Təzəxan Mirələmli başına gələnlərdən danışdı

«Rəis müavini kameranın qabağında qəsdən yumruq vururdu ki, mən də ona əl qaldırım»

«Ekspertiza rəyində də göstərilir ki, sağ gözümdə və sol qolumda xəsarətlər var»

Polisə müqavimətdə ittiham olunaraq 2 sutkalıq həbs cəzası alan AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli dünən sərbəst buraxılıb. T.Mirələmli Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilmişdi. O, iyulun 3-də Cəlilabad rayon polis şöbəsində saxlanılan oğluna yemək apararkən polis yeməyi qəbul etməmiş və mübahisə yaranmışdı. Nəticədə T.Mirələmli həbs edilmişdi.
Azadlığa çıxandan sonra qəzetimizə açıqlama verən T.Mirələmli bundan əvvəl oğluna sovqat apararkən heç bir problemlə üzləşmədiyini bildirib: “Rəis müavini Eldar Səfərov həmişə mənə salam verirdi. Bu dəfə salamsız-kəlamsız içəri keçdi. Gördüm ki, nəsə mənə qarşı acıqlıdı. Sakitcə növbətçi hissəyə yaxınlaşdım, amma sovqatı götürmək istəmədilər. Hiss elədim ki, açıq-aşkar təxribata çəkirlər. Sonradan protokolda qeyd ediblər ki, guya, mən ucadan danışmışam. Əslində isə onlar ucadan danışırdı, mən də məcbur olub bir az səsimi yüksəltdim. Eldar Səfərov otağından çıxıb birbaşa üstümə gəldi ki, ”anqırma”. Dedim, işçilər tərbiyəni sizdən götürür, bu nə sözdür, adamlarla bir az mülayim danışmaq lazımdır. Orada da kameralar var idi. Kameranın önündə qarnıma yumruq vurdu. Gözləyirdi ki, ona cavab verim. Amma mən bu təxribata getmədim. Ikinci dəfə yenə yumruq vurdu, sonra da sifətimə zərbə endirdi. Dedi, “aktlaşdırın, atın 15 sutkaya. Telefonumu əlimdən almaq istədilər, dedim, məhkəmənin qərarı olmadan ala bilməzsiniz. ”Azadlıq” qəzetinə, “Turan” agentliyinə xəbər verdim, ondan sonra telefonu aldılar. “Azadlıq” radiosundan zəng edənlərə Eldar Səfərovun nömrəsini verdim. Bundan sonra mənə qarşı bir az da aqressivləşdilər. Həkim tələb etdim, baxan olmadı. Həm fiziki, həm psixoloji təzyiqlərə məruz qaldım. Adi yatmaq üçün də şərait yox idi”.
Məhkəmə prosesinə gəlincə, T.Mirələmli deyir ki, hakim Mustafa Mustafayev işə obyektiv baxmağa cəhd edirdi: “Əvvəlcə prosesi qapalı keçirmək istədilər. Etiraz edəndən sonra açıq keçirildi. Yaxınlarım, o cümlədən AXCP və Müsavatdan nümayəndələr iştirak edirdi. Hakim dərhal irad tutdu ki, niyə məni vəkillə təmin etməyiblər. Ilk vəsatətimiz o oldu ki, tibbi ekspertiza keçirilsin. Məhkəmə vəsatətimizi qəbul etdi. Ekspertiza keçirildi. Rəydə göstərilirdi ki, sifətimdə, sağ gözümdə, sol qolumda xəsarətlər var. Şahid qismində polislər dindirildi. Məlum oldu ki, məni Inzibati Xətalar Məcəlləsinin iki maddəsi ilə – 296 və 310.1 maddəsi ilə ittiham edirlər. Ikinci maddə polisin çağırışına məhəl qoymamaq idi. Bu maddə məhkəmədə sübuta yetirilmədi. Polis bununla bağlı verdiyim suallara cavab verə bilmədi. Hamısı bir ağızdan deyirdi ki, guya mən nalayiq sözlər işlətmişəm. Sual verdim ki, nə demişəm, heç biri dəqiq bir söz deyə bilmədi. Hakim çətin vəziyyətə düşmüşdü”.
T.Mirələmli baş verənlərin təxribat olduğunu, qərardan şikayət verəcəyini bildirib.

Gültəkin