilir. YAP-çının sözlərinə görə, adıçəkilən şəxslərin hamısı korrupsiyaya bulaşıb və konkret onunla bağlı işdə bu fakt üzə çıxıb. Bakir Bayramov sonda bəyan edir ki, ona qarşı haqsızlığa son verilmədiyini görüb, artıq Azərbaycan vətəndaşlığından imtina etmək haqqında düşünür: “Sizin qəzetiniz vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edərək ondan yardım istəyirəm. Əgər müraciətimə baxılmasa, vətəndaşlıqdan imtina etməkdən başqa çıxış yolum qalmayacaq”.

Sosial şöbə