Yazıçılar arasında qalmaqal böyüyür

AYB sədri, xalq yazıçısı Anarla Azərbaycanın digər xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arif arasında söz polemikası yaşanıb. Xatırladaq ki, Şamo Arif mətbuatda çıxış edərək xalq yazıçısı Anarın valideynləri, Azərbaycanın xalq şairi Rəsul Rza və Nigar Rəfibəylidən danışıb. Belə məsələlərin mətbuat səhifəsində işıqlandırılmasına qınayıcı cavab çox da gecikməyib. AYB mətbuat xidmətinin sözçüsü  Ədalət Əsgəroğlu məsələyə dərhal və kəskin cavab verib. Bunun ardından isə Milli Məclisin deputatı Hüseynbala Mirələmov həmin mübahisəyə qoşularaq Süleyman Rəhimovun ünvanına sərt ittihamlar səsləndirib. Bir sözlə, məsələ dərinləşib. Biz də öz növbəmizdə Azərbaycan ziyalılarının belə dartışmasına həmkarlarının münasibətini öyrəndik.

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Azərbaycanın iki böyük sənətkarı və ədəbiyyat adamının sözügedən səpkidə dartışmasına təəssüfləndiyini bildirdi. Bu mənada Şamo Arifi daha çox qınayan Aqil Abbas onun ötüb-geçənlərə dönə-dönə qayıtmasını müsbət qarşılamadı: “37-ci il və ondan əvvəllər də insanların müəyyən səhvləri vardı. Misal üçün, Mikayıl Müşfiq Səməd Vurğun və başqaları haqda donoslar yazıb, lakin buna baxmayaraq, biz Müşfiqi poeziyasına görə qəbul edirik. Necə deyərlər, bütün yaradıcı insanları məhz sənətinə görə qəbul edirik. Ona görə də belə məsələləri gündəmə gətirmək mənasızdır. Ötüb keçmək lazımdır. Süleyman Rəhimov Azərbaycanın xalq yazıçısıdır, həmçinin xalqın ürəyində bir Nigar Rəfibəyli, Mirvari Dilbazi kimi şairələr yaşayır. Onların üzərinə kölgə salmaq, aşağılamaq qəbuledilən deyil. Bir-birinin əsərləri barədə danışmaq, hətta müzakirə də açmaq olar, amma keçmişə, yaşanıb-keçənlərə qayıtmağa çox pis baxıram”.
H.Mirələmovun məlum çıxışına münasibət bildirən Aqil Abbas onu yaxından tanıyan şəxs kimi, buna təəccüb etdiyini deməklə yanaşı, proseslərə səbr və soyuq başla yanaşmağı daha düzgün saydığını dedi. O, kimsənin bir-birini təhqir etməyə haqqı çatmadığını da vurğuladı. A.Abbas Nəbi Xəzrinin Süleyman Rəhimovu vurub qaçması kimi fikirləri də absurd adlandırdı.

Mövqeyini öyrəndiyimiz millət vəkili Sabir Rüstəmxanlı da ziyalıların mətbuatda bu şəkildə yazılarla çıxış etməsinə təəssüfləndiyini bildirdi.

Tanınmış yazıçı Pərviz Cəbrayılın qənaətincə, Şamo Arifin məlum məqaləsi yerinə düşməyən və ya gecikmiş sayılmalıdı: “Yəni, əlində hansısa faktlar olan adam bunu vaxtında bildirməli, ədəbi ictimaiyyəti məlumatlandırmalıydı. Çünki haqqında danışılan şəxslər sıradan adamlar deyil, Xalq yazıçılarıdı. Adının qarşısında ”xalq” sözü yazılan şəxslərlə bağlı informasiya da xalqa açıq olmalıdı. Ancaq vaxtilə Anarla çox gözəl münasibətləri olan şəxs “bildiklərini” gizlədibsə, sonradan ara sərinləyəndə bunları açıqlayıbsa, bu, hətta hansısa donosdan da təhlükəlidi. Bildiyini yaxşı münasibətə görə gizlədib, xətrinə dəyiləndə dilə gətirən adam mənə görə, sağlam təfəkkür, əqidə yiyəsi deyil. Həqiqət hər zaman həqiqətdi, ancaq onu vaxtında deməyəndə həqiqiliyi ikinci dərəcəli olur. Bunlar mənə aydındı, ama Hüseynbala Mirələmovun canfəşanlığını, “qaza basmasını” anlamıram, daha doğrusu, anlayıram. Bu, ziyalı yanaşması deyil, bir daha yazıçı olduğuna özünü və başqalarını inandırmaq cəhdidir. Yaxşı olardı ki, Mirələmov, ümumiyyətlə, özünə aid olmayan, yəni, ədəbiyyatla bağlı məsələlərə qarışmasın”.

Nigar