Dünyanın bütün sosioloqları yığışıb gələ, bütün filosoflar bura toplana, min illərin elmi-nəzəri və praktik-təcrübəsi meydana qoyula, yenə də Azərbaycanın mövcud olması faktını əsaslandırmaq mümkün deyil.
Bir ölkədə ki, yeraltı və yerüstü sərvətlərin hamısı hakim ailənin sərəncamına verilə, yurd başdan-başa 5-10 məmurun şəxsi mülkünə çevrilə, xanlıqlara bölünə, meşəsi, dağı, daşı, çayı, hətta dənizinə qədər hasarlanıb özəlləşdirilə; bir ölkədə ki, dədə-babadan Xəzər kənarında yaşayan Bakı kəndlisi evinin böyründəki dənizdə çimməyə yer tapmaya, əvəzində bütün sahili mənimsəyən hansısa oliqarx tikdirdiyi iqamətgahına kanal çəkdirib dənizi oturduğu evə gətirə, doğdu-bitdi meşənin göbəyində yaşayan şamaxılı dincəlmək üçün bir şam ağacı tapıb altına girə bilməyə; bir ölkədə ki, naxçıvanlı ömrünü verdiyi şəhərdə “cüt-cüt” gəzəndə göz altına alına, taksi xidməti göstərib də balasına ruzi apara bilməyə; bir ölkədə ki, yetimxanalar illərlə bir tikə ətə həsrət qaldığı vaxtda qudurmuş məmurun biri saxladığı cins itlərə hər gün 60 qoyun cəmdəyi atdıra; bir ölkədə ki, əhali dilənçi kökündə yaşadığı məqamda rüşvətxorun birisi külli miqdarda vəsaitə xaricdən cütdırnaqlı eşşək gətizdirə; bir ölkədə ki, milyonlarla insan çörək pulu uğrunda cihada çıxdığı anda hansısa məmurun qudurmuş balası bir milyona ayı kəsdirib yeyə… bu ölkə niyə dağılmamalıdır?
Bir ölkədə ki, yalan dövlət siyasətinə çevrilə, dövlət başçısı öz qızına və oliqarx məmurunun balasına heç kəsi vecinə almadan və ictimai qınağı hərləmədən “xidmətlərə görə” “Tərəqqi” medalı verə; bir ölkədə ki, prezidentin 11 yaşlı oğlunun adına Dubayda dəyəri on milyonlarla ölçülən mülk alına və bu, çox normal qarşılana, məmləkətin ən iri holdinqləri bircə ayın içində şəxsən prezident ailəsinin sərəncamına keçə; bir ölkədə ki, büdcə talanmasının zəhmət çəkib əsaslandırılması qayğısına belə qalmayan iqtidar mövcud ola… bu ölkə nə deyib yaşamalı, ayaqda olmalıdır?Bu ölkədə polis vətəndaşı qorumaq yox, var-yoxunu əlindən almaq, cibinə nəşə atıb tutmaq, şərləmək, canından bezikdirmək üçündür; bu ölkədə təhlükəsizlik işçisi dövlətin təhlükəsizliyini qorumaq əvəzinə obyektlərə haqq qoymaq, kimlərəsə “day-dayılıq” etməklə məşğuldur; bu ölkənin bütün hüquq-mühafizə orqanlarının işi hüququn anasını ağlatmaq, qanunları tapdamaq, rüşvət almaq və yuxarılara ötürməkdən ibarətdir; bu ölkənin məhkəmə sistemi polisin şərləyib tutduğu adamlara hökm oxumaq, məmurların basıb aldığı ərazilərə “hüquqi don geydirmək”lə işini bitmiş hesab edirsə, mənə izah eləyin, bu ölkə niyə dağılmamalıdır?
Bu ölkənin xırda çinli məmurları “turizm ili” çərçivəsində bölgələrə eşşək heykəli qoymaq təfəkkürünə sahib adamlardır; bu dövlətin kadrları savadına, istedadına görə deyil, rüşvət almaq bacarığına, yalan danışmaq qabiliyyətinə, satqınlığına, riyakarlığına, minsifətliliyinə görə arınıb-seçilir, vəzifələrə təyin edilirlər.
Bu ölkədə vətəndaşı yaşadığı evdən küçələrə atıb səfil-sərgərdan edirlər; xırda sahibkarın illərlə, ömrünü verə-verə qurduğu obyektini traktorun qabağına verib bir anın içində dağıdır, adamı çatladıb öldürürlər.
Bu xarabada tibb, səhiyyə bərbad gündədir, insanların normal müayinəsi aparılmır, yanlış diaqnozlar və rüşvət səbəbindən vətəndaşların səhhəti ildən-ilə ağırlaşır, imkanı olan da, olmayan da ən azı müalicə üçün canını götürüb bu ölkədən Iran kimi despotik rejimə qədər qaçır.
Bu ölkədə təhsil dəhşətli dərəcədə məhv edilib, orta məktəbi normal oxuyan şagirdlərin bir qismi attestat imtahanı verə bilməyəcək səviyyədə kütdür, qalanları isə ata-analarının boğazından kəsib tutduqları repetitorların hesabına çullarını sudan çıxarır; tələbələr savada yox, puluna görə qiymət alırlar, hər semestrdə ali məktəblərin rüşvət qiymətləri açıqlanır, korrupsiyaya qarşı mübarizə aparanlar isə heç nə olmayıbmış kimi qulaqlarını sallayıb faktları eşitməzliyə, görməzliyə vururlar.
Indi siz mənə izah edin: axı, bu nə möcüzədir, bu xaraba niyə dağılmır? Axı, belə cəmiyyətin mövcudluğu mümkün deyil!