Insan məhvoluşu

Moldovada Azərbaycan əsilli yazıçının həbs edildiyini bilirsiniz. Eduard Bağırov adlı bu həmyerlimiz Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür və Moldovada 2009-cu ildə keçirilən seçkilərdən sonrakı etirazların təşkil edilməsində şühbəli bilinir.Mən Eduard Bağırov haqqında ilk dəfə rus mətbuatından oxumuşdum, oxuduqlarımdan belə çıxırdı ki, onun “Qastarbayter” adlı romanı kifayət qədər səs-küy yaradıb, müzakirələrə səbəb olub.

Ümumiyyətlə, 36 yaşlı bu yazıçının tərcümeyi-halında maraqlı məqamlar çoxdur, məsələn, orada bir neçə xalq və coğrafiyanın adı keçir: Türkmənistanda doğulub. Atası rusdur. Anası azərbaycanlıdır. Həbsə düşdüyü yer isə: Moldova.

Amma mənim üçün Eduard Bağırovun tərcümeyi-halındakı ən diqqətçəkən məqam onun AYB üzvü olmasıdır. Onu AYB-yə hansı ehtiyacın üzv etdirdiyini bilmirəm, bildiyim tək bir şey var: hər bir halda normal bir zehniyyətin sahibi deyil, məntiq hissindən uzaqda yaşayır, dumanlı təfəkkürə sahibdir, tutarsız və prinsipsizdir!

Əks halda soruşuram: normal bir zehniyyətin sahibi həm Azərbaycanda hər saxta seçkinin ruporlarından biri rolunu oynayan, 2003-cü ilin saxta seçkilərinə etiraz aksiyalarının qanla, qəddarlıqla, zorla, zopa ilə dağıdılmasını dəstəkləyən AYB-yə üzv olub, həm də gedib Moldovada seçkilərin saxtalaşdırılmasına etiraz aksiyaları təşkil edərmi? Azərbaycanda saxtakarlıq yaxşıdır da, Moldovadamı pisdir? Sən bir ölkədə saxtakarlığın əsas dayaqlarından birinin sıralarına qoşulub, başqa bir ölkədə saxtakarlığa qarşı üsyanın təşkilatçısına çevrilərsənsə, bunun adı riyakarlıqdır, ikiüzlülükdür, şəxsiyyətin ikiləşməsidir, bir əldə iki qarpız tutmaqdır.

Ümumiyyətlə, insan AYB üzvü olunca onda əcaib-qəraib şeylərin baş qaldırması çox təbiidir. Məsələn, 2003-cü ildə Ramiz Rövşən Isa Qəmbərin yanında idi, monarxiyaya qarşı duruş sərgiləyirdi. Bir il sonra AYB-nin qurultayı keçirildi, Ramiz müəllim bu dəfə Anarın yanında idi. Sonadək Anarın sədrliyi uğrunda çarpışdı, vuruşdu. Soruşmadan keçə bilmir adam: necə olur bu? Necə baş verir bu? Həm Isa Qəmbərin yanında olub siyasi monarxiyaya qarşı dayanmaq, həm də Anarın yanında olub onun 24 illik hakimiyyətinə “qaz” vermək, beləcə, Anarın ədəbi monarxiyasının ömrünü daha da uzatmağa çalışmaq hansı məntiqə və əxlaqa sığır?

Ya da bugünlərdə başqa bir AYB üzvü, yazıçı Seyran Səxavətin Şeyxi müdafiə edən bir səhifəlik yazısını götürək. Bayram deyil, seyran deyil, Seyran Səxavət Şeyxi niyə müdafiə edir, orası məni heç maraqlandırmır. Məni maraqlandıran başqa şeydir: eyni Seyran Səxavətin illər əvvəl eyni Şeyxin “Heydər Əliyevə qarşı çıxmaq Allaha qarşı çıxmaqdır” sözlərinə kəskin etirazları qəzet səhifələrində hələ də durur axı. Illərin qəzet səhifələrini saralıb-soldurmasını başa düşdük, bəs illər insanların fikrinin rəngini necə dəyişir?

***

Belə nümunələrin sayını istənilən qədər artıra bilərəm. Amma başınızı çox ağrıtmaq istəmirəm, söhbətin başını bağlamaq zamanı gəlib.Sadaladığım və sadalamadığım daha neçə-neçə örnəkdən çıxan ortaq nəticə budur: AYB-çi yeni insan tipidir. Mövsümlərə görə rəngini dəyişir. Nə ətdir, nə balıq. Nə oddur, nə su. Həm nala, həm mıxa vurmağın ustasıdır. Eyni anda iki tərəfə baxmaq kimi böyük bir mərifətə sahibdir ki, sonunda çaş qalması da buna görədir.

Hər zaman insanı heyrətləndirmək kimi qeyri-adi xüsusiyyəti vardır: məsələn, ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb, həyatda pis padşahın nökəri ola bilmək kimi… Ata diktatorun “Şöhrət” ordenindən imtina edib bala diktatorun əlindən “xalq şairi” adını sevinə-sevinə almaq kimi… Romanında Milli Məclisi ələ salıb daha sonra həmin Milli Məclisdə ələ saldığı adamlarla eyni sırada oturmağı özünə rəva görə bilmək kimi…

***

Uzun zamanlar nə qədər qocaman beyinlər, necə zəka sahibləri bu sual üzərində qafa yordu, baş sındırdı, amma hər kəsi qane edəcək, hər kəsi razı sala biləcək ortaq bir cavabı tapa bilmədi.
Və mən dünən çözdüm o sualı, tapdım cavabını.
– Insan nə vaxt məhv olur?
– Nə vaxt ki, AYB-çi olur.