Süleyman Nemətovun işgəncələri ört-basdır edilir

AXCP fəalı Ramiz Əhədov 2 aprel aksiyasında üzləşdiyi qəddarlıqla bağlı Avropa Məhkəməsinə şikayət etdi

AXCP fəalı Ramiz Əhədova qarşı işgəncə faktı ört-basdır edilir. Xatırladaq ki, Ramiz Əhədov Ictimai Palatanın 2 aprel aksiyasında Nəsimi rayon polis idarəsinin rəis müavini Süleyman Nemətovun qəddarlığı ilə üzləşmişdi. Rəis müavini AXCP fəalının qolunu əzmişdi.
Süleyman Nemətovun Ramiz Əhədova qarşı zorakılığını isbat edən foto və videoroliklər də var. AXCP fəalı aksiyadan sonra Respublika Prokurorluğuna şikayət etmişdi. Ramiz Əhədovun sözlərinə görə, Respublika Prokurorluğu şikayəti baxılması üçün Səbail Rayon Prokurorluğuna ünvanlamışdı. Lakin Səbail Rayon Prokurorluğu AXCP fəalının şikayətini rədd edib. Ramiz Əhədov da məhkəməyə üz tutmalı olub: “Mən Səbail Rayon Məhkəməsində Səbail Rayon Prokurorluğu barədə iddia qaldırdım. Lakin iddia təmin olunmadı. Apelyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxladı”.
Bütün bunlara baxmayaraq Ramiz Əhədov sona qədər mübarizə aparmaqda israrlıdır. “Artıq Avropa Məhkəməsinə müraciət etmişəm. Inanıram ki, Avropa Məhkəməsində bu işə ədalətlə baxılacaq və mənim hüquqlarım bərpa olunacaq”,- deyə AXCP fəalı vurğulayıb.