Keçənlərdə bir xəbər keçdi qəzet səhifələrindən, amma nədənsə çox diqqət çəkmədi. Oysa xəbər yetərincə ilginc idi, orada deyilirdi ki, 2010-cu ildə Azərbaycana gələn turistlərin 80 faizinin məqsədi şəxsi, yaxud biznes işləri olub. Yəni onları bu ölkəyə nə istirahət və əyləncə arzusu, nə də bu ölkənin tarixi və təbiəti ilə tanış olmaq ehtiyacı gətirib. Adamlar şəxsi və biznes işlərini aşırmaq üçün gəliblər, bizim “bir əldə iki qarpız naziri” – mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də həmən onları “turist” kimi siyahıya alıb.
Məsələn, mən indi əminəm, bunlar 2010 seçkilərini müşahidə etmək adı ilə gələn MDB müşahidə missiyasını da turist kimi öz statistikalarına soxuşdurublar. Amma missiya üzvlərinin biznes üçün gəldikləri başından bəri bəlli idi, gəldilər, saxta seçkiyə ədalət donu geyindirib, sonra da ciblərini doldurub qayıtdılar.
Ya da məsələn, Oljas Süleymenov. Adam keçən il ərzində Azərbaycana bir neçə dəfə gəlmişdi, yəqin hər dəfəsində Əbülfəs Qarayev onu da “turist” kimi qeydə alıb. Ümumiyyətlə, Oljas müəllim sağ olduğu müddətcə Azərbaycana bir turist gəlməsə belə, dərd eləməyə dəyməz. “Az i Ya”nın müəllifi təkbaşına Azərbaycanın turizm planını doldurmağa qadirdir. Bu adam həftə səkkiz, mən doqquz Bakıdadır, gəlir, birbaşa gedir Fəxri Xiyabana, bir ağız dombalır orda, sonra dönür Prezident Administrasiyasına, Ilham Əliyevin qoltuğuna iki qarpız verir, haqqını alır, dönür vətəninə. Burda öskürəyinin iyisi burnumuzdan çəkilməmiş, bir də baxırıq nə? Adam yenidən Azərbaycandadır!
Ümumiyyətlə, Oljas Süleymenovun bu hakimiyyəti qaz kimi yolmaqda tayı-bərabəri yoxdur, hətta mən gözləyirəm ki, cənab Süleymenov tezliklə “Qaz i ya” adlı yeni kitab yazsın.
***
Nə isə mövzudan çox uzaqlaşmayaq. Bəli, Ilham Əliyev rejimi öz aləmində 2010-cu ili “turizm ili” elan edib, ölkəyə girib-çıxan hər kəsi də “turist” kimi qeydə alıb, “pripiska”yla məşğuldurlar. Əslində bunların “Azərbaycanda turizmi inkişaf etdirməkdə” nə qədər maraqlı və həvəsli olduqları aylar əvvəl iki jurnalistin intim görüntülərini bir hoteldə gizli kamera ilə çəkib sonra “Lider”lə el-aləmə göstərmələrindən bəllidir. Bundan sonra hansı ağlı başında olan adam Azərbaycana turist səfərinə gələr? Siz olsanız, gələrsinizmi?
Bu gün bir az da irəli gedirəm: Ilham Əliyev rejimi var olduğu, bu rejimin faşist mahiyyəti qaldığı müddətcə buraxın turizmi, ölkədə turizmin “t”si belə olmaz!
Baxın: məmləkətdə hüquqsuzluq diz boyu… Qanunlar kağız parçasına çevrilib… Rüşvət və korrupsiya xirtəkdən… Oğurluq, quldurluq, talançılıq dövlət siyasəti… Azadlıqlar sıfır… Addımbaşı dolandırıcılıq, addımbaşı yalan… Addımbaşı ədalətsizlik, addımbaşı mənəviyyatsızlıq… Və məmləkətdə hər kəs bütün bu iyrəncliklərdən, çirkinliklərdən qurtulmaq üçün baş götürüb ölkədən getməyə fürsət axtararkən, siz Azərbaycana turist gətirəcəksiniz, eləmi? Ovcunuzu yalayarsınız. Sizin öz vətəndaşlarınız ölkədən qaçmağa fürsət axtararkən başqa ölkələrdən bura turistlər hansı məntiqlə gəlsin ki?
***
Bu gün bu məmləkətin təkcə 2 milyon insanı bir qarın çörək üçün Rusiya çöllərində əsir-yesirkən, bu məmləkətin qadınları acından ölməmək üçün Dubayın, Bodrumun, Izmirin hotellərində can alverinə çıxmışkən, nə turizmbazlıqdır Allah eşqinə! Iş və çörək arxasınca yad ellərə səpələnmiş milyonlarca vətəndaşının indiyədək bircəciyini belə, geri gətirməyə bacarığı, qabiliyyəti çatmayan bir iqtidar bu ölkəyə turisti necə gətirəcək? Bu ölkə yalnız bir halda öz qucağını dünyanın hər köşəsindən, hər millətindən qonaqlara, turistlərə rahat-rahat aça bilər: öncə bu ölkədə hüquq olsun, azadlıqlar olsun, oliqarxiya və monarxiya bitsin, sərbəst iqtisadiyyat olsun, dövlət güvən və etibar qazansın, orta çağ zehniyyəti yerini çağdaşlığa, modernizmə versin, beləcə, zalımın zülmündən qurtulmaq üçün ölkədən gedənlər gəlsin! Mühacirlər gəlsin.
Ondan sonra turistlər onsuz da gələcəklər. Həm də çala-oynaya gələcəklər.