Əliyevin qızı, Heydərovun oğlu medal aldı

Mahal İsmayıloğlu: «Məmur övladlarının önə çəkilməsi ailənin nüfuzuna və biznesinə xidmət edir»

«Yəni, bizim milyardımız var, bir çimdik də götürüb Azərbaycan üçün təbliğat aparırıq»

Ölkə başçısının 4 iyul sərəncamı ilə Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adlar, orden və medallar verilib. Təltif olunanlar arasında dövlət başçısı Ilham Əliyevin qızı Leyla Əliyeva, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov da var.
Onların hər ikisi “Tərəqqi” medalına layiq görülüb. Görünür, L.Əliyevaya və T.Heydərova bu ordeni qazandıran onların dövlətin vəsaitləri hesabına xaricdə Azərbaycanın təbliği üçün keçirdiyi tədbirlərdir. Halbuki dünyanın hər yerində ölkə başçılarının, iri məmurların ailə üzvləri yüzlərlə bu tip layihəyə imza atırlar. Amma onların heç biri orden, medallarla təltif olunmur. Üstəlik, Azərbaycan üçün canını fəda verən insanlar var ki, belə təltiflər zamanı onları unudub öz övladlarını irəli vermək heç bir çərçivəyə sığmır.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, ölkədə bir çox şey kimi, azərbaycançılıq ideyasının təbliği də özəlləşdirilib: “Kəmaləddin Heydərovun oğlu gəncdir, Ilham Əliyevin qızı ondan da xeyli gəncdir. Bu təbliğatı daha təcrübəli, daha yaradıcı adamlara həvalə etməli idilər. Azərbaycançılığın təbliğatı onlar üçün dekorasiyadır. O dekorasiyaya əlavə kimi, özlərinə mükafat verirlər. Əgər bu ölkədə azadlıq yoxdursa, Azərbaycanın hansısa formada təbliğatının heç bir mənası yoxdur. Azərbaycan o vaxt təbliğ oluna bilər ki, heç olmasa, minimial azadlıqlar təmin olunsun. Bu olmayandan sonra qoy, özləri özlərinə nə qədər istəyirlər mükafat versinlər”.
M.Ismayıloğlu deyir ki, məmur övladlarının önə çəkilməsi ailənin nüfuzuna və biznesinə xidmət edir: “Yəni, bizim milyardımız var, ondan bir çimdik də götürüb Azərbaycan üçün təbliğat aparırıq. Bunlar kriminal pullardır. Kriminal pullarla vətən təbliğ olunmur”.