Suriya diktatoru Hafiz Əsədin illər öncə Həma şəhərində törətdiyi qətliamı təkrarlayır
Suriyada Əsəd rejimi müxaliflərə qarşı qanlı əməliyyatlarını davam etdirir. Iyulun 4-də Həma şəhərində başlanılan xüsusi əməliyyat zamanı ölən müxaliflərin sayı 6 nəfərə çatıb. Şahidlər təhlükəsizlik qüvvələrinin evlərə soxularaq insanları həbs etdiyini, əmrə tabe olmayanları isə öldürdüyünü bildirib.
Xatırladaq ki, Suriya əsgərləri srağagündən etibarən Həma şəhərini tank və zirehli texnika ilə mühasirəyə alıb. Şəhərə giriş-çıxış məhdudlaşdırılıb. Ötən cümə günü Bəşər Əsəd hakimiyyətinə qarşı ən izdihamlı mitinq Həmada keçirilib. Mitinqə 500 min nəfər qatılmışdı.
Onu da əlavə edək ki, Əsəd ailəsinin iqtidarına qarşı etirazların tarixinə görə Həma şəhəri mühüm əhəmiyyət kəsb edir. Hələ 1982-ci ildə Suriyanın o zamankı diktatoru Bəşər Əsədin atası Hafiz Əsəd rejimə qarşı etiraza qalxan Həma şəhərinə qoşun yeridib. Onun ərmindəki əsgərlər 3 gün ərzində 30 min şəhər sakinini qətlə yetirmişdi.