Eşşəyə ehsan

Azərbaycanın ayrı-ayrı yerlərində müxtəlif olaylar baş verib. Bu olaylardan hansının baş olduğunu demək çətindi. Hansını başda yazasan? Şamaxı icra başçısının başına ip saldığı eşşəyin (artıq mərhum demək olar) məsələsimi, ya başqalarımı?

Nə isə, eşşəkdən başlamışkən, elə ondan da danışaq. Deməli, Şamaxı rayonunda mütəqəlqəl yol qəzası baş verib. Ağır itki qeydə alınıb. Rayon icra başçısının eşşəyi, ahıl arabaçısı, arabanın özü və 3 (üç) ədəd ot presi tələf olub. Düzü, bu eşşək söhbətinin ta əvvəlindən indiyə kimi məni daha çox o preslərin həqiqi, ya yalançı olması düşündürsə də, bir şamaxılı tapılmadı ki, narahatçılığıma son qoya. Əgər o preslər doğruçu idisə, yoldan ötən mal-heyvanın ağzından onu necə qoruyacaqdılar? Axı nə vaxta qədər eşşəyi mühafizə eləmək olardı? Üç ədəd presə, bir ədəd eşşəyə görə filan qədər polisi günün, qarın-sazağın altında girinc eləmək insanlıqdan olmazdı heç. Necə deyərlər, astarı üzündən baha başa gəlməzdimi? Əslində qəza baş verməsəydi, onsuz da eşşəyi qoruma altında saxlayacaqdılar. Polislər də girinc-giriftar olacaq, axşam evə dönəndə, “arvad, işdən gəlmişəm, çay gətir” deyəndə utanacaqdılar. Öz aramızdı, polis eşşəyi qoruyunca, elə dövləti qoruyar da, yəni mitinqdə adam-zad tutar. Indi naşükürlüyə bax da, bir şamaxılı özünü itirib polisləri eşşək qarovulçuluğundan xilas eləyir, polislər isə, təşəkkür yerinə adamı tutub içəri salır, sonra da eşşəyə görə basıb gözünü çıxarmaq istəyirlər. Elə bil “Kamaz” sürücüsü 5 yaşlı qızcığaz kimi “Istefa-Azadlıq” qışqıraraq dövlətçiliyə ziyan vurub. Icra başçısının eşşəyinə bu hörməti görəndə adamın yadına Seyid Əzimin “Köpəyə ehsan”ı düşür.

Nə isə, bu ölkədə eşşəklik insanlıqdan irəli olduğu üçün elə eşşəyin ölməkliyindən başladıq. Yəni insani xəbərləri bir qırağa qoyduq. Onsuz da bu ölkədə heç vaxt insanı eşşək yerinə də qoyan olmayıb, eşşəklə bağlı faciə isə yüz il müddətində öz aktuallığını itirmədən həmən-həmən qalıb. Dəyişən yalnız şəkildi. Ötən əsrin əvvəlində də eşşək problemimiz vardı (bu problem, hətta ədəbiyyata qədər gəlib çıxmışdı), indi də var və publisistikanı cənginə alıb. Katda Xudayar bəy – o zamanın başçısı eşşəklə bir cür davranmışdı, çağdaş katda başqa cür davranıb. Biri diri eşşəyin evini yıxmışdı, biri ölü eşşəyin xatirəsini. Əsas budu ki, eşşək problemi 100 ildi Azərbaycan insanının baş problemi olaraq qalmaqdadı.

Şamaxı icra başçısını bir tərəfə qoyaq – eşşək arabası kompozisiyasını yaradan heykəltəraşın məqsədi bəlkə də çox ali olub. Bəlkə heç bilməyib də ondan satın alınan bu yaradıcılıq işi, kənd idilliyasının obrazını yaradan həmin əsər bu qədər söz-söhbətə səbəb olacaq, bütöv bir bölgənin adamlarını bunca rahatsız eləyəcək və bir “Kamaz” sürücüsü də qarşıdan gələn avtomobilin onun yoluna çıxmasından çaşaraq qəza törədəcək. Və ötən əsrin hardasa elə onuncu-on birinci ilində başı bəlalar çəkmiş eşşək bir də bu əsrin həmin ilində gipsinə, sementinə qəltan olacaq. Indi bu eşşək söhbəti nəyə oxşayır, bilmirəm, ancaq rəhmətlik əmim deyərdi ki, “filan hampanın” tövləsi düz evlərinin qənşərində tikilir deyə, boylu arvadların gəbəsi həmişə eşşəyin gözünə tərpənir, ona görə hamısı eşşəyə oxşayırlar.

Atalarımız da yaxşı deyib: “Elm cəhaləti götürər, eşşəklik baqi qalar”.

Sonda sizə olmuş bir əhvalat danışım, mabədini özünüz düşünün. Tanıdığım bir adamın başına gəlib. Bir gün eşşəyini çullayıb meşəyə oduna gedir. Yükünü necə lazımdı çatıb geri qayıdır. Birdən eşşəyin ayağı qaçır və dərəyə diyirlənib ölür. Adam naəlac qalıb ölmüş eşşəyi yükdən azad eləyir, çulunu da açıb belinə ataraq yola düzəlir. Gəlib lap evə çathaçatda ağlaya-ağlaya deyir: “Ay Allah, nə olaydı gedib görəydim eşşək tövlədə, çulu da üstündədi…”.