Azərbaycanlı qız dünyanın ən yaxşı modelləri sırasında

Türkiyənin model biznesinin tanınmış simalarından olan azərbaycanlı Günay Musayeva “Best Model of the World” yarışmasına qatılacaq. Modelin ANS PRESS-ə verdiyi məlumata görə, dünyanın model yarışması 30 iyulda Bolqarıstanda keçiriləcək. Ölkənin paytaxtı Sofiyada baş tutacaq final mərhələsinə dünyanın 91 ölkəsindən iştirakçılar qatılacaq.

Günay Musayeva sözügedən yarışmada “Best Model of the World” müsabiqəsinin prezidenti Erkan Özermanın seçimi ilə iştirak edəcəyini bildirdi: “Azərbaycanlı xanım olaraq mən həm Azərbaycan, həm də Türkiyənin, qardaş məmləkətdən seçiləcək oğlan iştirakçı da həmçinin həm Türkiyə, həm də Azərbaycan adından səhnəyə çıxacaq. Mənimlə Sofiyaya kimin gedəcəyini kiçik bir sürpriz kimi sirr olaraq saxlamaq istərdim”.

Qeyd edək ki, illərdir Türkiyədə fəaliyyət göstərən Günay Musayeva sonuncu dəfə “Best Model of the world Azerbaijan 2011” müsabiqəsinin qalibi olub.