Sərdar Cəlaloğlu İctimai Palatadan nə istəyir?

Tofiq Yaqublu: «Sərdar Cəlaloğlu Ictimai Palatanı qəbul etmirsə, buyursun, o da bu qurum kimi bir güc mərkəzi yaratsın və bu qurum kimi hakimiyyətlə mübarizə aparsın»

Son vaxtlar Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlunun ən sevimli mövzusu Ictimai Palata haqqında danışmaqdır. ADP sədri hesab edir ki, ölkədəki bütün problemləri bir kənara atıb, yalnız Ictimai Palata haqqında danışmaq lazımdır. Hətta iş o yerə çatıb ki, partiyanın Idarə Heyətinin iclasında da Ictimai Palata müzakirə mövzusu olub.

Sərdar Cəlaloğlu siyasi fəaliyyətlə məşğuldur. Özü də hakimiyyətə müxalifətdə olduğunu iddia edir. Əgər belədirsə, o halda Sərdar Cəlaloğlu əsas etibarilə hakimiyyətin fəaliyyətini izləməli və onun nöqsanları barədə danışmalıdır. Müxalifətdə olduğunu deyib, başqa müxalifət partiyalarının fəaliyyətini təftiş etmək, demək olar ki, hər gün mətbuata açıqlama verib həmin partiyaları qılınclamaq nə dərəcədə doğrudur, görəsən.

Sərdar Cəlaloğlu bu barədə düşünsün, biz isə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun bu məsələyə münasibətini oxucuların diqqətinə çatdıraq: “Ictimai Palata müxalifətdə ən iri güc mərkəzidir. Bu da, təbii ki, qurumda ölkənin aparıcı müxalifət partiyaları – Müsavat və AXCP-nin təmsil olunması ilə bağlıdır. Ictimai Palatanın gücü, əhəmiyyəti, yerli və beynəlxalq ictimaiyyət tərəfindən hakimiyyətə alternativ kimi qəbul edilməsi, əlbəttə ki, iqtidarla yanaşı bəzilərini də narahat edir. Sərdar Cəlaloğlunun Ictimai Palata haqqında vaxtaşırı ittihamlar səsləndirməsi də bununla bağlıdır. Lakin bütün bunlar Ictimai Palatanı nüfuzdan salmağa uğursuz cəhddən başqa bir şey deyil. Sərdar Cəlaloğlu Ictimai Palatanı qəbul etmirsə, özü bilər, buyursun, o da bu qurum kimi bir güc mərkəzi yaratsın və bu qurum kimi hakimiyyətlə mübarizə aparsın”.

Xəyal