kiv-df

Görkəmli maarifçi və elm fədaisi – Sultan Məcid Qənizadə

«Mütərəqqi fikirli ziddiyyətli adam»…

Görkəmli maarif xadimi, müəllim, yazıçı, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultan Məcid Qənizadə Azərbaycanın ən parlaq şəxsiyyətlərindən biri olub. O, vətən və millət, əxlaq və mənəviyyat mübarizəsi aparan bir insan, islam dininə tapınan, Allaha inanan bir iman sahibi idi. Amma zamanında bu keyfiyyətləri çoxunun xoşuna gəlmirdi. Hətta ən məşhur tədqiqatçılar da sovet dövründə Sultan Məcid Qənizadə haqqında araşdırmalar apararkan onu gah “mütərəqqi fikirli”, gah da Allaha inandığı üçün “ziddiyyətli adam” kimi səciyyələndiriblər. Bununla da onunla bağlı əsl həqiqətin üstünə qara xətt çəkilib. Əlbəttə, bu, quruluşun diktəsi idi.

Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəlinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində “Məsihzadə” imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər Institutuna daxil olub. Bu institut 50 ilədək bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsini çar hökuməti qadağan etdiyindən, Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə göndərildilər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə bir sıra bölgələrə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi.

Qənizadə maarif və elm fədaisi idi. Məktəbdə dərs deməklə kifayətlənməyən bu irfan sahibi dərsliklər, müxtəlif dillərdə elmi-pedaqoji əsərlər yazırdı. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki” (1902), “Samoy çitel tatarskoqo yazıka” və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultan Məcid bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörməti və nüfuzu olan bu qocaman maarif xadiminə hamı ehtiramla “Mirzə Məcid” deyə müraciət edirmiş.

Mədəniyyət xadimi

Sultan Məcid Qənizadə eyni zamanda tanınmış mədəniyyət xadimi idi. Onun Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. S.M.Qənizadə H.Ərəblinski haqqında maraqlı xatirə də yazıb çap etdirmişdir. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. O həm də gözəl tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: “Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun ”Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”. O da məlumdur ki, Sultan Məcidlə Lev Tolstoy məktublaşma vasitəsilə dostluq ediblər.

Yazıçı və dramaturq kimi onun ilk qələmə aldığı pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, bu günə kimi həmin pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani” adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi alqışlansa da, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir. Millətinə aşiq gözəl qələm sahibi

Sultan Məcid Qənizadə gözəl jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Qənizadə ən çox “Dəbstan” jurnalında çap olunurdu. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq edib və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünüb. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz Sultan Məcid Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçılar “Molla Nəsrəddin”in yazarları haqqında araşdırmalar apararkən Sultan Məcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib “Molla Nəsrəddin” jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan ona da məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də aydınlıq gətiriləcək.

Sultan Məcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firudin Köçərli yazırdı: “Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”. Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. Insan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultan Məcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili”ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi.

1937-ci il repressiyalarının qara buludları yaşının ahıl çağında Sultan Məcid Qənizadənin də başının üstünü aldı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bu şəxsiyyəti də həbs edərək “xalq düşməni” kimi güllələdilər. 72 yaşlı bir insana “xalq düşməni” damğası vuraraq onu bu adla sıradan çıxarmaq Azərbaycan xalqının mənəviyyatına edilən qəsd idi. Cavidlərin, Müşfiqlərin, Abbas Mirzə Şərifzadələrin, Ülvi Rəcəblərin, Əhməd Cavadların qoşulduğu ağır karvanın bir üzvü də, təəssüf ki, Sultan Məcid Qənizadə olub. Onun zindan divarları arasında dustaq paltarlı şəklinə baxanda dövrün haqsızlıqları insanın qanını dondurur…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir